“Zəngəzur dəhlizi reallığa çevrilir

 

İlham Əliyev İƏT-ə üzv ölkələri bu dəhlizdən istifadə etməyə çağırmışdır

 

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində keçirilən tədbir və görüşlərin əksəriyyətində Azərbaycanın nüfuzuböyük qələbəmizə bəslənilən rəğbət aydın hiss olundu. Bir daha göründü ki, Azərbaycan dərin iqtisadi islahatlara və davamlı sülhə sədaqətini qoruyan dövlətlər sırasındadır.

Toplantı çərçivəsində İlham Əliyevin Türkiyə, Pakistan, Türkmənistan, Tacikistanİran İslam Respublikası prezidentləri ilə keçirdiyi görüşlərin hamısında qarşılıqlı münasibətlərin hətta son bir neçə ay ərzində belə fərqli tərzdə dəyişməsinin şahidi olduq. Qələbəmizin birinci ildonümündən sonra baş tutan Zirvə toplantısı göstərdi ki, artıq bütün dövlətlərin liderləri Azərbaycanla iqtisadi əlaqələrin və dostluq münasibətlərinin daha dərindən qurulmasında və müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdırlar.

Xəbər verildiyi kimi, Zirvə toplantısında mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılmış, enerji və nəqliyyat məsələləri müzakirə edilmişdir. Azərbaycanın postmünaqişə dövründə Cənubi Qafqazda gedən siyasi proseslərdə aparıcı rolu danılmaz fakt kimi təsdiqlənmişdir. Bu baxımdan dövlətimizin başçısının İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü iki qonşu ölkə arasında münasibətlərin daha etibarlı mərhələyə yüksəldiyini təsdiq etdi. İran Prezidenti iki ölkə xalqlarının ürəklərinin bir döyündüyünü, dostluğumuzu gücləndirən tarixisivilizasiya birliyinin mövcudluğunu vurğalayaraq dedi ki, başqalarının bizim münasibətlərimizə müdaxilə etməsinə imkan verməməliyik.

Görüşdə Azərbaycan ilə İran arasında “Şimal-Cənub” nəqliyyat, həmçinin Zəngəzur dəhlizləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da ondan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə etmə imkanları vurğulanmış, habelə Azərbaycan, Rusiyaİran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilmişdir. Eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanmışdır.

 Prezident İlham Əliyev İranın kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bundan sonra İran-Azərbaycan əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyini bildirmişdir: “Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadienerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.

Seyid İbrahim Rəisi isə iqtisadi əlaqələrin İran üçün nə dərəcədə önəmli olduğunu belə qeyd etmişdir: “Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, ikiüç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq bu əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir”.

Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşündə isə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqe xüsusi qeyd olunmuş, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Yeri gəlmişkən bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğulayaraq demişdir: “Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür”.

Prezident İlham Əliyev toplantıdakı çıxışında son 18 il ərzində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ümumi daxili məhsulun üç dəfədən çox artdığını diqqətə çatdırmış, genişmiqyaslı islahatların Azərbaycanda münbit sərmayə iqlimini yaratmağa imkan verdiyini bildirmişdir:Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun sadəcə 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq”.

Dövlət başçısı daha sonra Azərbaycanın nailiyyətlərinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır: “Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir”.

Prezident 30 illik işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrimizin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini bir daha Zirvə toplantısında dilə gətirmişdir: Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etmişdir. Burada yüksək texnologiyalara əsaslanan “ağıllı” şəhərlər, kəndlər, kənd təsərrüfatı layihələri reallaşdırılır. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat Günəş və 2000 meqavat külək enerjisidir. Dövlətimizin başçısı çıxışında incə bir məqama toxunmuşdur: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan. - 2021.- 5 dekabr.- S.4.