Ali Baş Komandanımıza,
xalqımıza, ordumuza yaraşan
Zəfər!
Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində
Qarabağımızı işğaldan azad etməklə həm də dünyaya
XXI əsrin müharibəsindən necə qalib
çıxmağın yollarını öyrətdi
Azərbaycan az qala 30 illik həsrətdən sonra, nəhayət, işğala son qoydu və Ermənistanı həm hərb meydanında, həm də siyasi arenada məğlub etdi. 44 günlük Vətən müharibəmizin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu: işğala, haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın.
Və layiq olduğumuz Zəfər çalındı! Xüsusilə, 8 noyabr tarixli şanlı Şuşa qələbəmiz və sonrakı gün 72 kəndin işğaldan azad olunması ermənilərin belini qırdı. Onlar təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsini siyasi müstəviyə daşıdı.
Hərbi uğurumuzu bərkidən əsas amillərdən biri də uzun illər ərzində davam etdirilən diplomatik mübarizəmizdir. Bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində dövlətimiz tərəfindən böyük işlər aparıldı. Həmin işin nəticəsini həm biz, həm də dünya gördü. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və haqq işimizi BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar dəstəklədi.
Münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı. Ermənistan tərəfinin xüsusilə son 2 il ərzində təxribatçı addımları, bəyanatları və hərəkətləri isə müharibədən başqa çıxış yolu qoymurdu.
Azərbaycan xalqı problemi özü həll etmək məcburiyyətində idi. Ordumuz cəbhədə, döyüş meydanında qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz doğma yurdlarına qayıtsınlar. Və ordumuz bunu cəmi 44 günə etdi. Şanlı Qələbə qazandı. Bundan cəmi bir ay sonra isə 10 dekabr tarixində Zəfər paradımız keçirildi. Azərbaycan döyüş meydanında əldə etdiyi Zəfərə uyğun olaraq möhtəşəm təntənə ilə parad keçirdi və əldə etdiyi Qələbəni qeyd etdi.
Zəfər bayramı isə xüsusi olaraq emosional bir şəkildə, coşqu ilə yaşandı. Çünki uzun illərdən bəri bu bayramın həsrətini çəkirdik. Hər birimiz paradda böyük qürur və fəxarət hissi ilə qalib Azərbaycan əsgərinin keçidini gördük, Ali Baş Komandanımızın nitqinə qulaq asdıq və möhtəşəm bir gün yaşadıq.
Zəfər paradımızla, ümumiyyətlə, qələbəmizlə erməni miflərinə də son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də illərdir kök salmış erməni mifini darmadağın edib. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan igidləri qarşısında duruş gətirə bilmədi. Azərbaycanda isə heç bir dənə də fərari yox idi. Yaralı əsgər və zabitlərimiz hətta hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına.
Bu müharibə ilə Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı Ali Baş Komandanımız, Ordu və Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir. Biz bu şanlı tarixə 44 günlük səbir, dəyanət, cəsarət və qətiyyətlə nail olduq. Əslində müharibəni elə ilk gündən qazandıq: şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...
Sevindirici haldır ki, azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə davam edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməli atılır. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Torpaqlarımızın bərpası prosesində innovativ texnologiyaların tətbiqi sayəsində az bir zamanda vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, yaşayıb yaradacaqlar.
Malik MUSTAFAYEV
Azərbaycan.-
2021.- 5 dekabr.- S.5.