Azərbaycanın qüdrəti beynəlxalq birlik tərəfindən də etiraf olunur

 

 

“Azərbaycan təmsil olunduğu beynəlxalq və regional təşkilatların işində fəal iştirak edir, mühüm töhfələrini verir. Dünya dövlətləri də etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirirlər. Bu gün ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artmaqdadır və bu istiqamətdə nəhəng layihələr icra olunur. Azərbaycanın fəal təmsil olunduğu regional subyektlərdən biriİqtisadi Əməkdaşlıq Təşkilatıdır” - bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Ölkəmizin təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayan deputat qeyd edib ki, 2006-cı və 2012-ci illərdə İƏT-in Zirvə toplantıları Bakıda təşkil olunub. Bu tədbirlərdə üzv dövlətlər arasında sosial-iqtisadisiyasi əlaqələrin əsas prinsiplərini, regional münasibətlərin perspektivlərini müəyyən edən mühüm qərarlar qəbul olunub. Həmçinin Azərbaycan üzv dövlətlərlə ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə də aktiv əməkdaşlıq edir.

AHİK sədri bildirib ki, noyabrın 28-də Aşqabadda keçirilən İƏT-in XV Zirvə görüşü bir sıra əhəmiyyətli məqamları ilə yaddaqalan oldu: “Tədbirdə çıxış edən Prezident İlham Əliyev üzv dövlətlərlə həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə faydalı əməkdaşlıqdan, eləcə də ölkəmizin iqtisadi potensialından bəhs edib. Aydın şəkildə görünür ki, məqsədyönlü, effektli islahatlar nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişafa nail olunub. Bunu nüfuzlu beynəlxalq qurumların reytinqləri də təsdiqləyir. Bütün dünyanı bürüyən və ağır iqtisadi fəsadlar törədən pandemiya şəraitində dayanıqlı iqtisadiyyata sahib olmaq ölkəmizin iqtisadi qüdrətini göstərir”.

S.Möhbalıyevin sözlərinə görə, pandemiya ilə mübarizə şəraitində Azərbaycanın sərgilədiyi mövqeqlobal xarakterli təklifləri, bu istiqamətdə neqativ məqamları gündəmə gətirməsi bir daha ölkəmizin etibarlı və məsuliyyətli dövlət olduğunu göstərdi: “Təkcə bunu qeyd etmək kifayət edər ki, ilk gündən Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə oldu, bütün ölkələr üçün bərabər imkanların təmin olunmasına çalışdı. Baxmayaraq ki, ölkəmiz peyvəndləməyə başlayan ilk ölkələrdən biridirbu proses pulsuz həyata keçirilir”.

“Ermənistanın uzun illər davam edən işğal siyasətinin mənfi nəticələri region dövlətlərinə də təsirsiz ötüşmürdü. Bunu bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar daha aydın göstərir. Bu istiqamətdə Azərbaycanın irəli sürdüyü layihələrin miqyası göstərir ki, region dövlətləri, o cümlədən İƏT-ə üzv dövlətlər də bundan faydalanacaqlar. Həmçinin açılması şübhə doğurmayan Zəngəzur dəhlizi region dövlətləri üçün daha əhəmiyyətli görünür”, - deyə Milli Məclisin deputatı S.Möhbalıyev əlavə edib.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2021.- 1 dekabr.- S.6.