Qarabağın yolları Azərbaycanı
yeni yüksəlişə aparır
İşğaldan azad olunmuş ərazilərimizdə
yol tikintisi sürətlə
davam edir
2021-ci il xalqımızın tarixində həm də 30 il düşmən tərəfindən sökülmüş, dağıdılmış, talan edilmiş doğma Qarabağımızın bərpasının vüsət aldığı il kimi qalacaq. Bu ilin salnaməsinə həmçinin işğaldan azad edilmiş bölgələrimizə çəkilən yeni yolların təməlinin qoyulduğu, bəzilərinin isə artıq istifadəyə verildiyi günlər də yazılacaq.
Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası ölkəmizin yol infrastrukturunu da müasirləşdirdi. Yollarımız şaxələnib ən ucqar kəndlərimizədək çatdı. Bir sözlə, 2004-cü ildən başlayaraq Azərbaycanda hər il 1000 kilometr yeni yol çəkildi, yaxud köhnə yollar əsaslı surətdə yenidən quruldu. Yolların vəziyyəti yenə də daim dövlətin diqqət mərkəzindədir. Çünki yolların yüksək səviyyədə olması insanların rahatlığına və ölkənin sosial-iqtisadi inkişafına xidmət edir. Təsadüfi deyil ki, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə də yeni yolların çəkilişindən başlandı.
Bunlardan biri Zəfər yoludur. Bu, qalib Azərbaycan Ordusunun ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən yoldur. Bu yol öz qanları ilə şanlı tarix yazan oğulların qəhrəmanlığının şahidi olduğundan həm də rəmzi məna, mənəvi önəm daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu yolu Zəfər yolu adlandırıb. “Zəfər yolu”nun inşası dövlət başçısının daimi nəzarəti altında icra olunub və qısa vaxtda həyata keçirilib.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101,5 kilometrlik Zəfər yolu Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət etdiyi üçün də müstəsna əhəmiyyətə malikdir. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq gerşəkləşdirilib. Bu yolun tikintisi Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası, Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya bir daha göstərdi. Cari il noyabrın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinə səfər zamanı yolun açılışını etdi.
Mühüm əhəmiyyət daşıyan yollardan biri də Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Yolun texniki göstəriciləri onun uzunluğunun 81,6 kilometr olmasından, 1-ci texniki dərəcəliyindən, 4 hərəkət zolaqlılığından ibarətdir. Burada indiyədək xeyli iş görülüb. Hazırda başlanğıcından 17-ci kilometrinədək, 26-44, 51-52, 58-63, 70-71-ci kilometrlərində torpaq yatağının tikintisi, 1, 27, 34, 37 və 50-ci kilometrində körpülərin, 80-ci və 81-ci kilometrində tunellərin və alt keçidlərin tikintisi aparılır.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən daha biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən keçməklə çəkilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Yolun 16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Bu il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Dövlət başçısı tunelin təməlini qoydu.
Hazırda Toğanalı kəndində 7 kilometr yolda asfalt-beton örtük tikilib, 48 kilometr mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib. Yolun 14 klometrlik hissəsinə asfalt-beton döşənib. Murovdağ tunelində qazma işləri davam etdirilir.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Bu ilin avqust ayında Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyarkən demişdir: “Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, - eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq”.
Hazırda Kəlbəcər-Laçın avtomobil yolunda torpaq yatağının tikintisi işləri 10 faiz icra olunub.
Qarabağın və Şərqi Zəngəzurun digər yollarının tikintisi də uğurla davam edir. Kəlbəcər və Laçın rayonlarının ərazisində 30 kilometrlik yol infrastrukturu qurulur. 123,8 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun ayrı-ayrı hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17, boru və keçidlərin tikintisi 12, körpülərin inşası 10 faiz tamamlanıb. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu isə 70,4 kilometr məsafə boyu uzanacaq. Yolun Qubadlı-Laçın və Xanlıq istiqamətlərindəki bir sıra hissələrində torpaq yatağı tikilib, körpü tikintisi və topoqrafik işlər davam edir.
Tikilməkdə olan 26 kilometrlik Qubadlı-Eyvazlı, 43 kilometrlik Şükürbəyli-Cəbrayıl-Hadrut, 13 kilometrlik Füzuli-Hadrut, 45 kilometrlik Bərdə-Ağdam avtomobil yolları da bu bölgələr arasında sıx əlaqə yaradacaq. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu 22 kilometr qət edərək məsafə boyu yerləşən çoxsaylı yaşayış məntəqələrini birləşdirəcək.
Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni bir həyat gətirəcək. 30 il əvvəl bu yerləri göz yaşı ilə tərk etməyə məcbur olanlar indi sevinclə öz yurd-yuvalarına dönəcəklər. İşğaldan azad olunmuş bölgələrimizdən uzanan yollar digər şəhər və kəndlərimizin yollarına qovuşaraq Azərbaycanın daha böyük inkişaf və tərəqqisinə dəstək verəcək.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 1 dekabr.- S.7.