Azərbaycan neft-qaz
sahəsində cari ili
də uğurlarla yola
salır
Ölkəmizin
yaratdığı beynəlxalq tərəfdaşlıq
platforması daha da
möhkəmlənib
Neft-qaz diyarı kimi son dövrlər şöhrəti daha da artan ölkəmiz üçün 2021-ci il də uğurlu olub. Dənizdəki və qurudakı karbohidrogen yataqlarından hasilat ahəngdar davam edib. İxrac marşrutları fasiləsiz və təhlükəsiz işləyib. Yeni layihələrə start verilib. Bunları bir neçə layihə çərçivəsində həyata keçirilən işlərin timsalında da aydın görmək olar.
2020-ci ilin son günündə istifadəyə verilən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) üçün 2021-ci il, əslində, birinci fəaliyyət ili olub. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan, ölkəmizdən Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz tədarükünü həyata keçirəcəyi nəzərdə tutulan bu kəmər il-boyu ilk, həm də böyük uğurlara imza atıb. Hətta Dubayda keçirilən “Gas tech Awards-2021” mərasimində “İlin təbii qaz, LNG və ya hidrogen layihəsi” kateqoriyasında qalib elan olunub. Qeyd edək ki, hər il keçirilən qlobal “Gastech” konfransı ərəfəsində təşkil olunan “Gastech Awards” mükafatları şirkətlərin və təşkilatların təbii qaz sektorundakı üstün nailiyyətlərinə görə verilir.
TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsinin ayrılmaz hissəsi olan TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) qəbul edir. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
Xatırladaq ki, TAP xətti İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır. Prezident İlham Əliyev “Cənub qaz dəhlizi”nin, o cümlədən TAP-ın perspektivlərinə toxunaraq demişdir: “Azərbaycan qazı artıq Avropa bazarındadır. Əlbəttə ki, bizim böyük layihə olan “Cənub qaz dəhlizi”nin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq - xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir.”
Sentyabr ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku özünün 27-ci ildönümünü 4 milyardıncı barel neft hasilatı ilə qeyd etdi. Bu əlamətdar hadisə həm də AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha təsdiqlədi. Xatırladaq ki, AÇG layihəsi çərçivəsində hasilata 1997-ci il noyabr ayında “Çıraq” platformasından başlanıb. İndi - 24 il sonra da yüksək texnologiyalı 7 müasir platforma ilə birlikdə “Çıraq” AÇG yataqlarından hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməsində böyük rol oynamaqda davam edir.
2021-ci ilin ilk üç rübündə AÇG-dən hasilat gündə orta hesabla 461 min barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub. Belə ki, “Çıraq”dan gündəlik orta hasilat 29 min, “Mərkəzi Azəri” 109 min, “Qərbi Azəri” 115 min, “Şərqi Azəri” 77 min, “Dərinsulu Günəşli” 87 min və “Qərbi Çıraq” 44 min barel təşkil edib. Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilatı quyusu, 30 su və 8 qaz injektor quyusu istismarda olub.
Hazırda AÇG özünün doqquzuncu platformasının - “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində ilboyu tikintisi davam edən eyniadlı platformanın yolunu gözləyir.
Ən böyük qaz yatağımız “Şahdəniz” isə bu il yubileyini qeyd edib. “Şahdəniz”in işlənməsi, ümumiyyətlə, dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilən ən böyük və ən mürəkkəb layihələrdən biridir. 25 il əvvəl - 1996-cı ildə Hasilatın Pay Bölgüsü Sazişi imzalananda heç kəs təxmin edə bilməzdi ki, cəmi üç il sonra, yəni 1999-cu ildə layihə çərçivəsində dünyanın ən böyük qaz-kondensat yataqlarından biri açılacaq. İlkin hesablamalara görə, 1 trilyon kubmetrdən artıq qaz və 2 milyard barel kondensat ehtiyatı olan bu dünya səviyyəli yataq layihənin operatoru olan bp şirkətinin 110 ildən çox davam edən fəaliyyət tarixində açdığı ən böyük qaz yatağıdır. AÇG-dən sonra “Şahdəniz” yatağı Azərbaycanda ölkə iqtisadiyyatını daha da gücləndirmiş ikinci ən böyük birbaşa xarici investisiya gətirən layihədir.
“Şahdəniz”in Azərbaycanın tarixində ilk dəfə enerji resurslarımızı birbaşa Avropaya çıxarmaqda da rolu əlamətdardır. Azərbaycan dünya neft-qaz sənayesinin yarandığı ölkədir və iki əsrə yaxındır ki, dünyaya yanacaq ixrac edir, amma ilk dəfədir ki, Avropa bazarları ilə birbaşa bağlantısı var. Bu da “Cənub qaz dəhlizi”nin başlanğıcı olan “Şahdəniz”in sayəsində mümkün olub.
Yanvar ayında Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması hər iki ölkənin həyatında əlamətdar tarixi hadisə oldu. Bu hadisə dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə istiqamətləndiyi üçün Azərbaycan və Türkmənistan prezidentləri birgə işlənəcək karbohidrogen yatağına “Dostluq” adını verdilər. İmzalanan sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni səhifə açdı.
Qazaxıstanın “Sətti” qazma qurğusunun Azərbaycanda təkmilləşdirilib və burada fəaliyyətə başlaması da neft-qaz sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə aydın bir misaldır.
“Sətti” qurğusu
Qazaxıstan “KMG Drilling and Services” MMT-yə məxsusdur. 2019-cu ilin
yanvar ayında SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) və “KazMunayGaz” arasında
imzalanmış memoranduma,
eləcə də həmin ilin fevralında “Kaspian Drilinq Kompani Limited” MMC ilə “KMG Drilling and Services” MMT arasında bağlanmış
müqaviləyə əsasən,
bu qurğu KDK-nin etibarlı idarəetməsinə verilib.
Qazma qurğularının
tikintisi və təkmilləşdirilməsi üzrə
böyük təcrübəyə
malik KDK “Sətti”nin modernləşdirilməsini
də uğurla həyata keçirib. Təkmilləşdirilmə qurğunun texniki və istehsalat qabiliyyətini artırmış,
onun 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularını təhlükəsiz
və səmərəli
qazmasına imkan yaratmışdır.
Hazırda “Sətti” Xəzərin Azərbaycan sektorunda qazma əməliyyatlarına
cəlb olunub. Gələcəkdə
bu qurğunun Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda da istifadə ediləcəyi nəzərdə
tutulub.
Başa
çatmaqda olan 2021-ci il ölkəmizin neft-qaz sektorunda baş verən bir çox digər hadisələrlə də əlamətdar olub. Yataqlarda yeni quyular qazılıb və məhsul verib. Yeni əməkdaşlıq əlaqələri
üçün danışıqlar
aparılıb. Yeni görüşlər
keçirilib və müqavilələr imzalanıb.
Azərbaycan neftçisi yerin
təkindən, dənizin
dibindən çıxardığı qara qızıl və mavi yanacaqla ölkəmizin
iqtisadi gücünü
daha da artırıb.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 3 dekabr.- S.5.