Dmitri Kobitski: “MDB PA
ilə Milli Məclis arasında yüksək
səviyyəli əməkdaşlıq mövcuddur”
Dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitri Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri ölkəmizin beynəlxalq qurumlarla, o cümlədən MDB PA ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, Milli Məclisin deputatlarının beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirdiklərini diqqətə çatdırıb.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından və həmin ərazilərdə törədilmiş dağıntılardan söz açan Sahibə Qafarova bildirib ki, biz bu gün sülhdən, gələcək inkişafdan danışmaq istəyirik. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına birmənalı şəkildə əməl olunması region dövlətlərinin ümumi mənafelərinə xidmət edir. Sahibə Qafarova xalqımızın regionun gələcəyinə böyük ümidlərlə baxdığını söyləyib.
Söhbət zamanı parlamentin sədri MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ-nin) fəaliyyətini və institutun Bakı filialının gördüyü işləri müsbət qiymətləndirib. Qeyd edilib ki, institutun Bakı filialı MDB məkanında seçki, referendum kimi siyasi prosesləri yaxından izləyir, onların monitorinqində iştirak edir, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə layiqli töhfəsini verir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən MDB PA Şurası Katibliyinin rəhbəri Dmitri Kobitski başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldıqlarını söyləyib. Qonaq təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin dərinləşməsinə önəm verdiyini deyib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin MDB PA-nın tədbirlərində fəal iştirakı, azərbaycanlı deputatların model qanun yaradıcılığına verdikləri töhfə MDB PA ilə Milli Məclis arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığı göstərir.
Dmitri Kobitski ölkəmizə səfər çərçivəsində MDB PA-nın DİMBİ-nin Bakı filialının yeni ofisində yaradılmış şəraitlə yaxından tanış olduqlarını, filialın əməkdaşları ilə söhbət etdiklərini, görülən işlərlə maraqlandıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, institutun mərkəzi ofisi ilə Bakı filialı arasında sıx əməkdaşlıq yaranıb.
MDB PA-nın DİMBİ-nin direktoru İvan Muşket başçılıq etdiyi institutun Bakı filialı ilə birlikdə gələcəkdə görüləcək işlər barədə fikirlərini bölüşüb.
Görüşdə
Rusiya Federasiyası ilə parlamentlərarası
əlaqələr üzrə işçi
qrupunun başçısı Nizami Səfərov, Milli Məclis
Aparatının rəhbəri Səfa Mirzəyev, MDB PA
Şurasının Baş katibinin
müavini - Milli Məclisin
MDB PA-da səlahiyyətli nümayəndəsi
Aydın Cəfərov, MDB PA DİMBİ-nin
Bakı filialının direktoru Teymur Muradov və digər
rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-
2021.- 7 dekabr.- S.5.