Heydər Əliyev adına...

 

BDÖZ hələ uzun illər Azərbaycana və regiona  fayda gətirəcək

 

Bu zavod sovet dönəmində SSRİ-nin başqa bir şəhərində tikilməli idi. O zaman Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin  uzaqgörənliyi, gərgin  mübarizəsi, siyasi  nüfuzu sayəsində  belə nadir bir müəssisənin Bakıda tikilməsi mümkün oldu.

Bu, uzun illərdir ölkəmizin  iqtisadi  inkişafına böyük töhfələr verən Bakı Dərin Özüllər Zavodu -  BDÖZ-dür. Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı  “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərmanı ilə BDÖZ-ə öz yaradıcısının - Ulu Öndərin adı verilib. Müəssisə bu adı şərəflə daşıyır.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, BDÖZ  nəinki Xəzər dənizi regionunda, həmçinin keçmiş sovetlər birliyinin digər hövzələrinin şelflərində də özüllərin və platformaların tikintisini təmin etməli idi. Zavodun inşa edilməsinə 1978-ci ildə başlandı. Onun əsas texnoloji avadanlıq və yükqaldırma mexanizmləri ilə təchiz olunmasında ETPM fransız firması və “DemaqAlmaniya şirkəti iştirak etdilər.

BDÖZ  tikildikcə ətrafında müvafiq infrastruktur yaradılırdı. Beləliklə, Sahil qəsəbəsində yaşayış evləri, uşaq bağçaları, məktəblər, texniki  peşə məktəbləri və ticarət  obyektləri  inşa  edildi. 1984-cü ilin aprel ayında zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı. 1985-ci ildə dərin özüllü platforma üçün birinci dayaq bloku BDÖZ-ün yanalma körpüsündən daşıma gəmisinə yüklənərək daimi nöqtəsinə göndərildi və orada quraşdırıldı.  Ümumiyyətlə, o vaxt müəssisənin istehsal gücü çərçivəsində bir sıra məmulat növlərinin buraxılışı nəzərdə tutulmuşdu ki,  bunlar 25 min tonluq dəniz stasionar platformalarının dayaq hissələri, 30 min tonluq payalar, 5 min tonluq göyərtələr idi.

1987-ci ildə BDÖZ-ün əsasında “Şelflayihətikinti” İstehsalat Birliyi təşkil olundu. İstehsalat birliyinin təyinatı Xəzər dənizinin şelf zonasında neft və qazın kəşfiyyatının başa çatdırılması və hasilatı üçün dərin dəniz platformalarının dayaq hissələrinin hazırlanması idi. Strukturun tərkibinə BDÖZ-dən başqa, bir neçə tikinti-quraşdırma, nəqliyyat, energetika idarəsi, təsərrüfat və ticarət müəssisələri daxil edildi.

2003-cü il yanvarın 24-də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə müəssisəyə keçmiş adının qaytarılması hamının ürəyincə oldu. Birliyin idarə və müəssisələri isə sex kimi BDÖZ-ün tərkibinə daxil edildi.

Qısaca ifadə etsək, bu zavod Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayə idi. Getdikcə müəssisə dənizin 200 metr  dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri olan konstruksiyaların istehsalı üzrə unikal imkanlara sahib oldu. Zavodun mövcudluğu  “Əsrin müqaviləsi”nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. “Əsrin müqaviləsi” imzalanmazdan əvvəl  burada  artıq dənizin 100-163 metrədək dərinliyindən neftqaz çıxarmaq üçün 11 stasionar  platforma  quraşdırılmışdı. 1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olanBritish Petroleum” (bp), “Petrofac”, “McDermott”, “Caspian Shipyard Company” LTD, “Star Gulf FZCO” şirkətləri ilə əməkdaşlığa başlayaraq keyfiyyətini yeni səviyyəyə qaldırdı.

BDÖZ-ün güclü istehsalat qabiliyyəti “BOS Şelf” şirkətinin gələcək uğurlarının əsas amillərindən oldu. Zavodun infrastrukturundan istifadə etməklə “BOS Şelfiri layihələrin həyata keçirilməsinə başladı. BDÖZ-ün operatoruna çevrildikdən sonra “BOS Şelfzavodda yenidənqurma işlərinə start verdi. SOCAR-ın “BOS Şelf” şirkətinin idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir.  Burada  Azərbaycan vətəndaşları ilə yanaşı çalışan xarici mütəxəssislərdən dəfələrlə eşitmişik ki, BDÖZ-ün möhtəşəmliyi onları heyrətə gəlirir və  belə  müəssisələrə  əvvəllər işlədikləri ölkələrdə tək-tək hallarda rast gəliblər.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, hazırda   “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında istismar olunan platformaların bir çox ən vacib hissələri bu müəssisədə tikilib. Zavod işlənməkdə olan digər yataqlarımız üçün də genişmiqyaslı tikinti-quraşdırma işləri  həyata keçiribbu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Tikdiyi ən müasir platfomalarla  bahəm  BDÖZ  özü də müasirləşir və təkmilləşir. Görülən işlərə müvafiq olaraq müəssisənin infrastrukturu genişləndirilir, modernləşdirilir.

BDÖZ-ün fəaliyyəti daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısı dəfələrlə müəssisədə olub, yeni  layihələrə xeyir-dua verib, görülən işlərlə,  burada  çalışanların  əməkhaqqı, dolanışığı ilə maraqlanıb.

2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev  BDÖZ-ün  25 illik yubileyi münasibətilə düzənlənən tədbirin sonunda jurnalistlərin suallarını cavablandırarkən   zavodun tarixini  bir daha xatırladı, əhəmiyyətini  vurğuladı: “Bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Burada deyildi, əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə də bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə, burada görülən işlərin sürəti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektoru uğurla inkişaf edir. Neft sektorunda əldə olunan nəticələr ancaq cənab Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi,   bu layihələr elə layihə olaraq qalacaqdı”.

Bu sözlərin heç bir şərhə ehtiyacı qalmır. Lakin qeyd etmək yerinə düşər ki, həmin  tədbirdən  artıq 18 il  ötürbu  dövr ərzində  Azərbaycan olduqca böyük inkişaf  yolu keçib. Bu yolda  Heydər Əliyev adına  BDÖZ   də ölkəmizlə qoşa addımlayıb, böyük nailiyyətlərə imza atıb. Zavodda  tikilən platformaların hasil etdiyi karbohidrogenlər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub qaz dəhlizi” və digər ixrac marşrutları ilə dünya bazarlarına yol açıb. İndi burada yeni nəhəng qurğular inşa edilir. Təkcə  2020-ci  ildə Prezident İlham Əliyev yeni layihələrlə bağlı iki dəfə müəssisədə olub.  Belə ki,   ötən  il  avqustun 10-da  BDÖZ-də  Prezidentin iştirakı ilə SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilmiş, “Qarabağ” yatağı üçün nəzərdə tutulmuş dayaq blokunun dənizə yola salınmasına start verildi. Dayaq bloku  yataqda neft-qaz kəşfiyyatı və hasilatı üçün quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədi ilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb.

Həmin il sentyabrın 19-da Prezident İlham Əliyev zavoddaAbşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi.

Hazırda    zavodda “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi layihəsinin 2050-ci ilədək uzadılması sazişi  çərçivəsində    “Azəri Mərkəzi  Şərqi” (ACE) platformasının  dayaq bloku tikilir.

Bəli, BDÖZ adi bir zavod deyil! Ulu Öndərin əvəzsiz yadigarlarından biridir. BDÖZ-ün Azərbaycanın həyatında və tarixində öz yeri var!Prezident İlham Əliyevin dediyi kimi: “Bu zavod hələ uzun-uzun illər işləyəcək, Azərbaycan üçün, bölgə üçün, region üçün çox mühüm işlər görəcəkdir!”

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.-7 dekabr.- S.8.