Ermənistana daha bir ağır zərbə

 

İƏT-ə üzv ölkələrin XV Zirvə toplantısının qətnaməsi də erməniləri məyus etdi

 

Türkmənistanın Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının noyabrın 28-də keçirilən XV Zirvə toplantısının qətnaməsi bir neçə məsələ baxımından diqqətçəkəndir. Zirvə görüşündə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi münasibəti ilə dövlətimizin başçısına təbriklər ünvanlandı.

Bununla yanaşı, sənəddə KTMT-yə üzv ölkələr həmin ərazilərdə yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Qarabağ və ətraf ərazilərin 28 ildən sonra 44 günlük Vətən müharibəsində işğaldan azad olunması bütün beynəlxalq tədbir və görüşlərdə - sammitlərdə və konfranslarda  birmənalı şəkildə təqdir olunur. Təcavüzkar Ermənistanın Cənubi Qafqazda alovlandırdığı “ocağ”ın söndürülməsi haqqın, ədalətin bərpası kimi dəyərləndirılir.

Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə yaradılan təşkilat 1985-ci ildə İƏT kimi yenidən qurulub.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyaların zamanı gəldikcə həyata vəsiqə qazanmasının, bu konteksdə tezliklə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı artıq şübhə doğurmur.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş IX Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar irəli sürülmüşdü. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanmışdı.

Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsinin əhəmiyyəti də çox böyükdür. Bu yeni nəqliyyat infrastrukturunun “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, üzv ölkələrin də bundan böyük fayda götürəcəyi barədə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, ölkəmiz son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat, logistika mərkəzlərindən biri olub. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Ərazilərin işğaldan azad olunmasından dərhal sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlərin salınması, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidentinin İƏT-də də qurucu lider kimi tanınmasına gətirib çıxardı.

Ən vacib məqamlardan biri də odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstan və Qırğızıstan prezidentləri Qarabağ Zəfərinə görə Azərbaycana təbrik ünvanladılar.

Bundan öncə, noyabrın 8-də isə Belarusun dövlət başçısı telefon vasitəsilə Azərbaycan Prezidentinə çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması münasibətilə öz təbrikini çatdırmış, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyini vurğulamışdı. Belarusun Prezidenti onu da qeyd etmişdi ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.

Bu mövqeləri ilə Ermənistanın son ümidini də fiaskoya uğratmış olan hər üç ölkə Vətən müharibəsi dönəmində prosesə zərrə qədər də müdaxilə etməmişdi. Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan öz ərazilərində müharibə aparır” deməsi isə KTMT-nin seyrçi mövqeyi ilə üst-üstə düşməsə də, qələbədən bir il ötdükdən sonra İƏT KTMT üzvləri ilə birlikdə haqqın və ədalətin təntənəsini rəsmi sənədlə təsdiqləmişdi.

Qəbul edilən qətnamədə “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” fikrinin öz əksini tapması həqiqətin qələbəsinin təntənəsidir.

Bu da onun təsdiqidir ki, Azərbaycanın öz ərazilərini beynəlxalq hüquq çərçivəsində işğaldan azad etməsi haqq işidir və buna dəstək verən ölkələrin sayı artmaqdadır. İşğalçıları narahat edən isə beynəlxalq toplantılarda Emənistanın adının çəkilməməsidir.

Azərbaycan Prezidentinin müharibənin səbəb və nəticələri ilə bağlı fikirlərini, fakt və arqumentlərini səbirlə dinləyənlər Ermənistan adından danışan baş nazirinə etika xətrinə qulaq asmağa məcbur görünürlər. Onu da qeyd edək ki, təbrik edən ölkələrin 3-ü KTMT-nin üzvüdür.

Əlbəttə, bütün bunlar təcavüzkarlığının acı sonluğunu yaşamağa məhkum olan işğalçı Ermənistanın KTMT-də nüfuzunun  getdikcə azalması, bir sözlə, qoşulduğu təşkilatların götürdükləri öhdəliklərdən yararlanmağa üzü olmadığının bariz nümunələridir.

Həm 44 günlük savaşdan əvvəl, həm də müharibənin gedişində Ermənistan rəhbərliyi dəfələrlə KTMT-dən dəstək alacağı, təşkilatda Azərbaycan əleyhinə qərarların qəbul ediləcəyi barədə açıqlamalar vermişdi. Bu da gözlədiklərinin sonu: Azərbaycan Vətən müharibəsində olduğu kimi, bu gün də diplomatik müstəvidə təcavüzkarı layiq olduğu yerdə oturtmağa qadir olan siyasətini davam etdirir.

 İlham Əliyevin rəhbərliyi ilə hərb və sülh meydanında paralel fəaliyyətin uğurlu nəticəsi tam sübuta yetirildi. Hərb meydanında aldığı “dəmir yumruğ”un zərbəsinin ardından diplomatiya çərçivəsində əksər dövlətlərin haqqın yanında olması rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan isə dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda əbədi sülhün memarı olduğunu təsdiqləyir.

Bu da Ermənistana daha bir ağır zərbə: İƏT-in XV Zirvə toplantısının qətnaməsi də ermənilərə məhz  soyuq - “səssiz silah”dan açılan atəş təsiri bağışladı...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2021.- 7 dekabr.- S.8.