XX əsrin əvvəllərində dövri
mətbuat Nizami Gəncəvi haqqında
Klassik irsimiz
Nizami Gəncəvi yaradıcılığı elə yarandığı dövrdən başlayaraq şeir bilicilərinin marağına səbəb olmuş, təzkirə, cüng və orta əsrlərdə tərtib edilən ədəbi toplularda əksini taparaq, geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Nizaminin müasirləri olmuş alimlər, filosoflar və şairin xələfləri onun hikmət və söz dünyasından böyük heyranlıqla bəhs etmişlər. XIII yüzillikdən etibarən ədəbi və elmi mühitin diqqət mərkəzində olan mütəfəkkir söz sərrafının şəxsiyyəti və bədii irsi XX əsrin ilk rübündə də ədəbi-ictimai fikrin üz tutduğu və Azərbaycanın dövri mətbuatında müzakirə olunan mövzulardan biri olmuşdur.
XX əsrin əvvəllərində ictimai-siyasi həyatda, milli şüurda yaranan oyanış mətbuata marağı artırmaqla bərabər, onun rolunu da xeyli yüksəltmiş və milli özünüdərk prosesində, cəmiyyətin düşüncə və təfəkkürünün formalaşmasında başlıca hərəkətverici qüvvəyə çevrilmişdi. Təsadüfi deyildir ki, Azərbaycan mətbuat tarixinin başlanğıcını məhz milli ictimai şüurun oyanması tarixi ilə bağlayırlar. Bu illərdə onun intişarı nəticə etibarilə Azərbaycan publisistika, satira məktəbinin və onların görkəmli nümayəndələrinin sonrakı inkişafına bir təkan olmuşdu. Bütün zamanlarda olduğu kimi, bu dövrdə Azərbaycanda işıq üzü görən mətbuat orqanları da ictimai təfəkkür və düşüncədə, ədəbi-bədii cameədə gedən proseslərin aydın ifadəsini əks etdirən bir güzgüyə çevrilmişdir. Mətbuatın xalqın həyatında və ictimai dünyagörüşündə oynadığı roldan bəhs edən professor Alxan Bayramoğlu yazır: “...Ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir”.
XX əsrin ilk illərində Azərbaycan ziyalılarını narahat edən məsələlərin ümumi mənzərəsini canlandırmaq üçün o dövrün mətbuat səhifələrində kifayət qədər materiallar vardır. Belə ki, bu illərdə Azərbaycan dövri mətbuatının kəsb etdiyi bir özəllik də xalqın intellektual ziyalılarının, ən çox da ədəbiyyat maraqlılarının tribunasına çevrilməsi, onları bir araya cəm etməsi idi. Ziyalıların vətənə, milli soy-kökə, xalqın ədəbiyyat və mədəniyyət örnəklərinə diqqətinin artması milli məfkurədəki oyanışdan xəbər verirdi. Sözügedən dövrdəki mətbuat nümunələrimizin nəzərdən keçirilməsi göstərir ki, həmin illərin ziyalıları ədəbi irsimizin, onun yaradıcılarının öyrənilməsinə, əsərlərinin qorunub mühafizə edilməsinə böyük önəm vermişlər. Bu baxımdan XX əsrin birinci rübündə Azərbaycan mətbuatında Nizami Gəncəvi haqqında gedən yazılar da maraq doğurur.
Öncə qeyd edək ki, söhbət dövri mətbuatdan getdiyindən, təbii olaraq, burada şairin yaradıcılığına elmi münasibətə çox az-az rast gəlirik. Daha çox ümumi ədəbiyyat məsələlərindən bəhs edən məqalələrdə Nizaminin ədəbi irsinə də qiymət verilir. Əgər şairin irsinin qorunması, məqbərəsinin təmiri məsələlərindən müəllim və ədəbiyyat həvəskarları, mətbuat və jurnalistika ilə bağlı adamlar bəhs edirdilərsə, bədii yaradıcılığının elmi qiymətləndirilməsi Salman Mümtaz, Cəfər Cabbarlı və adları Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığında böyük dəyərə malik bu kimi qələm sahiblərinə məxsus idi. Cəfər Cabbarlının “Kommunist” qəzetinin 1924-cü il 3-cü sayının “Xalq ədəbiyyatı həyatdan doğar” əlavəsindəki “Azərbaycan türk ədəbiyyatının son vəziyyəti” məqaləsində müəllif “Nizaminin yaratdığı romanları”n əsrlərlə bir-birini təqlid və təkrar edən ədəbi nümunələr içində fərqləndiyini qeyd edir. Azərbaycan türk ədəbiyyatının inkişaf yolundan və gələcək istiqamətlərindən yazan C.Cabbarlının fikirləri müasir dövrdə də aktuallığını saxlayır. “...Bü gün fars dilində gördüyümüz ədəbiyyat təkcə farsların deyildir. Onun sarsılmaz bir sütununu Cəlaləddin Rumi kimi böyük türk şair və filosoflarının farsca yazdığı “məsnəvi”lər təşkil etdiyi kimi, eynilə ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar da... ən qüvvətli fars yazıçılarının qüvvətli əsərlərilə rəqabət edə biləcək və bəlkə də bir çoxlarına üstün gələ biləcək, hətta bir çoxları üçün tərsinə olaraq, təqlid mənbəyi edəcək və etmiş olan Nizami, Xaqani kimi Azərbaycan türk ədibləri də vardır ki, bunları unutmaq olmaz. Bu gün bir Azərbaycan türk şairinin farsca yazdığı: “Han ey dili-ibrətbin, öz didə nəzər kon, han, eyvani-mədainra ayineyi-ibrət dan” kimi əsərlərinə ən qüvvətli fars şairlərinin nə qədər çalışsalar da, bu vaxtadək nəzirə belə yazmadıqları göz önündədir”, - deyən müəllif maraqlı və dəyərli elmi təhlillər aparır.
Salman Mümtazın “Kommunist” qəzetinin 1925-ci il 18 iyul nömrəsində əsasən şairə heykəl qoyulmasından bəhs edən “Şeyx Nizami” məqaləsində də şairin yaradıcılığına yüksək qiymət verilir: “...Qərb və Şərq alimlərinin tanıdıqları Əmir Xosrovların, Camilərin, Əlişirlərin, Füzulilərin pərəstiş etdikləri Azərbaycanın dahi ədibi olan böyük Nizamini... hər bir əsrin pişvaları pişva ədd edərək təqdir etmişlər və bu günə kimi kimsə onun “Xəmsə”sinə cavab söyləməmişdir. ...Bu şərafət azərbaycanlılara aiddir”. Tədqiqatçı alim məqaləsinin sonunda Nizami Gəncəvi haqqında ayrıca bir kitabça yazdığını və yaxında nəşr olunacağını da bildirir. Lakin bu kitabın sonrakı taleyi haqqında əlimizdə heç bir məlumat yoxdur.
Yeri gəlmişkən, Nizami Gəncəvinin türbəsinin təmiri və bərpası məsələsi mətbuatda geniş müzakirə olunmuşdur. Yazıların əksəriyyətində ziyalılarımız əsasən şairin türbəsinin və qəbrinin acınacaqlı vəziyyəti, onun bərpa təşəbbüsləri, görülən və planlaşdırılan işlərlə bağlı məsələlərdən bəhs edir, ən çox da bu işə qarşı göstərilən laqeydlik və biganəlikdən şikayətlənir, “şairi özlərinə qazanc yolu”na çevirənləri kəskin tənqid edirdilər. Onu da qeyd edək ki, bu məsələ XX əsrin ilk illərindən ta birinci rübün sonunadək aktual olaraq qalmışdır. Belə məqalələrdən Ələkbər bəy Rəfibəyovun rus dilində yazdığı “Redaksiyaya məktub”(1909), Mirzə Məhəmməd Axundovun “Məktub” (“Tərəqqi”,1909), M.Mirbağırzadənin “Şeyx Nizaminin qəbri” (“Kommunist”, 1923), “Nizami” (“Yeni fikir”, 1923), Unudulmuşun (Əli Razi Şamçızadə) “Bədbəxt şair” (“Kommunist”, 1924), Şərif Bilalzadənin “Unudulmuş yoldaşa cavab” (“Kommunist”, 1924), İlyas Şeyxzamanovun “Şeyx Nizami haqqında” (“Kommunist”, 1924) və sair məqalələri göstərmək olar.
Qeyd edək ki, ziyalılarımız onları ciddi narahat edən bu məsələyə bilavasitə həsr edilməyən yazılarda belə, hər fürsət düşdükcə toxunmuş, onu ədəbi ictimaiyyətin daim diqqət mərkəzində saxlamışlar. Məsələn, Mirzə Məhəmməd Axundovun “Molla Nəsrəddin” jurnalının 1908-ci il 2-ci sayında “Mollapərəst” imzası ilə yazdığı “dövlətlilərin ciblərindən də dərin” zəka sahibi olan mollaların halətindən bəhs edən satirik “Gəncədən” sərlövhəli yazısında oxuyuruq: “Ay Molla əmi! Səni and verirəm Şeyx Nizaminin atlar ayağının altında qalmış qəbrinə, üçüb dağılmış künbədinə, gəncəlilərin bu künbədi tikdirmək üçün olan himmət və qeyrətlərinə ki, mənim bir neçə kəlmə sözümü jurnalda yazıb, ona cavab verəsən”. Göründüyü kimi, kinayə dolu bir cümlədə müəllif həm türbənin vəziyyətini, həm də Gəncə əhlinin bərpa təşəbbüsləri haqqında məlumat verə bilmişdir.
1909-cu ilin 23 yanvarında Mirzə Məhəmməd Axundovun “Tərəqqi” qəzetinin 17-ci sayında dərc edilən “Məktub” sərlövhəli yazıdan da məlum olduğu kimi, ziyalılar böyük şairin türbəsinin təmiri və bərpasına nail olmaq üçün mümkün olan vasitələrə əl atır, tamaşa qoyur, kitab nəşr etdirir, cəmiyyətlər yaradır, hətta imkanlı şəxslərdən - Hacı Zeynalabdin Tağıyev, Abbas bəy Qayıbov, İsmayıl bəy Tağıbəyov, zəngəzurlu Bəylər bəy Mirzəyev, Gəncə qubernatoru Qavalov, ağdamlı Paşa bəy Hacıyevdən və başqalarından vəsait də toplanılırdı. Və maraqlı, eyni zamanda təqdirəlayiq bir hal da odur ki, bu barədə mətbuatda ictimaiyyətə məlumat verilirdi. Yeri gəlmişkən, bu məsələ barədə mətbuatda ardıcıl və fəal çıxış edən Gəncə gimnaziyasının müəllimi Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə Əhməd Hacı Həsənzadənin mətbəəsində nəşr olunmuş “Şeyx Nizami” kitabçasının titul səhifəsində də yazılmışdı: “Kitabçadan vüsul olan pul təmamisilə Şeyx Nizaminin künbədinə sərf olunacaqdır”.
Sonrakı illərdə belə çıxışlar daha da intensivləşir. Şairin türbəsinin təmiri ilə bağlı yazılara keçməzdən əvvəl “Molla Nəsrəddin”in 1911-ci il 44-cü sayında Məşədi Sijimqulunun sanki ilin hesabatından ibarət olan “Ədəbiyyat” şeirində oxuyuruq:
Bizə verdi Gəncə cavanları təbşir
Ki ta olmuyalım küdurətli, dilgir.
Olundu Nizami nişahgahı təmir,
Rəvadır müsəlman edə fəxr amə.
Şeirdən aydın olduğu kimi, 1911-ci ildə şairin “nişangahı” təmir edilmişdir. Lakin görünür, bu təmir çox “üzdən və yüngülvari” olmuşdur deyə, 1920-ci illərdə “məqbərənin durumu məsələsi” yenidən gündəmə gəlmişdir.
Maraq doğuran yazılardan biri də “Unudulmuş” imzalı “bir ədəbiyyat məraqlısı”nın (Əli Razi Şamçızadə) “Kommunist” qəzetinin 1924-cü il 8 oktyabr tarixli (¹ 224) nömrəsində “Bədbəxt şair” sərlövhəli məqaləsidir. Müəllifin söylədiklərindən məlum olur ki, Şeyx Nizami türbəsinin bərpasına vəsait toplamaq məqsədilə o zamanadək 3 dəfə - 1906, 1914, 1922-ci illərdə cəmiyyətlər təşkil olunsa da, müəyyən miqdar vəsait toplansa da, əslində, heç bir iş görülməmişdir.
XX əsrin birinci rübündə Azərbaycanın dövri mətbuatında Nizami Gəncəvidən bəhs edən yazıların bir qismi də şairə abidə ucaldılması məsələsinin müzakirəsinə həsr olunmuşdur. Burada da iki cəbhənin təmsilçilərinin “savaşı”nı görmək mümkündür. Hətta məqalələrdən birinin (Əliabbas Müznibin məqaləsi) adı da məhz belədir: “Nizamiyə abidə lazımdırmı?” (“Kommunist”, sentyabr, 1925). Əbülhövl imzası ilə mətbuatda çıxış edən Süleyman Dadaş oğlu Məlikovun da “Molla Nəsrəddin” jurnalının 1925-ci il 44-cü sayında “Heykəl” başlığı ilə gedən məqaləsindən aydın olur ki, “məşhur Gəncəli Nizamiyə bir heykəl tikmək münasibətilə qəzetlərdə böyük məqalələr gedir və bu da bir çox mübahisələrə səbəb olur”du.
Salman Mümtaz “Kommunist” qəzetinin 1925-ci il 18 iyul nömrəsində çıxan və yuxarıda haqqında bəhs etdiyimiz “Şeyx Nizami” məqaləsində “böyük Şərq əazimi-şüəra fühuli-fəzlasından olan Şeyx Nizami Gəncəviyə heykəl tikilməsi və abidə qoyulması”nı hökumətin “asudələşdikcə çox mühüm və tarixi işlərdə göstərdiyi böyük müvəffəqiyyətlərindən” hesab edir. Salman Mümtazın məqaləsindən aydın olur ki, şairə abidə qoyulması təşəbbüsü 1922-ci ildə meydana atılmış, 1925-ci ilin iyun ayında isə komissarlar şurası tərəfindən təsdiq olunmaqla bərabər, ilkin olaraq yeddi min manat da pul ayrılmışdır.
Bir məsələni də qeyd edək ki, XX əsrin əvvəllərində Nizami ilə bağlı yazılara Tiflisdə, Rusiyada çıxan mətbuat orqanlarında da rast gəlinir. Bu sıradan Firidun bəy Köçərlinin 1901-ci ildə Tiflisdə çıxan “Kafkazskiy Vestnik”dəki “Literatura azerbaydjanskix tatar”, Vasili Vladimiroviç Bartoldun 1913-cü ildə “Zapiski Vostoçnoqo Otdelenie Russkoqo Arxeoloqiçeskoqo Obhestva”nın XXI cildindəki “Moqila pogta Nizami” məqalələrini xüsusi qeyd etmək lazımdır.
Beləliklə, XX əsrin ilk rübündə Azərbaycan dövri mətbuatında Nizami Gəncəvi haqqında gedən yazıların araşdırılması göstərir ki, bu dövrdə dahi şairdən bəhs edən ziyalılarımız əsasən şairin qəbrinin acınacaqlı vəziyyəti, baxımsızlığı, onun bərpası təşəbbüsləri ilə bağlı çıxışlar edir, yaradıcılığını təhlil baxımından isə o qədər də uzağa getmirdilər.
Təhminə BƏDƏLOVA,
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Azərbaycan.-
2021.- 7 dekabr.- S.10.