Nizamisevərlərin müqəddəs ünvanı

 

Nizami Gəncəvinin məzarı üzərində sərdabə Gəncədə XIII əsrin əvvəllərində inşa olunub. Həmin vaxtdan bu məkan əsrlərboyu təkcə yerli əhalinin deyil, həm də Şərqin görkəmli mütəfəkkirlərinin, nizamisevərlərin müqəddəs bildiyi ünvana çevrilib.

XVII yüzillikdən XIX yüzilliyin əvvəllərinə qədərki dövrdə Gəncə ərazisində, Şıx düzündə dəfələrlə baş verən müharibələr nəticəsində sərdabə qismən dağıntıya məruz qalıb. 1922-ci ildə dahi şairin Gəncə şəhərinin 7 kilometrliyində, Gəncə-Yevlax şossesinin sol tərəfində yerləşən məzarı yerli ziyalılar tərəfindən bərpa olunub.

1947-ci ildə böyük şairin məzarı üzərində möhtəşəm abidə ucaldılıb.

1981-ci ildə sovet Azərbaycanın rəhbəri, mədəniyyətimizin böyük himayədarı olan Heydər Əliyev tərəfindən Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında qərar imzalanıb. Ulu Öndər 2000-ci il mayın 24-də Gəncəyə səfəri zamanı dahi şairimizin məqbərəsi önündə söylədiyi nitqdə xüsusi vurğulayıb: “ Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələni qaldıranda - çünki onlarsız bu işi görə bilməzdik - dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illikola bilər. Amma 840 olmaz, çünki sonra deyəcəksiniz ki, 845, nə bilim, 847”. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik. Azərbaycanda, sonra Moskvada çox təntənə ilə keçirdik. O vaxt, yubiley ərəfəsində də qərar verdik ki, buradakı məqbərə yenidən qurulsun, Nizamiyə layiq bir səviyyəyə çatdırılsın. Mən məmnunam ki, bunu etdik”.

UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunub. Ölkəmiz ağır müharibə və siyasi böhran şəraitində yaşamasına baxmayaraq, Ukraynadan gətirilmiş qırmızı qranit daşlardanyerli tikinti materiallarından istifadə edilməklə ölkə əhəmiyyətli memarlıq abidəsi olan səkkizguşəli əzəmətli məqbərə yenidən qurulub.

Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması haqqında 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, şairin məqbərəsi yenidən qurulub, əsaslı şəkildə təmir olunub və dünyanın 40 ölkəsinin 150-dən artıq şərqşünas və nizamişünas aliminin, görkəmli dövlət və ictimai xadimlərinin iştirakı ilə Gəncə şəhərində möhtəşəm tədbir keçirilib. Bundan əlavə, Şıx düzü ərazisində yerləşən qədim Şıxzamanovlar qəbiristanlığında Nizami Gəncəvinin valideynlərinin məzarları aşkar olunaraq bərpa edilib. Böyük şairin 870 illik yubileyi münasibətilə məqbərəni əhatə edən 35 hektar ərazi başdan-başa abadlaşdırılıb. 50 mindən çox ağac əkilib, artezian quyuları qazılıb, təqribən 8 min kvadratmetr sahəyə qranit lövhə döşənib, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilib. Beş buta qranitlə üzlənib, bir süni gölkörpü əsaslı təmir olunub, milli memarlığın incisi sayılan “Şərq Ulduzukompleksi yaradılıb. Məqbərənin ətrafında “Xəmsə” personajlarının obrazlarını əks etdirən abidələrin üzərində bərpa işləri aparılıb.

Məqbərənin yaxınlığındakı əraziyə dahi mütəfəkkirin şəcərəsinin daşıyıcılarına hörmət əlaməti olaraq Şeyxzamanlılar qəsəbəsi adı verilib. Tarixi məqbərənin önündə Nizami Gəncəvi Muzeyi inşa edilib.

Prezidentin 22 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Nizami Gəncəvi məqbərə kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilib.

Ölkə rəhbərinin sərəncamları ilə ümumbəşəri ideyaların carçısı olan dahi şairimizin bu il 880 illiyinin keçirilməsi və 2021-ci ilinNizami Gəncəvi ilielan edilməsi nizamişünaslığın inkişafına və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə təkan verib.

 

Azərbaycan.- 2021.- 7 dekabr.- S.10.