Dədə Ələsgərin yurdunun
acı taleyi
Basarkeçərin adının
saxtalaşdırılması ilə yanaşı,
soydaşlarımız da
soyqırımına məruz qaldılar
Tarix saxtalıq sevmir. Hansı xalq öz tarixində saxtalıq edirsə, demək, dünəni olmayıb. Ona görə gələcəkləri də şübhə altına düşür. Söhbət Azərbaycan xalqına və dövlətinə iki əsrə yaxındır torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan erməni daşnaklarının öz tarixlərini saxtalaşdırmaqlarından gedir.
Türk dünyasının ulu ozanı kimi tariximizdə adı min illər bundan sonra da yaşayacaq, Göyçə mahalının Basarkeçər rayonunda dünyaya göz açan, erməni vandallığının şahidi və qurbanlarından biri də Dədə Ələsgər olub. Söhbət Aşıq Ələsgəri dünyaya bəxş edən Göyçə mahalının da erməni təcavüzkarları tərəfindən saxtalaşdırılması, bu ulu ozan yurdunda bir-birindən amansız qətliamların törədilməsindən, türkmənşəli toponimlərin saxtalaşdırılaraq erməniləşdirilməsindən gedir.
4 may 1918-ci ildə də Göyçə mahalında qanlı faciə baş verib. Terrorçu, daşnakların qaniçən komandirlərindən biri, türkün qənimi kimi adı tarixə “Tayqulaq” yazılan Andronik Ozanyanın qoşunu gizli yolla Basarkeçər ərazisinə gətirilib. Onlar gecə qəflətən müsəlmanların yaşadıqları kəndlərə hücum edərək yanğınlar törədib, dinc əhalini vəhşicəsinə qətlə yetiriblər. Göyçə mahalında ad-sanı və ustad sənətkarlığı ilə məşhur olan Aşıq Nəcəf məhz həmin günlərdə belinə bağlanmış qaynar samovarla yandırılaraq işgəncələrlə qətlə yetirilib.
Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da sovetlər tərəfindən yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis adlandırılıb. Ərazisi 1151 kvadratkilometrdir.
Ermənistan SSR-in rayonlaşdırılması ilə əlaqədar Göyçə mahalının kəndləri əsasən Vardenis və Krasnoselsk rayonlarının tərkibinə daxil edilib. Basarkeçər rayonu Göyçə mahalının əsas hissəsini özündə birləşdirir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Yuxarıda qeyd etdiyimiz kimi, Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur el sənətkarı Aşıq Ələsgərin vətənidir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il respublikamızda 200 illiyi qeyd edilir. Ustad aşıq-şairin məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş Mehman Sayadov da bu kənddə dünyaya göz açmışdı...
1948-1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülüb. Təkcə Zod kəndindən 100 ailə ozamankı Xanlar - indiki Göygöl rayonunda məskunlaşdırılıb. Həmin vaxtlar Basarkeçərin 37 kəndindən 30-nun əhalisi azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq etniklərdən ibarət idi.
Basarkeçər Azərbaycan dövlətçiliyi tarixində siyasi-hərbi, ictimai-iqtisadi, maddi-mənəvi və mədəniyyət özəlliyi ilə ölçülür. Bu bölgə minilliklər boyunca müxtəlif mənşəli yer adları ilə yanaşı, ictimai-siyasi hadisələrin mahiyyəti də daxil olmaqla, sırf xristianlığa qədərki, Alban və müsəlman-türk etnogenezini özündə yaşatmış, qoruyub saxlamış və inkişaf etdirmişdir. Rayonun Nərimanlı kəndinin şimalındakı Balatəpə dağında 1960-cı illərdə əkin şumu aparılan zaman e.ə. II-I əsrə aid Alban mədəniyyətini əks etdirən yazılı, xaç nişanlı bazalt lövhələr tapılmışdır. Hətta İrəvan şəhərindən təcili həmin yerə gələn erməni mütəxəssisləri də yazının onlara aid olmadığını bildirmişdilər.
29 noyabr 1988-ci il tarixində ermənilərin silahlı hücumları nəticəsində Basarkeçərin Aşağı və Yuxarı Şorca, Qayabaşı, Qoşabulaq, Subatan, Zağalı, Sarı Yaqub, Qaraqoyunlu, Nərimanlı, Ağkilsə, Zərkənd, İnəkdağı kəndlərinin əhalisi itki verərək qarlı dağlar aşıb Kəlbəcər rayonu ərazisinə qaçmalı oldular. Yaşlı, qadın və uşaqların çoxu yollarda - qarlı dağlarda “buz heykəl”lərə döndülər. Kəlbəcərlə Basarkeçər arasında - Dikyurd yaylağı yaxınlığındakı məşhur “Sümüktökülən dərə”də illər uzunu açıq şəkildə qalan insan sümükləri də erməni vandallığının göyçəlilərə etdiyi zülmün tarixdən silinməyəcək izləri idi. Sovetlərin dövründə “millətçilik” siyasətinə görə həmin faciələrin üstü qəsdən örtülü qalmışdı.
1988-ci ilin payız və qış aylarında doğma tarixi dədə-baba yurdlarından didərgin salınmış göyçəlilər respublikamızın 31 bölgəsinə səpələndi, əksər hissəsi Göygöl, Goranboy, Tərtər rayonlarında məskunlaşdı, bəziləri paytaxt Bakıya üz tutdular.
XIX əsrdə İrəvan quberniyasında 310 məscid olub ki, ermənilər tərəfindən dağıdılıb. 1988-1989-cu illərdə azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməniləşdirilib.
1918-1920-ci illərdə Qərbi Azərbaycan ərazisində türk mənşəli adlar Molla Dursun- Şaumyan, Yuxarı Ağdam-Qanzakar (İcevan), Tamamlı-Burastan (Artaşat) və digərləri erməni mənşəli sözlərlə dəyişdirilib. 1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirilib. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı toponimlərin dəyişdirilməsi müxtəlif tərəflərdən “izah” olunsa da, kökü həmin adların türk mənşəli olması idi.
Bu genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi. Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq, Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195, 1945-ci ildə 39, 1946-cı ildə 120, 1947-1978-ci illərdə 400-dən çox, 1978-80-ci illərdə 300-dən çox, 1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi, saxtalaşdırılaraq erməniləşdirildi. Tarixçi alimlər bildirirlər ki, bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun, başda Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik qələbəsi daşnak tör-töküntülərin nəyə qadir olduqlarını bir daha təsdiqlədi. İşğaldan azad edilən hər bir rayona səfərləri zamanı müzəffər Ali Baş Komandan ermənilərin bu çirkin niyyətli siyasətinin birmənalı şəkildə fiaskoya uğradığını bəyan etdi.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2021.-7 dekabr.- S.11.