ölümün qənimi sağlam ailə bağıdır

 

Cəmiyyətdə narkomaniyaya qarşı mübarizə profilaktik olaraq ailədən və məktəbdən başlanmalıdır

 

Bilirsiniz bu, nəyə bənzəyir?! Sanki qəfildən fırtınaya düşürsən. İlk əvvəl inanmağın gəlmir. Lap övladının narkotik, ya da hansısa psixotrop maddə qəbul etdiyini gözlərinlə görsən belə beynin bunu qəbul etmək istəmir...

15 yaşlı oğlumun narkotik aludəçisinə çevrildiyini öyrəndikdə öncə instinktiv olaraq onu günahlandıraraq qışqırıb-bağırmağa, hansısa məhdudiyyətlər tətbiq etməyə, hədələməyə və bu vasitələrlə onu bu bəladan, asılılıqdan qurtarmağa çalışdım. Lakin heç bir irəliləyiş əldə edə bilmədim...

Getdikcə tək oğlum yox, sanki elə mən də onunla bərabər narkotik bataqlığında çapalayırdım... Qurtuluş yolunun qalmadığını düşünürdüm...

Amma narkotik asılılığı ilə bağlı müxtəlif maarifləndirici məlumatlara baxdıqca çıxış yolu olduğunu anladım. Düzdür, maddi və mənəvi baxımdan hər cür əziyyət çəkdik, amma onu asılılıqdan qurtarmaq üçün mübarizədən əl çəkmədim. Oğlumu müalicə etdirdim, xüsusilə psixoloji dəstək və öz iradəsinin gücü sayəsində bu bəladan qurtulmaq yolunda irəliləyiş əldə etdik. Hazırda o, reabilitasiya prosesindədir.

Hələ oğlumuz uşaq olarkən atası vəfat etdiyi üçün onu tək böyütmüşəm, buna baxmayaraq heç zaman korluq çəkməyə qoymurdum, sevgisizliyi hiss etməsinə imkan verməməyə çalışırdım. Etibar etdiyim üçün çox vaxt hara getdiyini, kimlərlə oturub-durduğunu soruşmurdum. Bilmirəm, bəlkə də elə bu güvənimdən sui-istifadə etmişdi... Bironda ayıldım ki, artıq o, evə gec-gec gəlməyə başlayır, özünə qapanır, tez-tez pul istəyir. Onda fiziki cəhətdən də ciddi dəyişikliklər yaranmışdı. Yuxusuzluqdan əziyyət çəkirdi, arıqlayırdı, çuxura düşmüş gözləri qıpqırmızı olurdu. Araşdırdıqda dostluq etdiyi çevrənin ona uyğun olmadığını öyrəndim.

Həmişə elə düşünürdüm ki, mənim övladım heç zaman pis əməllərə, narkomaniyaya yönəlməz. Amma həyat sübut etdi ki, bu bəla hər kəsin ailəsinə soxulub onu məhv edə bilər. Buna görə də övladlarınızın üzərindən bir an belə diqqətinizi çəkməyin...

Elə mən də bir az geciksəydim, bəlkə heç övladım bu gün həyatda olmayacaqdı...”

 

Yeniyetmələrin narkotik bataqlığına yuvarlanmasında əsas risk faktoru

 

Bu, yeniyetmə övladı narkotik asılılığına düşmüş valideynlərdən sadəcə birinin başına gələnlərdir. Belə valideynlər çoxdur və təəssüf ki, əksəriyyətinin “bəxti” bu valideyninkinə bənzəmir və övladlarını bu dəhşətli bəlanın əlindən ala bilmirlər. Ya xəbər tutmurlar, ya da xəbər tutduqları vaxt artıq gec olur. Yeniyetmə, gənc ömürlər “ ölüm”ə qurban gedir. Bu acı nəticələr də göstərir ki, narkomaniyaya qarşı mübarizə onu sonradan müalicə etməklə mümkün deyilo da acı gerçəklikdir ki, bu maddənin asılılığına düşənlərin müalicəsi çox vaxt nəticəsiz qalır. Bu baxımdan cəmiyyətdə narkomaniyaya qarşı mübarizə profilaktik olaraq ailədən başlanmalıdır.

Araşdırmalara əsasən, narkotik maddələrdən istifadə ən çox yeniyetməlik dövründə başlayır. Psixoloqlar bunu belə izah edirlər ki, fizikizehni sahədə əhəmiyyətli dəyişikliklərin yaşandığı, sürətli böyümə dövrü olaraq xarakterizə edilən yeniyetməliyin ən əhəmiyyətli psixososial xüsusiyyəti şəxsiyyətin mənimsənilməsidir. Tədricən müstəqil olmağa başlayan yeniyetmə üçün bu dövrdə dostluq münasibətləri böyük əhəmiyyət kəsb ediro, dostlar qrupuna daxil olanda onların təsiri altına keçir, onlara bənzəmək istəyir. Bu dövrdə şəxsiyyət çaşqınlığı bütün yeniyetmələrin yaşadığı təbii bir prosesdir. Amma şəxsiyyət çaşqınlığından çıxa bilməyən və mənfi xarakterə yiyələnən yeniyetmə narkotik maddə istifadəsi kimi ağır problemlə üzləşə bilir.

Araşdırmalar yeniyetmələrin narkotik maddə istifadəsinə yönəlməsində dost qrupunun, şəxsi, sosial, mədəni amillərin və bir çox risk faktorunun birləşməsinin rol oynadığını ortaya qoyur. Yeniyetmələrin narkotik bataqlığına yuvarlanmasında ailə və valideynlərin əsas risk faktoru olduğu isə xüsusi vurğulanır. Eyni zamanda yeniyetmələrin narkotik maddə istifadə etməzdən əvvəl ailələrində yaşanan risk faktorları da müəyyənləşdirilib. Buna əsas səbəb kimi ailədə mübahisə, münaqişə, oğurluq, ailə böhranı və ya yüksək stress ehtiva edən neqativ davranışların olması göstərilir. Həmçinin ailədə səlahiyyətlərin daha az bölüşdürülməsi, zəif ünsiyyət və problemlərin ortaq həll edilməməsi, valideynin özünün narkotik maddə istifadəsi, maddədən istifadə etməyən, lakin həddindən artıq tələbkar və ya həddindən artıq qoruyucu valideyn (uşaqlarının maddə istifadəsini dayandırmaq üçün hədələyir və bu şəkildə uşağı maddədən istifadə edən dostlarına daha da yaxınlaşdıraraq özlərindən uzaqlaşdırırlar).

Valideynlərin olmaması, son dərəcə passiv anaatalar, yeniyetmələrdə valideynlərinin onların maddə istifadəsini təsdiqləmələri haqqında yanlış təsəvvürləri, qeyri-klassik valideynlər (ögey valideynlər, nikahsız birgə yaşayış), valideynlərin uşağa yaxınlığının olmaması və əksinə, yeniyetmənin valideynlərə yaxınlığının olmaması halları da səbəblər sırasında yer alır. Həmçinin yeniyetmələrin xüsusilə ataları tərəfindən sevgi və dəstək mənasında əskiklik duymaları, ciddi nəzarət və ya valideynlər tərəfindən qoyulan intizam haqqında ailədə fikir ayrılığı, effektiv olmayan mübarizə mexanizmlərindən istifadə və sair və ilaxır...

Qeyd edək ki, yeniyetmələrin narkotik maddə aludəçisinə çevrilməsində “günah”ı olan valideynlərin qanun qarşısında da məsuliyyətləri var.

Amma bütün cəzalardan ən dəhşətlisi mənəvi cəzadır ki, bilərəkdən, yaxud da bilməyərəkdən övladını bu uçuruma sürükləyən valideynlər bu hissi yaşayırlar, lakin sonrakı peşmançılıq fayda vermir...

 

Tərbiyə üsulu, ailədaxili münasibətlər yeniyetmənin psixososial inkişafını da istiqamətləndirir

 

 “Ailə insan həyatında və inkişafında vacib rol oynayır və burada yaşanan problemlər şəxsiyyət xüsusiyyətlərinə də təsir edir” söyləyən Türkiyədə fəaliyyət göstərən azərbaycanlı uzman-psixoloq Səbinə Bayramova bildirir ki, ailədəki tərbiyə üsulu, ailədaxili münasibətlər yeniyetmənin psixososial inkişafını da istiqamətləndirir. Bu baxımdan ailə münasibətləri düzgün olmayan uşaqlar, yeniyetmələr, gənclər arasında daha çox narkotik maddə istifadəsinin yayıldığı müşahidə edilir. Araşdırdıqda bu yeniyetmələrin böyük əksəriyyətinin ailələrində də narkotik maddələrdən istifadə edən şəxslərin olduğu ortaya çıxır. Yaxud keçmişdə valideynlər bu maddədən istifadə ediblər və bu, uşağın gözündə normallaşmış bir davranış halına gəlib.

Psixoloq deyir ki, narkotik maddələrdən istifadə edən yeniyetmələrin valideynlərinin yetəri qədər sevgi, şəfqət, diqqət və qayğını övladına ötürə bilmədiyini görürük. Basqın, övladına qarşı təzyiq göstərən valideynlərin olduğu ailələrin övladlarının da narkotik maddələrə meyilli olduğu faktdır: “Uşaqlarına qarşı həddindən artıq mühafizəkar, güclü nəzarət sərgiləyən ailələrin övladlarında da narkotikə meyillilik müşahidə edilir. Bu asılılığa düşənlər daha çox övladlarına qulaq asmayan, onların öncəliklərinə dəyər verməyən valideynlərin uşaqları olur. Yəni ailə daxilində yeniyetmənin problemlərini bölüşə biləcəyi insan olmadıqda bu hal baş verir. Övlad problemlərini daha çox içində yaşayır. Həmçinin boşanıb ayrı yaşayan, yaxud valideynlərdən birini itirən ailədə uşaqlar arasında da bu cür maddələrin istifadəsinin yayıldığı məlumdur. Burada ata-ananın düzgün nümunə və ya model olmadığını görürük”.

Mütəxəssis qeyd edir ki, narkotik maddə asılılığı üçün risk faktorları çoxdur. Burada şəxsiyyət xüsusiyyətləri və müəyyən anadangəlmə xarakterlər də xüsusi rol oynayır. Məsələn, həyəcan axtarışı, sosial adaptasiya problemləri, yeniyetmə və gənclərdə istər spirtli içki, istərsə də narkotik maddə istifadəsinə başlamağa səbəb olan faktorlardır. Həmçinin valideynuşaq arasında olan emosional bağların zəifliyi, yaxud sevgi əskikliyi də bu bəlaya asılılığa gətirib çıxarır. Məktəbdə müvəffəqiyyətin azalması, həddindən artıq utancaqlıq və ya aqressiv davranışlar da bu sıradadır. Deviant davranış (fərdin cəmiyyətin geniş qəbul edilmiş normalarına zidd olan hər hansı bir hərəkəti) nümayiş etdirənlərin əhatəsinə düşmək, sosial bacarıqların az olması, məktəbdə, yerində, ailədə narkotik maddələrin istifadəsinə “şərait” yaradılması və s. kimi risk faktorları da bura əlavə edilə bilər...

 

Narkomaniya ilə bağlı uşaqlar düzgün maarifləndirilməlidirlər

 

Araşdırmalar nəticəsində bu asılılığın qarşısını alan qoruyucu faktorlar da müəyyən edilib. Bu məsələ ilə bağlı psixoloq söyləyir ki, valideynlər və övladları arasında olan yaxşı və sağlam münasibət narkotiklərə qarşı mübarizədə rol oynayan əsas faktordur. Valideynlər uşaqlarının dostlarından və onların davranışlarından, gördüyü işlərdən daim xəbərdar olmalıdırlar. Uşaq öz hisslərini valideyni ilə rahat bölüşə bilməlidir. Ailədaxili qaydaların, münasibətlərin sağlam olması, valideynlərin övladının həyatı ilə maraqlanması, qayğı göstərməsi, uşağın məktəbdə müvəffəqiyyətli və əlavə fəaliyyətlərlə məşğul olması sağlam həyat üçün müsbət amillərdir.

Narkomaniyanarkotik maddə haqqında uşağa düzgün məlumat verilməlidir. Həm məktəbdə, həm də ailədə uşaqya yeniyetmə düzgün maarifləndirilsə, onlar  daha hazırlıqlı olarlar. Uşağın, yeniyetmənin haqqında kənar yerlərdən, kortəbii yaranmış “küçə qrupları” kimi narkotik maddələrin istifadəsinə zəmin yaradılan ortamlardan öyrənib maraq göstərməkdənsə, daha öncədən ailə içində və ya məktəbdə məlumatlandırılması daha çox qoruyucu faktor olar.

Mütəxəssisin fikrincə, bu məsələdə ailədən əlavə, məktəb və məktəb psixoloqunun da çox önəmli rolu var. Öncəliklə öyrənmə prosesinin şagirdlər üçün cəlbedici hazırlanması, qurulması onları deviant davranışdan uzaqlaşdırar. Təlimin təşkilində şagirdlərin diqqətini cəlb edə bilmək çox önəmlidir. Şagirdlərə özünü idarə imnkanları yaratmaq, onların fəal və məsuliyyətli olmasını dəstəkləmək lazımdır. Məsələn, önəmli tədbirlərin hazırlanmasını şagirdlərin özlərinə həvalə etmək olar. Tədbirlər, şənliklər, gəzintilər, ekskursiyalar, idman yarışlarının təşkili və sair məsələlər onların düzgün formalaşmasında rol oynaya bilər.

Səbinə Bayramova onu da bildirir ki, özünü ifadə çətinliyi olan şagirdlər üçün qrup terapiyalarının təşkili çox mühümdür. Eyni zamanda musiqi, təsviri incəsənət, fiziki tərbiyə dərslərinin imkanlarından tam istifadə etmək məktəbdə normal öyrənmə mühitinin bərqərar olmasına şərait yaradır. İstər-istəməz şagirdləri mənfi təsirlərdən uzaqlaşdırır. Uşaqlar üçün məktəb heyəti, psixoloq, sinif rəhbəri tərəfindən Narkoloji Dispanserə ekskursiyalar təşkil oluna bilər. O cümlədən həkimlərin iştirakı ilə “dəyirmi masalar, maraqlı tədbirlər keçirilə, narkomaniyanın bəlaları haqqında onlara mütəxəssislərin köməyi ilə geniş məlumat çatdırıla bilər: “Bütün bunlarla şagirdləri həm bilgiləndirib maarifləndirmək olar, həm də effektiv qoruyucu faktoru ortaya çıxar. Onu da vurğulayım ki, əlaqədar qurumlar tərəfindən valideynlər üçün də mütəmadi maarifləndirici seminarların keçirilməsi və onların bu seminarlara cəlb olunması fayda verər”.

 

Mən harada səhvə yol verdim?”

 

Ümumiyyətlə, fərq etməz, ailədə yeniyetmə, ya da yetkin birinin narkotik maddə asılılığı olması həm o ailənin digər bütün üzvlərinin probleminə çevrilir. Bu, bir gerçəklikdir ki, narkotik aludəçisi olan üzvə sahib olmaq ailə üçün asılılığın bütün nəticələrinə qatlanmaq məcburiyyəti yaradır. Yəni bütün ailə üzvləri maddi, mənəvi, psixoloji anlamda dəhşətli bir bəla ilə üz-üzə qalırlar.

Sosial araşdırmalar göstərir ki, övladlarının narkotik maddə istifadə etdiyini öyrənən ailələr ilk öncə böyük şok yaşayırlar. Uşaqlarından böyük gözləntiləri olan valideynlər bir anda xəyal qırıqlığı yaşayır, böyük məyusluq hissi keçirirlər. Övladları ilə bağlı bütün arzuları, ümidləri, planları bir andaca puç olub gedir.

Əvvəlcə “niyə məhz mənim övladım?” deyə qətiyyətlə bunu qəbul etmək istəmirlər. Sonra bu bəla ilə necə mübarizə aparacaqlarını bilmədiklərindən panik vəziyyətinə düşürlər. Çıxış yolu axtarırlar, düşünməyə başlayırlar. Və bu çarəsiz çırpıntılar içərisində mütləq öz keçmişlərini də sorğulamağa başlayırlar: “Mən valideyn olaraq harada səhvə yol verdim?..”

Bəli, sonradan bu cür acı gerçəkliklə qarşılaşmamaq üçün övladlarımızla münasibətlərimizi sağlam bağlar üzərində qurmalıyıq ki, gələcəkdə başqa bağlar həm övladlarımızın, həm də bizim boğazımıza dolanıb boğmasın...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2021.-7 dekabr.- S.12.