Mən Müharibə veteranıyam
Amma müqəddəsliyi
adiləşdirmək, kiçiltmək kimsəyə
başucalığı gətirməz!
Gizlətmirəm, I Qarabağ
müharibəsindən sonra bu sözü həvəssiz,
yavaşdan, sıxıla-sıxıla deyirdik!
Çünki dilimiz qısa idi -
torpaq itirmişdik!
20 min şəhid versək də,
ölkə ərazisinin 20 faizi işğala məruz
qalmışdı!
Həm də bu, nə
“könüllü özünümüdafiə batalyonu”nun, nə
döyüşən əsgərin təqsiri idi, nə də
sonradan məşəqqətli “qaçqın həyatı”
yaşamaq zorunda qalan məcburi (artıq keçmiş məcburi)
köçkünlərin - yerli sakinlərin günahı
üzündən baş vermişdi.
Düşmən
güclü və arxalı, sözünü deyəni və
müdafiə edəni də çox idi.
Vaxtında
silahlandırılmış, ağzına dil verilmiş,
özünə də hərtərəfli kömək
göstərilirdi.
Bizdən isə hətta quş
tüfənglərini belə yığmışdılar ki,
birdən erməni tərəfə güllə atarıq!
Ən əsası, nə Ulu Öndər Heydər
Əliyev kimi rəhbərimiz, nə də cənab İlham
Əliyev kimi sərkərdəmiz var idi!
Yanan da biz olduq, yaman da!
Adımızı “vəhşi”, “qəddar”
qoyaraq “məzlum” və “zavallı” ermənilərə
“zülm” etdiyimizə görə doğma torpaqlardan qovdular, 30
il yurd həsrətilə qovrulduq.
Əlimiz heç yana,
ünümüz heç kimə çatmadı!
Nə kömək edən oldu, nə
də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini
yerinə yetirən!
27 illik zülm və həsrətdən
sonra, nəhayət, 10 noyabr 2020-ci ildə doğma torpaqlara
qovuşduq!
Bu möcüzəni bizə 44 günlük
Zəfər müharibəsindən sonra Müzəffər Ali
Baş Komandan İlham Əliyev yaşatdı!
Torpağımızı da aldıq,
qisasımızı da!
***
Müharibə qansız,
ölümsüz, itkisiz olmur...
Bu qəhrəmanlıq
döyüşlərində 3 minədək şəhid
verdik, nə qədər yaralımız, əlilimiz oldu!
Dövlət hamısına sahib
çıxdı, ziyan çəkənlərə xüsusi
qayğı göstərdi və göstərir də!
Lap dəqiqin desək, şəhid
ailələrini və övladlarını, müharibə əlillərini
və veteranlarını hər cür qayğı və
güzəştlə əhatə edib:
* Yaralıları müalicə edir,
burada əlacı olmayanları sağaltmaq üçün
dövlət vəsaiti hesabına Türkiyəyə göndərir.
* Ən müasir protezlərlə
təmin edir.
* Ehtiyacı olanlara təmirli ev və ya mənzil verir.
* Pensiya və digər ödənişlər
olunur.
* Əlillərə dövlət
hesabına, necə deyərlər, yağın içində
minik avtomobilləri bağışlanır.
* Şəhid
övladları təhsil haqqından azad edilirlər.
* Hər yerdə, dövlət müəssisələrində,
müalicə ocaqlarında hörmətlə
qarşılayır, mümkün olan köməyi göstərirlər.
* Bu günlərdə şəhid
ailələri və qazilər üçün yeni vergi
güzəştləri də müəyyənləşdirildi.
Tam məsuliyyətlə deyirəm:
bu gün heç kimin Azərbaycan iqtidarının və
ölkə vətəndaşlarının şəhid
övladlarına, şəhid ailələrinə, müharibə
əlillərinə və iştirakçılarına diqqət
və qayğısından, isti münasibətindən,
köməyindən narazı qalmağa haqqı
çatmır!
Hamı əl-ələ verərək
nə mümkünsə edir!
Bunu “Yaşat” fondunun
yaradılması və elliklə maliyyələşdirilməsi
də açıq-aşkar göstərir!
AMMA...
Kaş ki, bu “əmma” olmayaydı!...
***
Yazının əvvəlinə
qayıdırıq...
Bu gün bütün müharibə
veteranları, əlilləri (son vaxtlar dilimizə türk
qardaşlarımızdan keçərək əsl mənasında
işlənməsə də, “qazi” sözü də daxil
olub), qaziləri qürurla, ürəklə, fəxrlə
özlərinə “veteran”, “qazi” deyirlər!
Çünki Müzəffər Ali
Baş Komandan İlham Əliyev dilimizi uzun etdi!
44 günlük Zəfər
müharibəsində 27 illik işğala son qoydu!
Əsl möcüzə göstərərək
bizi qalib millətə, qalib dövlətə və qalib xalqa
çevirdi!
Şəhidlərimizin də, əlillərimizin
də qisasını aldı!
Qürur və mənliyimizi
özümüzə qaytardı!
Əslində, vətənə xidmət
etməkdən, vətəni qorumaqdan, torpaqları azad etmək
uğrunda döyüşlərdə qan axıtmaqdan, şəhadətə
qovuşmaqdan şərəfli nə ola
bilər?!
Mən müharibə
veteranının da, şəhid ailələrinin də, əlillərin
də fəxarətini, bəzən hündürdən, qürurla
danışmaqlarını başa düşürəm.
Həm də qəbul edirəm!
Amma bu fəxarətli və şərəfli
adlarla (nə qədər çətin olsa da, deməyə məcburam)
alver etmək istəklərini, sonsuz tələb və yerinə
yetirilməsi mümkün olmayan iddialarla müxtəlif
ünvanların bezdirilməsini, özünü qanundan
yüksək tutmaq cəhdlərini anlaya bilmirəm!
Heç bu şərəfli adı
daşıyanlara da belə davranış və ədalətsizliyi
layiq görmürəm!
Hələ nə qədər yalandan
bu addan istifadə edənlərin, qoltuq ağacları ilə
başqalarına, hətta polis nəfərlərinə
hücum çəkənlərin mövcudluğunu, əlil
adı ilə torpaq alverinə qoşularaq özlərinə
“biznes” quranların varlığını və sonradan
ifşa edildiyini demirəm.
Hər dəfə mətbuatda
bu tipli xəbərlərə rast gələndə
sarsılıram, özümü qoymağa yer tapmıram.
I Qarabağ müharibəsində
şəhid gedən igid övladlarımız, dostlarım,
doğmalarım, müharibə dövrü
yazılarımın qəhrəmanları yadıma
düşür.
Çoxu qəhrəmanlıqla
döyüşərək şəhid oldular!
Amma həmin dövrdə
onlara lazımi qiymət verən tapılmadı, ailələrinə
zəruri kömək göstərmək mümkün
olmadı.
Heç onların ailələrinin
səsi də çıxmadı, çıxanda isə həmin
səsi eşidən, yardım üçün əl uzadan
tapılmadı.
Sonradan, dövlət özünə
gələn dövrdən başlayaraq mövcud imkanlar daxilində
zəruri yardımlar göstərildi, ev,
pensiya, minik maşınları verildi.
İndi isə Bakıda qara
plyonkalı, nömrəsi çıxarılmış,
yüksək sürətlə şütüyən əlil
maşınlarını görəndə pərişan
oluram.
Belələri arasında avtoşluq
edənlər, polisə tabe olmayanlar da mövcuddur!
Onlar imtiyazlarını qabardaraq yol hərəkəti
qaydalarını pozur, yol polisini isə eşitmək istəmirlər!
Müalicə müəssisələrində
ərköyünlük göstərənlərin, səs-küy
salanların sayı da az deyil!
Axı qanun hamı üçün
eynidir və hamının təhlükəsizliyinə,
müdafiəsinə, hüquqlarının qorunmasına,
rahatlığına xidmət edir!
Belə ərköyünlərə
ayrıca, xüsusi qanunmu yazılmalıdır?
Axı biz hamımız - dövlət
də, polis də, həkim də, lap sıravi vətəndaş
da sizləri sevirik, hörmət edirik, igidliyinizi qiymətləndiririk!
Bəs sizlərin bir qismi niyə
belə addım atır?
Niyə özlərini biz istəyən
səviyyədə, yüksəklikdə saxlamırlar?
Hətta biz gözləyirik ki, siz
özünüz (bu istiqamətdə fəaliyyət göstərən
kifayət qədər təşkilatlar da var) belələrinə
qarşı dözümsüz olasınız, hərəkətlərinin
yanlışlığını onlara anladasınız!
Şəhid də, əlil də,
veteran da əsl qiymətini bu gün alır!
Onlara layiq olduqları kömək
indi göstərilir!
Əməllərinin, fədakarlıqlarının
əsl dəyəri indi verilir!
Gəlin keçmişdə qalan
soyuq münasibətləri, qayğısızlıq illərini
də unutmayaq!
Vətən
hamımızındır!
Hərə ona
bacardığı kimi xidmət göstərir.
Kimin taleyinə, qismətinə nə
düşübsə, buna görə Vətənə minnət
qoymaq düz deyil!
***
İkinci Qarabağ
uğrunda müharibədə hər bir azərbaycanlı
kişisi iştirak etməyi özünə şərəf
bilirdi.
Bunu müharibə davam edən müddətdə
Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinin
yerli şöbələrinə gedərək
döyüşlərdə könüllü iştirak etmək
istəyənlərin say çoxluğu da sübut edirdi.
Bir qismi öz istəyinə nail oldu,
erməni işğalçılarına qarşı
döyüşlərdə iştirak etdi.
Lakin cəmi 44 gün davam edən
Zəfər müharibəsində kütləvi səfərbərliyə
ehtiyac olmadı, ərizə verənlərin çoxu orduya cəlb
edilmədi.
Bu gün bəxti gətirərək
torpağın işğaldan azad edilməsi uğrunda
döyüşlərdə iştirak edənlər müharibəyə
getmək üçün növbədə qalanlardan niyə
özlərini yüksək tutmalıdırlar?!
Yaxud bunu əllərində
bayraq edərək dövlətin onlara verdiyi xüsusi
imtiyazlardan əlavə nəsə tələb etməli, yaxud
xoşagəlməz addımları özlərinə rəva
görməlidirlər?!
Vətənə xidmətə, vətən
qarşısında övlad borcunu yerinə yetirməyə
görə qanundan və etikadan kənar nəsə etmək,
yaxud kiməsə minnət qoymaq da anlaşılan deyil!
MƏN
MÜHARİBƏ VETERANIYAM!
Təmkinlə, qürurla söylənən
bu söz sahibinə rəğbət və məhəbbət
doğurur!
Çünki bunu söyləyən
insan başqa təmənna güdmür, Qarabağın
azadlığı uğrunda savaşın
iştirakçısı olduğundan özünü
xoşbəxt saydığını diqqətə
çatdırmaq istəyir.
MƏN MÜHARİBƏ VETERANIYAM!
Ucadan, təhdidlə, hikkəli şəkildə
söylənən eyni sözlərin arxasında isə başqa
bir iddia dayanır!
Yəni “Mən müharibədə
can qoymuşam, qan tökmüşəm, torpağı azad
etmişəm!”
Deməli:
Hamı məni eşitməli, tələblərimi
dərhal yerinə yetirməli, güzəştə getməli,
bütün addımlarımı, əməllərimi bəyənərək
qəbul etməlidir!
Mənə yox demək, hərəkətlərimi
bəyənməmək, hətta qanunu pozduğum halda belə
cəza vermək olmaz!
Belə mövqe sahibləri
isə bu adı vicdan və məsuliyyətlə
daşıyanları hamımızın müqəddəs
saydığımız yüksəklikdən aşağı
salır, boynumuza minnət qoyaraq özlərini hamıdan və
qanundan üstün tutmağa çalışır.
Onlara göstərilən diqqət və
müxtəlif imtiyazlardan kifayətlənməyərək
yeni tələblər irəli sürürlər...
Əslində, Vətən bizə
yox, biz hamımız Vətənə borcluyuq!
Vətəni övlad kimi sevmək,
qorumaq, bütün çətinliklərinin, problemlərinin
həlli yolunda canla-başla iştirak etmək bir azərbaycanlı
kimi müqəddəs vəzifəmiz sayılır!
Vətən bizə minnət qoya bilər,
biz isə Vətənə yox!
Vətən ərköyünləri,
bir edib beş danışanları sevmir!
Heç kəsin də xidmətini əvəzsiz
qoymur!
Gəlin Vətəni də əziz
tutaq, müharibə veteranı, müharibə əlili, şəhid
ailəsi, qazi adını da daim ucalıqda saxlayaq.
Müqəddəsliyi adiləşdirmək,
kiçiltmək kimsəyə başucalığı gətirməz!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2021.- 8 dekabr.- S.1; 3.