Regionun güc və söz
sahibi
İlham Əliyevin qlobal təşəbbüsləri
regionda yeni əməkdaşlıq
platformalarının yaranmasını şərtləndirir
İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın həm də beynəlxalq münasibətlər sistemindəki yeri və rolu daha da güclənib.
Bu gün Azərbaycan yeni hərbi-siyasi
güc mərkəzi, beynəlxalq arenada sözü
eşidilən, mövqeyi qəbul edilən
dövlət kimi qəbul edilir.
Azərbaycanın regionda uzunmüddətli
sülhün, əməkdaşlığın
və təhlükəsizliyin təmin olunması üçün yaratdığı şərait
beynəlxalq təşkilatlar və güc
mərkəzləri tərəfindən də təqdir olunur.
Hadisələrin inkişaf istiqamətini
müəyyən edən ölkə
Son 18 ildə həm İlham Əliyevin təşəbbüsü, həm də Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqların ən prioritet məsələsi təbii ki, kommunikasiyaların açılması, yeni nəqliyyat tranzit marşrutlarının yaradılmasıdır.
Nəhəng nəqliyyat, logistik layihələrin reallaşmasında, onlarca ölkəni birləşdirən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan yenə də əsas söz sahibidir. Eyni zamanda Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq toplantılarda dost və tərəfdaş ölkələri birgə əməkdaşlığa dəvət edir.
Regionun təhlükəsizliyi və daha da inkişafı üçün irəli sürülən ən mühüm təkliflərdən biri də 3+3 formatıdır.
Təklif olunur ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran başda olmaqla, Xəzərin şərqindəki ölkələri də əlavə etməklə regional əməkdaşlıq daha da inkişaf etdirilsin. Bunun üçün fürsətlər və infrastruktur da mövcuddur. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri və “Cənub qaz dəhlizi”, TANAP, TAP kimi layihələr bu baxımdan hazırlanmış layihələrdir. Bunlar bir ölkəyə aid deyil, həm Qafqazın, həm Avropanın, həm də Orta Asiyanın birlikdə istifadə edəcəyi layihələrdir.
Yeni əməkdaşlıq formatının əhəmiyyətindən danışan Prezident İlham Əliyev sentyabr ayında Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bu barədə məlumat vermişdi. Prezident bildirmişdi ki, irəli sürülən təklif Türkiyə, Rusiya və İran tərəfindən dəstəklənib. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib.
Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən sənəddə göstərilənlər isə Ermənistanın da artıq bu platformanın yaradılmasına müsbət yanaşdığını söyləməyə əsas verir.
Noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində Azərbaycan və İran prezidentləri arasında baş tutan səmimi görüşdə müzakirə edilən məsələlər, imzalanan qaz sazişi də deməyə əsas verir ki, İranın rəhbərliyi yeni əməkdaşlıq platformasının yaradılmasında maraqlıdır. Əgər qonşu Gürcüstanın da razılığı olarsa, 3+3 formatının tezliklə reallaşacağı şübhə doğurmur.
Zəngəzur dəhlizi
- Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsi
Göründüyü kimi, artıq bölgəmizə maraq getdikcə artmaqdadır. Çünki Zəngəzur dəhlizi də istifadəyə verildikdən sonra Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq.
Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız siyasi əhəmiyyət kəsb etmir. Bu dəhliz ilk növbədə daxili iqtisadi proseslər baxımından yüksək əhəmiyyətə malikdir. Naxçıvanla birbaşa əlaqə imkanı ölkə daxilində iqtisadi inteqrasiyanı gücləndirəcək, Naxçıvanda sənayeləşməni sürətləndirəcək. Digər tərəfdən isə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafına təkan verəcək. Dəhliz boyu infrastrukturun işləməsi həm də əlavə iş yerlərinin açılması, bölgənin inkişafı deməkdir.
Dəhlizin üstünlüyü təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir.
Dəhlizin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək. Qədim Azərbaycan torpağı ilk növbədə türk dünyasını birləşdirən özək rolunu oynayacaq. İlham Əliyevin söylədiyi kimi, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaranacaq. Bununla da bölgədə ticarət artacaq, əhalinin yaşayış səviyyəsində ciddi irəliləyişlər müşahidə olunacaq.
Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Ən əsası isə odur ki, dəhliz regional əməkdaşlıq qarşısında illərdir dayanan maneələrin aradan qaldırılmasına xidmət edəcək.
Postmüharibə dövrü yeni imkanlar açır
Göründüyü kimi, postmüharibə dövrü doğrudan da, yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır.
Əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, Prezidentin söylədiyi kimi, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın maraqlarına cavab vermir. Digər qonşu ölkələrin də maraqlarına cavab verən bu proseslə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
Elə Aşqabadda keçirilən İƏT-in Zirvə görüşündə də Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər bu istiqamətdə idi. Dövlət başçısı dedi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İlham Əliyev əmin olduğunu bildirdi ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.
Bir sözlə, bütün bunlarla Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqlara uyğun əməkdaşlıq təkliflərinə hər zaman açıq lider olduğunu bir daha təsdiqləyir. Məhz bu təklifləri, verdiyi sözə sadiqliyi ilə Azərbaycan Prezidenti ölkəmizi dünyada ən etibarlı tərəfdaşa çevirib.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2021.-8 dekabr.- S.1; 3.