Azərbaycan-Pakistan Hökumətlərarası
Birgə Əməkdaşlıq Komissiyasının yeddinci iclasının protokolu
imzalanıb
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının Pakistan İslam Respublikası tərəfindən həmsədri, Pakistanın müdafiə istehsalatı naziri Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar ölkəmizdə rəsmi səfərdədir.
Azərbaycanın
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər
ki, xanım Zobaida Calalın başçılıq etdiyi
nümayəndə heyətinin üzvləri səfər
çərçivəsində Fəxri xiyabana gələrək
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin məzarı önünə əklil qoyublar.
Sonra
Şəhidlər xiyabanını ziyarət edən qonaqlar vətənimizin
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsini dərin
hörmət və ehtiramla yad ediblər.
Dekabrın
1-də keçirilmiş Azərbaycan-Pakistan Hökumətlərarası
Birgə Əməkdaşlıq Komissiyasının 7-ci
iclasında komissiyanın Azərbaycan Respublikası tərəfindən
həmsədri, müdafiə sənayesi naziri Mədət
Quliyev və Pakistan İslam Respublikası tərəfindən
həmsədri Zobaida Calal, ilk növbədə, tədbirə
qatılan 23 qurumun səlahiyyətli nümayəndələrini,
həmçinin iclasa Pakistandan onlayn qoşulan
iştirakçıları və digər qonaqları
salamlayıblar.
Açılış nitqi ilə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrdən bəhs edib. Nazir dövlətimizin başçısının Pakistan Prezidenti Arif Alvi və Baş naziri İmran Xan ilə şəxsi dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynadığını qeyd edib. Nazir 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirərək Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Toplantı çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması ilə bağlı gələcək perspektivlər müzakirə olunub, bank, enerji, müdafiə sənayesi, nəqliyyat və rabitə, kosmik fəzadan dinc məqsədlərlə istifadə, kənd təsərrüfatı, gənclər və idman, ədliyyə, elm və təhsil, səhiyyə, qida təhlükəsizliyi sahələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dekabrın 2-də Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası olub. Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini xüsusi qeyd edib.
Yüksək qonaqpərvərliyə görə nazirə minnətdarlığını bildirən xanım Zobaida Cəlal Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq bu münasibətlərin əbədi və sarsılmaz olacağından əminliyini ifadə edib. Zobaida Cəlal Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. O, səfərdən məmnunluğunu ifadə edərək Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasının əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verəcəyini söyləyib.
Sonda Azərbaycan
Respublikası Hökuməti və Pakistan
İslam Respublikası Hökuməti
arasında Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Birgə
Komissiyasının 7-ci iclasının yekununa
dair protokol
imzalanıb.
Azərbaycan.-2021.- 3 dekabr.- S.6.