“Danışan baxışlar”,
“qızıl əllər”...
Hərəkətləri məhdud,
söhbətləri “sözsüz və səssiz”
olanlar heç də əlil
deyillər
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 10 faizi müxtəlif dərəcəli əlildir. Azərbaycanda isə onların sayı 400 mindən çoxdur. Fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası üçün müəyyən layihələr həyata keçirilsə də, bu problem qlobal şəkildə davam etməkdədir.
Eşitməyən
və danışmayanların, fiziki hərəkətdən
geri qalan, lakin düşüncələrini jestlə izah edənlərin,
həmçinin “əlləri qızıl kəsən” bu zərgər
barmaqlıların xüsusi məktəbləri ilə
yanaşı, həm də öz dünyaları var...
Prezident İlham Əliyevin əlillərə, yəni hərəkət məhdudiyyətli vətəndaşlara dövlət qayğısının bariz nümunəsi olan “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” fikri belə kateqoriyadan olan insanların həyat, yaşamaq eşqini dəfələrlə gücləndirir. Çünki bu fikrin arxasında konkret iş, əməli fəaliyyət dayanır.
Azərbaycanın sosial dövlət statusunun mühüm xüsusiyyətlərindən biri ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin edilməsi məqsədilə fəal və məqsədyönlü siyasətin həyata keçirilməsi ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin əlilliyi olan insanlara diqqət və qayğısı əsasında formalaşan bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 ildir ki, yüksək səviyyədə davam etdirilir. Həmin insanların sosial müdafiəsinə, tibbi-sosial reabilitasiyasına yönələn tədbirlər ildən-ilə gücləndirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə sosial islahatların yeni mərhələsi kimi, 2022-ci ilin əvvəlindən növbəti sosial islahat paketinin reallaşdırılması çərçivəsində pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar artırılacaq. O cümlədən əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərdə də növbəti artımlar olacaq.
2021-ci ildə də 3 min mənzilin (2018-ci ilə nisbətən 5 dəfə çox) müharibə əlilləri və şəhid ailələrinə verilməsi də nəzərdə tutulub. Bu ilin ötən dövründə artıq 2500 mənzil müharibə əlilləri və şəhid ailələrinə, digər həssas qruplara verilib. Ümumilikdə indiyədək 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. İndiyədək 7350-dən çox, o cümlədən bu il 164 müharibə əlili dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Prezidentin iştirakı ilə bu il fevralın 25-də açılan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun şərait yaradılıb. 128 palatadan ibarət 250 çarpayılıq reabilitasiya müəssisəsi ildə 5 minə yaxın əlilliyi olan şəxsə müasir metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir. Yeni açılan 200 çarpayılıq Mərdəkan Reabilitasiya Pansionatının isə ildə 4500 şəxsə xidmət etmək imkanı var.
Əsas hədəf həm reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayını 3 dəfə artıraraq 30 minə çatdırılması, həm də xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Postmüharibə dövründə həmin reabilitasiya müəssisələrində 1600 qaziyə reabilitasiya xidmətləri göstərilib.
Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinə 6200 uşaq cəlb edilib. Layihə üzrə paytaxt Bakı da daxil olmaqla 62 şəhər və rayonda fəaliyyət göstərən sosial reabilitasiya mərkəzlərində autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri ilə təmin edilirlər. Həmçinin onların bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır.
Nazirlik tərəfindən 8000 əlilliyi olan şəxs 40 mindən artıq protez-ortopedik və digər reabilitasiya vasitəsi ilə təmin edilib. 1082 Qarabağ müharibəsi əlilinə 10779 reabilitasiya vasitəsi verilib.
Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş hərbçilərin yüksək texnologiyalı elektron protezlərlə təminatı işlərini aparır. Artıq 164 hərbçi 173 ən müasir - 4-cü nəsil elektron protezlə təmin edilib ki, onlardan 149-u aşağı ətraflarını itirmiş qazilərdir.
Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına 2020-ci ildə 23 yeni növ də daxil edilib və siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı artıq 57-yə çatıb.
Əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə ümumrespublika səviyyəli sərgi və baxış-müsabiqələr keçirilir. Bu günlərdə isə Sosial Xidmətlər Agentliyi tərəfindən 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar həmin kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi təşkil olunub.
Park-Bulvarda dekabrın 1-dən başlayan sərgi-müsabiqənin üç gün davam etməsi nəzərdə tutulub. Tədbirin məqsədi əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Sərgi-müsabiqədə Bakı və respublikamızın digər bölgələri üzrə 217 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 1346 əl işi təqdim edilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə icra olunan layihələr dövlətin həssas əhali qrupları ilə bağlı sosial hədəflərinə nail olunmasına mühüm dəstəkdir.
Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılan Uşaq Reabilitasiya Müəssisəsi sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında mühüm rola malikdir.
Heydər Əliyev Fondu tərəfindən respublikanın müxtəlif bölgələrində Regional İnformasiya mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən 1 və 2 saylı Sosial Xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNICEF-in təşkilatçılığı ilə keçirilən “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyası da bu kateqoriyadan olanların cəmiyyətə inteqrasiyasında mühüm vasitəyə çevrilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın daha bir təşəbbüsü kimi, 2021-ci ilin oktyabr ayında Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi açılıb. Mərkəz əlilliyi olan şəxslərin, digər həssas qrupların istedad və bacarıqlarının ortaya çıxarılaraq inkişaf etdirilməsi ilə onların cəmiyyət həyatında, ictimai-mədəni sferada fəal iştirakına şərait yaradılması işinə mühüm töhfədir.
Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci ilin ötən dövründə Vətən müharibəsi əlilləri də daxil olmaqla, ümumilikdə 2141 nəfər imtiyazlı şəxs bərpa-müalicə prosedurlarına cəlb olunmaları üçün sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
2021-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2700-ə yaxın əlilliyi olan şəxs işlə təmin edilib. Ödənişli ictimai işlər proqramında isə 56 min nəfər çalışır ki, onlardan da 2400-dən çoxu əlilliyi olanlardır.
Azərbaycan Respublikası əlilliyi olan şəxslərlə bağlı mühüm beynəlxalq sənədlərə, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub.
“Əlillərin hüquqları haqqında” Konvensiyada olan müddəaların həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 may 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun təsdiq edilib ki, bu da dövlətimizin belə vətəndaşlarına qayğısı deməkdir.
...“Danışan baxışlar”, “qızıl əllər” sahibləri heç vaxt unudulmur, əksinə, onlar cəmiyyətimizin ən həssas təbəqəsi kimi daim diqqət və qayğıyla əhatə olunurlar. Axı hərəkətləri məhdud, söhbətləri “sözsüz və səssiz” olanları heç vaxt cəmiyyətdən kənar tuta bilmərik...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 3 dekabr.- S.7.