Qlobal pandemiya reallıqları üzə çıxarır

 

 

ÜST-ün Baş direktoru: “Həssas qrupa daxil olan insanlar peyvəndsiz qalır, bir sıra ölkələr həmrəyliyə maneəçilik törədir”

 

 

Ümumdünya Səhiyyə Assambleyası (ÜSA) pandemiyaların qarşısının alınması, hazırlığın təmin edilməsi və reaksiya tədbirlərinin görülməsi üzrə tarixi qlobal müqavilənin hazırlanması prosesinə başlamaq qərarına gəlib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan ÜSA-nın ikinci xüsusi sessiyasında ÜST-ə üzv ölkələr pandemiyalara qarşı mübarizə üzrə tarixi sənədin hazırlanmasına dair razılaşma əldə ediblər. Bu barədə qərar ÜSA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən xüsusi sessiyasında qəbul olunub. 194 ölkənin iştirakı ilə qəbul edilmiş qərarda gələcəkdə pandemiyanın qarşısının alınması, ona hazırlığı və ictimai sağlamlıq sahəsində fövqəladə hallara reaksiyanı gücləndirmək məqsədilə qlobal prosesə başlamaq barədə razılıq ifadə olunub.

ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus bu qərarın tarixi xarakter daşıdığını, missiyası baxımından həyati əhəmiyyət kəsb etdiyini, bütün insanların rifahını və qlobal sağlamlıq arxitekturasını təkmilləşdirmək üçün indiki nəslə nadir fürsət yaratdığını bildirib.

 

 

 

73 ildən sonra keçirilən xüsusi sessiya

 

 

 

Səhiyyə Assambleyasının indiki xüsusi sessiyası 1948-ci ildə ÜST-ün yaradılmasından bəri keçirilən ikinci analoji tədbir idi. ForumBütün dünyanın səyləri birləşdirilsin” şüarı altında keçirildi.

ÜST-ün Nizamnaməsinin 19-cu maddəsi Ümumdünya Səhiyyə Assambleyasına Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətinə daxil olan hər hansı məsələ ilə bağlı konvensiya və ya razılaşmalar qəbul etmək səlahiyyətini verir. 19-cu maddəyə uyğun olaraq indiyədək qəbul edilən yeganə saziş 2005-ci ildə qüvvəyə mindikdən sonra əhalinin tütündən qorunmasına xeyli kömək edən ÜST-ün Tütünə Qarşı Mübarizə üzrə Çərçivə Konvensiyasıdır.

 

 

 

ÜST-ün Baş direktoruna tapşırıq verildi

 

 

 

Qəbul olunmuş qərara əsasən, yeni orqanın ilk iclası 2022-ci il martın 1-dək ( metodlarının müddətlərinin razılaşdırılması üçün),  HDO-nun ikinci görüşü isə gələn ilin avqustuna qədər (sənədin işçi layihəsinin hazırlanmasının gedişatını müzakirə etmək üçün)  baş tutacaq.

Qurum həmçinin müzakirələr çərçivəsində nəzərə alına biləcək açıq dinləmələr keçirəcək; nail olunmuş tərəqqi barədə hesabat 2023-cü ildə ÜSA-nın 76-cı sessiyasına göndəriləcək. Həmçinin ictimai dinləmələrin keçirilməsi, iş haqqında hesabatların dərc edilməsi və yekun layihənin 2024-cü ildə ÜSA-nın 77-ci sessiyasında təqdim edilməsi nəzərdə tutulur.

Bundan başqa, Ümumdünya Səhiyyə Assambleyası öz qərarında ÜST-ün Baş direktoruna HDO-nun müşavirələrinin çağırılmasını təmin etməyi və işin gedişində, o cümlədən Birləşmiş Millətlər Təşkilatı sisteminin orqanlarının, qeyri-dövlət qurumlarının və digər maraqlı tərəflərin iştirakının koordinasiyası yolu ilə yeni quruma kömək etməyi tapşırıb.

 

 

 

Pandemiya qlobal sistemdəki bir çox qüsurları üzə çıxartdı

 

 

 

Gebreyesusun dediyinə görə, COVID-19 pandemiyası insanları pandemiyalardan qorumaq üçün qlobal sistemdəki qüsurları üzə çıxartdı. Belə ki, bir çox hallarda ən həssas qrupa daxil olan insanlar peyvəndsiz qalır, tibb işçiləri  həyatları xilas etmək funksiyalarını yerinə yetirmək üçün lazımi texniki avadanlıqla təmin olunmurlarbir sıra ölkələr qlobal təhlükə ilə mübarizə aparmaq üçün zəruri olan qlobal həmrəyliyə maneəçilik törədən eqosentrik yanaşmalar nümayiş etdirirlər.

 

Bununla belə, baş direktor deyib: “Peyvəndlərin sürətlə işlənib hazırlanması  proqramlarından tutmuş, gələcək nəsilləri pandemiyaların təsirlərindən daha təhlükəsiz saxlamağa kömək edəcək qlobal razılaşmanı müzakirə etmək üçün ölkələrin öhdəlik qəbul etmələrinədək - elmisiyasi əməkdaşlığın ilhamverici təzahürlərini müşahidə etdik”.

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2021.- 3 dekabr.- S.8.