Zəfər paradı - Qələbəmizin rəmzi

 

2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad həm də Türkiyə-Azərbaycan qardaşlığının nümayişi idi

 

Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara da məruz qalıb, müəyyən dövrlərdə müstəqilliyimiz də əlimizdən alınıb. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb. Hər keçən gün mübarizə və müstəqillik hisslərimizi daha da artırıb.

Bir il bundan öncə, 2020-ci il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir. 3000 əsgər və zabitimizlə yanaşı, qardaş, dost Türkiyənin qoşun birləşmələrinin nümayəndələrinin də Zəfər paradında iştirak etməsi isə düşmənə və onun arxasında dayanan böyük güclərə bir mesaj idi: Azərbaycan tək deyil. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Əlbəttə, iki qardaş ölkənin rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə kimi yazıldı. O gün bambaşqa idi: ölkəmizin bütün şəhər, rayon və hətta ən ucqar kəndlərinin də Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi iki doğma xalqın mənəvi yaxınlığının təzahürü idi.

Bu, ilk növbədə, hərbi qüdrətin nümayişi olaraq, dövlətimizin yerləşdiyi regionda nəinki iqtisadi, eyni zamanda ordu quruculuğunun NATO standartları səviyyəsində inkişafının nümayişi anlamını da verirdi. Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir raketartilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerləri nümayiş etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı: “...Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğu onların belini qıracaq...”

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildirfikrinin arxasında daha mühüm və gələcəyə hesablanmış hərbi-diplomatik siyasət dayanır:Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır. Bu yerdə əlavə sözə ehtityac varmı?”

O gün yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi  idi.  Bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. Zəfərlə bağlı siyasi partiya rəhbərlərinin  imzaladığı birgə bəyanatda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdurfikrinin sitat gətirilməsi də bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi monolitdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.

Zəfər paradınadək isə xalqımızın və ordumuzun bu qələbəyə inamlı olmasının şahidinə çevrildik. Ona görə deyə bilərik ki, döyüşlər gedən 44 günün hər anı şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, strateji əhəmiyyətli yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: “İşğala son qoyulsun  - tarixi ədalət zəfər çalsın!”

Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli, eyni zamanda ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə idi. Azərbaycan hər zaman humanistlik nümayiş  etdirib. Bu səbəbdən də beynəlxalq səylərinə baxmayaraq, münaqişənin sülh danışıqları yolu ilə həllinə nail olmağa çalışsa da, Ermənistanın öz  təcavüzkar mövqeyi ucbatından məsələnin həlli uzadılırdı. Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalarda daim qeyd edirdi ki, “bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq”.

Dövlət başçısı müharibəni ən son variant kimi görürdü. Ona görə də ötən illər ərzində ordu quruculuğu xüsusilə diqqət mərkəzində saxlandı. Ali Baş Komandan İlham Əliyev bu illər ərzində Ermənistan rəhbərliyinə qoşunlarının Dağlıq Qarabağdan öz istəyi ilə olmasa, hərbi yolla çıxarılacağını dəfələrlə bildirmişdi. Ermənistanın təxribatçı addımları isə artıq müharibəni qaçılmaz etmiş, danışıqlara son qoymuşdu. Beləliklə, Ermənistanın 27 sentyabrdakı sonuncu təxribatı danışıqları tamamilə dayandırmışdı.

Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan Zəfər yürüşünə başladı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikasi, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu qısaltdı.

Əsasını Heydər Əliyevin qoyduğu ordu quruculuğumuz Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu dövr ərzində inkişaf etdirilmiş, muasir standartlara cavab verən silahlarartilleriya, eyni zamanda müxtəlif tip qoşun növləri ilə düşmən ordusunun önünə çıxmışdı. Əsgər və zabitlərimiz 44 gün ərzində Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu və aşılmaz hesab etdiyi istehkamları yararaq keçdi.

Azərbaycan beynəlxalq hüququtarixi ədaləti bərpa etdi. Şanlı Ordumuz  məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “bizim  “Dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi”.

Nəhayət, 10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı kapitulyasiya aktına imza atdı. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi: işğala son qoydu. Bununla da tarixi ədalət bərpa edildi. Bu, tairixi zəfərdir. Onu da qeyd etməliyik ki, beynəlxalq platformalarda danışıqların aparılması, mövqelərimizin möhkəmləndirilməsi, bu məsələ ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması da öz səmərəsini verdi. Beləliklə, Azərbaycan müharibəni döyüş meydanı ilə yanaşı, siyasi arenada da uddu və 44 günlük Vətən müharibəsində istəyinə nail oldu.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.- 8 dekabr.- S.6.