Böyük qayıdışın astanasında

 

Doğma yurdlarına qayıdacaq vətəndaşlarımız üçün Qarabağ və Şərqi Zəngəzurda yüksək şərait yaradılır, müasir infrastruktur qurulur

 

“...Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq...”

44 günlük Vətən müharibəsində qazandığımız parlaq Zəfərin üzərindən heç bir gün keçməmiş, 11 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı öz doğma yurdlarından didərgin salınan yüzminlərlə insanın tezliklə doğma torpaqlarına qovuşacağının müjdəsini vermişdi.

İşğalçı Ermənistana qarşı aparılan haqq və ədalət mübarizəsinin və əldə olunan möhtəşəm Zəfərin əsas qayələrindən biri də məhz həmin insanların dədə-baba torpaqlarına qaytarılmasıdır.

Hazırda Azərbaycan dövləti bu mühüm missiyanın həyata keçirilməsi üçün Şərqi Zəngəzurda və Qarabağda böyük quruculuq və bərpa işləri aparır. Dövlətimiz bütün potensialını, gücünü səfərbər edərək çalışır ki, çox qısa zamanda bu yerlərə yenidən həyat qayıtsın.

 

İşğaldan azad edilən ərazilər sürətlə bərpa olunur

 

Dövlət başçısı İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında işğaldan azad edilən ərazilərdə infrastruktur yenilənir, yeni yollar çəkilir, hava limanları istifadəyə verilir, eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz yüksək səviyyədə bərpa olunur. Tezliklə öz doğma torpaqlarına qayıdacaq insanlar üçün ən müasir imkanlar, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait yaradılır. Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli işlər, bu ərazilərdə dəmir yolları, beynəlxalq hava limanlarının inşası bölgəni eyni zamanda xarici sərmayələr, həm də turizm üçün cəlbedici məkana çevirir.

Azad olunmuş ərazilərdə gerçəkləşdiriləcək mühüm layihələrdən birio bölgələrin “yaşıl enerji” zonasına çevrilməsidir. Belə ki, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və nəzarəti ilə Şərqi Zəngəzur və Qarabağ bölgəsində ərazilərin bərpa edilməsi və yenidən qurulması ilə yanaşı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası həyata keçirilir.

Qeyd edək ki, ilk “ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən 5 komponent üzrə aparılır - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə ilk olaraq tam izolyasiya olunmuşinnovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulub.

Onu da bildirək ki, mərhələli şəkildə keçmiş məcburi köçkünlər işğaldan azad olunan dədə-baba yurdlarına baş çəkir, orada aparılan quruculuq, bərpa işləri ilə tanış olurlar.

 

Elə bu ilin 20 iyulunda Zəngilanın Ağalı kənd sakinləri də “ağıllı kənd”də aparılan işlərlə tanış olub, öz yurdlarında qurbanlar kəsiblər. Azad edilmiş ərazilərdə salınan ilk “ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamaq niyyətində olduqlarını bildiriblər.

Tezliklə Ağalı kənd sakinlərinin əbədi olaraq “ağıllı kənd”lərinə qovuşacaqları gözlənilir.

 

Şərqi Zəngəzur və Qarabağ tarixi şöhrətini bərpa edəcək

 

Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”- söyləyən İlham Əliyev bildirir ki, qarşıya qoyulan bütün hədəflər təmin edilir: Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq”.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün Azərbaycana, sadəcə, vaxt lazımdır. Çünki vandal ermənilər 30 il ərzində işğal altında saxladıqları ərazilərimizdə görünməmiş vəhşiliklər törədərək daşı daş üstündə qoymayıblar, o bölgələrimizin ekologiyasını tamamilə məhv ediblər.

Lakin Azərbaycan dövlətinin, onun qətiyyətli liderinin əzəli tarixi torpaqlarımızda əzmlə həyata keçirdiyi hərtərəfli quruculuq-bərpa işləri sayəsində Şərqi Zəngəzur və Qarabağ cənnətməkana çevriləcək, tarixi şöhrətini bərpa edəcək.. Və tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına əbədi yaşamağa qayıdacaqlar.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan. - 2021.- 8 dekabr.- S.1; 7