Bakıda “Yaxşı idarəçiliyin təbliğində
ombudsmanın və vətəndaş cəmiyyəti
institutlarının rolu” mövzusunda
dəyirmi masa keçirilib
Dekabrın 7-də Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan "Yaxşı idarəçiliyin təbliğində ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu" mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ombudsman Aparatı və Avropa Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən dəyirmi masada dövlət qurumlarının, məhkəmə orqanlarının, xarici ölkələrin ombudsman təsisatlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva ölkəmizdə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfərin artıq məcburi köçkün vətəndaşlarımızın fundamental insan hüquqlarının təmininə zəmin yaratdığını vurğulayıb. Ombudsman Aparatı olaraq insan hüquq və azadlıqlarının təminatının başlıca vəzifə kimi qəbul edildiyini bildirən Səbinə Əliyeva ümumiləşdirilmiş pozuntular barədə aidiyyəti hökumət qurumları qarşısında qaldırılan məsələlərin diqqətdə saxlanıldığını vurğulayıb.
“Hüquq bərabərliyinin təmin olunması, bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması, pozulmuş hüquqların bərpası istiqamətində həyata keçirilən tədbirlər daha da gücləndirilməlidir. Müxtəlif kateqoriyalara aid insanların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təmin edilməsi üçün Ombudsman Aparatında müvafiq strukturlar yaradılıb”, - deyə ombudsman qeyd edib.
S.Əliyeva diqqətə çatdırıb ki, pandemiya dövründə insanların Ombudsman təsisatına müraciət etməsi üçün imkanlar genişləndirilib. Bununla yanaşı, Ombudsman Aparatında şəhid ailələri və müharibə veteranları, əlilliyi olan şəxslər, uşaqlar kimi həssas əhali qruplarının hüquqları ilə bağlı ayrıca sektorlar yaradılıb, bu sahədə vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq edildiyi bildirilib.
Daha sonra çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq insan hüquq və azadlıqları sahəsindəki problemlərin təkcə bir ölkəni deyil, bütün dünyanı narahat etdiyini bildirib, bu mövzuda müzakirələrin əhəmiyyətini qeyd edib.
Sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktoru xanım Karin Hoerman və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva dəyirmi masada aparılan müzakirələrin maraqlı keçəcəyinə ümidvar olduqlarını bildiriblər.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) "Cənubi Qafqaz üzrə yerli inkişaf üçün Yaxşı İdarəçilik proqramı"nın müşaviri Samuel Heldin moderatorluğu ilə davam edən tədbirdə dövlət və hakimiyyət qurumları nümayəndələrinin müxtəlif mövzular üzrə çıxışları dinlənilib.
“Ədliyyə orqanlarında yaxşı idarəçiliyin təbliği” mövzusunda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, “Son dövrlərdə korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən fəaliyyətlər” mövzusunda Azərbaycan Respublikası Baş Prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, “İnzibati icraatın gedişləri barədə məlumat: şikayət mexanizmlərinin tətbiqi, iştirakçılar, onların hüquqi vəzifələri, inzibati orqanın yardım vəzifəsi, maraqlı şəxslərin dinlənilmə hüququ” mövzusunda Azərbaycan Respublikası Ali Məhkəmə İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və başqalarının çıxışlarından sonra iştirakçıların sualları cavablandırılıb.
Tədbirin videokonfrans formatında davam etdirilən hissəsində Türkiyə ombudsmanı Fatma Benli Yalçın, Mərakeş Krallığı ombudsmanı Mohamed Benalilu, Avropa Şurasının Anti-diskriminasiya Departamentinin rəhbəri Stefano Valentinin çıxış ediblər.
Dəyirmi masada, həmçinin Ombudsman Aparatı və GIZ tərəfindən regionlarda keçirilmiş tədbirlərin yekunları, habelə iştirakçılar arasında aparılmış sorğuların nəticələri də müzakirə edilib.
Yekun nitqində
iştirakçılara bir daha təşəkkür edən ombudsman Səbinə Əliyeva milli
insan hüquqları təsisatlarının
vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının
vacibliyinə toxunub, bunun
insan hüquq və
azadlıqlarının qorunmasında başlıca amil olduğunu
xatırladıb.
Azərbaycan.-
2021.- 8 dekabr.- S. 7