YAP nümayəndə heyəti Ukraynada
Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın abidələrini
ziyarət edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb.
Səfərin ilk günü nümayəndə heyəti Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Sonra YAP nümayəndə heyəti İrpen şəhərinin meri Oleksandr Markuşin və meriyanın rəhbər şəxslərinin iştirakı ilə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiram ifadə edib.
Tədbirdə çıxış edən mer Oleksandr Markuşin bildirib ki, İrpen şəhəri Azərbaycan üçün doğmadır. Qeyd edib ki, İrpen ilə Azərbaycanın bir sıra şəhərləri arasında yaxşı münasibətlər mövcuddur.
Öz növbəsində YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycanla əlaqələrə göstərdiyi diqqətə görə şəhər merinə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb.
Azərbaycandan gələn nümayəndə heyəti daha sonra İrpen şəhərində Zərifə Əliyeva adına 12 saylı orta məktəbdə olub. Məktəbin direktoru Valentina Antonenko çıxış edərək akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan danışıb. Bildirib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib. Qeyd edib ki, Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, Prezident İlham Əliyev kimi müdrik dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.
İrpenin Azərbaycan üçün doğma şəhər olduğunu qeyd edən Tahir Budaqov bildirib ki, ölkəmiz bu şəhərin inkişafına hər zaman töhfəsini verməyə hazırdır. Tahir Budaqov vurğulayıb ki, İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan istirahət parkı, mərkəzi küçə və orta məktəb Azərbaycan ilə Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrilib. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da bu şəhərə yardımlarını davam etdirəcək.
YAP nümayəndə heyəti, həmçinin məktəbdə akademik Zərifə Əliyeva adına muzeylə tanış olub.
Daha sonra YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İrpenə səfərlə bağlı yerli telekanala müsahibə verib.
Qeyd edək ki,
YAP nümayəndə heyətinə Partiyanın Təftiş
Komissiyasının sədri, Milli Məclisin
deputatı Sevinc Hüseynova,
YAP Veteranlar Şurasının sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət
Qəhrəmanova, YAP İdarə Heyətinin
üzvü, Bakı Ali
Neft Məktəbinin rektoru
Elmar Qasımov, Milli Məclisin
deputatı Ramil Həsən, YAP Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi
Aparatının beynəlxalq əlaqələr şöbəsinin
baş məsləhətçisi Hülya Məmmədli daxildir.
Azərbaycan.-
2021.-4 dekabr.- S.3.