Milli Məclisin nümayəndə heyəti İstanbulda səfərdədir

 

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini İstanbul Atatürk Hava Limanında ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

 

Azərbaycan.- 2021.- 9 dekabr.- S.2.