Xalqa xidmət missiyası
İlham Əliyevin yüksəliş strategiyası əsasında
hər bir bölgənin tarazlı
inkişafı təmin edilir
Dünyada geosiyasi risklərin artması, iqtisadi problemlərin dərinləşməsi və qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi, eləcə də regionların sosial-iqtisadi inkişafı istiqamətində heç bir layihənin təxirə salınmaması bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması, sənaye məhsullarının istehsalının artması ilə nəticələnib.
Qarşıya qoyulan hədəflər
Son 18 ildə regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin prioriteti olub. Bölgələrdən, yerlərdən gələn təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzərə alınaraq regional inkişaf proqramları tərtib edilib. Proqramların məqsədi ondan ibarət idi ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın.
Görünən nəticə odur ki, qarşıya qoyulan konkret hədəflərə çatmaq üçün həyata keçirilən işlər faydasını verir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bunu təsdiqləyir.
Hazırda ölkədə sayca 4-cü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra prosesi davam edir. Prezident İlham Əliyev dövlət proqramı əsasında inşa edilən yeni sosial-iqtisadi obyektlərin təməlqoyma mərasimində iştirak edərək xeyir-duasını verir. Bir müddət keçəndən sonra isə dövlət başçısı görülən işlərin icrası ilə şəxsən maraqlanır və yeni obyektlərin açılışında iştirak etməklə bölgələrin inkişafına böyük töhfəsini verir. Bütün bunları isə Azərbaycan dövləti heç kimdən borc almadan öz hesabına həyata keçirir.
2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramının icrasına başlarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Lakin məqsədyönlü tədbirlər sayəsində bu kiçik məbləğ artdı və böyük işlər görüldü. Bu gün ölkənin valyuta ehtiyatları 53 milyard dollara bərabərdir. Belə qısa müddət ərzində valyuta ehtiyatlarının 30 dəfəyə yaxın artması Azərbaycan üçün böyük nailiyyətdir.
Bunlar real göstəricilərdir. Bir zamanlar təbii qaza görə əziyyət çəkən, xaricdən elektrik enerjisi idxal edən Azərbaycan bu gün dünyada neft-qaz ixracatçısı kimi tanınır. Hazırda Azərbaycanda qazlaşdırma 96,3 faizdir və heç bir ayrı-seçkiliyə yol vermədən bütün rayonlar üzrə qazlaşdırmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir.
18 il ərzində görülən işlər, həmçinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrimizin simasını büsbütün dəyişdirib. Onu da vurğulamaq yerinə düşər ki, bu illər ərzindəki iqtisadi göstəricilər ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın bu müddət ərzində 3 dəfə artması dünya miqyasında rekord göstəricidir.
Ölkənin regionlarında
güclü iqtisadi potensial mövcuddur
Azərbaycan Prezidentinin
sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti
onillikdə reallaşdırılmalı
olan milli prioritetlər ölkənin
sosial-iqtisadi inkişafı
üçün yeni hədəflər müəyyən
edib. Başlıcası isə qeyri-neft
iqtisadiyyatının dinamik
inkişafı nəzərdə
tutulub.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi sosial-iqtisadi yüksəlişin effektivliyi,
dövlət büdcəsinin
gəlirlərinin artırılması
və bu gəlirlərin müxtəlif
mənbələrdən formalaşdırılması
baxımından çox
əhəmiyyətlidir. Artıq həyata
keçirilən iqtisadi
siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft
sektorunun inkişafı
sürətlənib.
Qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün
ölkənin regionlarında
güclü iqtisadi potensial mövcuddur. Ölkənin regionlarının, o cümlədən
kənd yerlərinin sosial-iqtisadi inkişafı
sahəsində görülmüş
işləri növbəti
illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,
bölgələrdə yaşayan
əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsi
məqsədilə həyata
keçirilən layihələr
böyük uğurlar
vəd edir.
Onu da vurğulayaq ki, pandemiya ilə
mübarizə dövründə
də regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının icrası
davam etdirilib. Bu müddətdə
respublikanın əksər
rayonlarında yollar, içməli su xətləri çəkilib,
xəstəxanalar, sosial
obyektlər tikilib, iş yerləri açılıb. Prezidentin
dediyi kimi, hər şey plan üzrə gedib və bu gün
də davam etdirilir: “Regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ
müharibəsindən sonra
bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır.
Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan
çıxmamalıdır və çıxmır”.
Prezidentin respublikamızın
şimal bölgəsinə
səfəri çərçivəsində
açılışını etdiyi, fəaliyyəti ilə tanış
olduğu sosial-iqtisadi
obyektlər elə deyilənlərin təsdiqidir.
Təbii
ki, yeni obyektlərin açılışı
görülən işlərin
həcmini, ölkə
iqtisadiyyatının inkişafını
göstərir.
Dekabrın 6-da Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qubanın Qonaqkənd qəsəbəsində yeni
inşa olunan Mədəniyyət evində
yaradılan şəraitlə
tanış olublar. 2020-ci ildən
etibarən Qonaqkənd
qəsəbəsində kompleks
abadlıq və quruculuq işləri həyata keçirilib.
Qəsəbədə Ümummilli Lider
Heydər Əliyevin abidəsinin ətrafında
yeni park salınıb.
Həmçinin qəsəbə Mədəniyyət evinin istifadəyə yararsız,
qəzalı vəziyyətdə
olan binası sökülərək əvəzində
yenisi tikilib.
Prezident həmçinin
“Quba ABAD Factory” qablaşdırma
vasitələrinin istehsalı
müəssisəsinin, Quba-Qonaqkənd avtomobil yolunun açılışını
edib. Quba Olimpiya İdman Kompleksində yenidənqurma,
əsaslı təmir
və tikinti işləri, eləcə
də Heydər Əliyev Fondu tərəfindən Qubanın
Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli
tam orta məktəbdə
yaradılan şəraitlə
tanış olub.
Yeni yollar, 5,5 milyon manat
dəyərində məhsul
satışı
“ABAD Factory” bir neçə ildir qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi
kimi tanış
idisə, artıq həm də qablaşdırma vasitələrinin
istehsalı müəssisəsi
kimi onlara yardımçı olacaq.
Yerli sakinlər müəssisənin
yerləşdiyi yeri uzun illər əsaslı təmirə
ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla
tamamilə yenilənən,
qurulan binada artıq kartondan müxtəlif qablaşdırma
vasitələri, kağız
və etiketlərin istehsalı, promo məhsulların
hazırlanması, eyni
zamanda, tullantı kağızların preslənməsi
nəzərdə tutulur.
Xatırladaq ki, “ABAD” Prezident İlham Əliyevin
2016-cı ildə imzaladığı
fərmanla yaradılıb. Statistik göstəricilər
onu deməyə əsas verir ki, “ABAD” fəlsəfəsi
əsaslı şəkildə
reallaşmaqdadır. İlin 10 ayının
yekununda “ABAD” 500 ailəyə
dəstək göstərib.
Nəticədə “ABAD”çıların minlərlə çeşiddə
sənətkarlıq, kənd
təsərrüfatı və
digər növ məhsulları satışa
çıxarılıb. Ümumilikdə 5,5 milyon manat dəyərində
məhsulun “ABAD” vasitəsilə
satışı həyata
keçirilib. Qubadakı müəssisənin
açılışı isə ilkin mərhələdə 20, sonrakı
mərhələdə 50 nəfərin
işlə təmin olunmasına imkan verəcək.
Prezidentin açılışını etdiyi 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin
olunacaq. Bu yol
uzun illər əsaslı təmir olunmadığı üçün
hərəkət hissəsində
qabarmalar, çalalar əmələ gəlmişdi.
Bu isə yolda
nəqliyyatın hərəkətini
çətinləşdirirdi.
Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı
məhsullarını, meyvə-tərəvəzi
qısa vaxtda istədikləri ünvana
çatdırmağa imkan
yaradır. Bu yol
həm də turizm imkanlarını daha da genişləndirir.
Sakinlərlə görüş zamanı Prezident bir daha
postmüharibə dövrünün
yeni reallıqlarına
toxunaraq bildirib ki, ölkənin bütün regionlarının
inkişafı diqqət
mərkəzindədir. Hazırda böyük
quruculuq işləri həm Qarabağda, həm də Zəngəzurda aparılır.
Tezliklə bu iki iqtisadi rayonun iqtisadiyyatı da ölkə iqtisadiyyatına
reinteqrasiya olunacaq və Azərbaycan böyük dividendlər qazanacaq. Azərbaycan
iqtisadiyyatı dayanıqlığını
təmin edəcək
və bu proses bölgələrin sosial-iqtisadi inkişafını
şərtləndirəcək layihələrin icrasına
real zəmin yaradacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2021.- 9 dekabr.- S.1; 3.