Pandemiya “Omikron”la bitir?
Yeni ştamla bağlı müxtəlif
ehtimallar irəli sürülür
Pandemiyaya çevrilən koronavirusun “Delta” variantı yoluxmuş insanlar arasında xəstəliklərin ağırlaşmasına, ölümlərin baş verməsinə səbəb olmaqda davam edir.
Lakin hazırda təkcə “Delta”nın yoluxma halları arasında dominantlıq təşkil etməsi deyil, virusun sonuncu növü olan “Omikron”un getdikcə daha çox ərazilərdə yayılması təşviş doğurur. Qısa zaman ərzində qonşu Rusiya, Türkiyə və İran da daxil olmaqla, “Omikron”a dünyanın 60-a yaxın ölkəsində rast gəlinib ki, bu da mövcud narahatlıqları artırır.
ÜST: “Omikron”un
daha yoluxucu olması
ilə bağlı deyilənlər hələlik fərziyyələrdir
“Omikron” variantının insanlar arasında hansı sürətlə yayıla biləcəyi tam olaraq məlum deyil. Virusun episentri olan Cənubi Afrikada bugünə qədər olan sənədləşdirilmiş yoluxma hallarının sayının nisbətən az olması yeni növün ötürülmə qabiliyyətini qiymətləndirməyi çətinləşdirir.
Virusun yayılması ilə bağlı fikirlər də, demək olar ki, daha çox ehtimallar üzərində qurulub. Məsələn, bu ehtimallardan biri budur ki, “Omikron” orijinal SARS-CoV-2 virusu ilə müqayisədə daha çox ötürücüdür. Lakin onun “Delta”dan daha çox yayıla bilməsi barədə nəticə çıxarmaq çətindir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove də “Omikron” ştamının daha yoluxucu olması ilə bağlı hələlik yalnız fərziyyələrin olduğunu söyləyib: “Cənubi Afrikadan gələn məlumatlara görə, orada virusa yoluxanların sayı artır. Ancaq bizə “Omikron”un hələ də dünyada hökmranlıq edən “Delta” variantı ilə müqayisədə daha çox və ya daha az yoluxucu olduğunu anlamaq vacibdir”.
Böyüklər üçün
çox qorxulu olmayan uşaqlar üçün təhlükəlidir
Ağ Evin baş tibbi müşaviri Antoni Fauci isə Cənubi Afrikadakı yoluxma sayına əsaslanaraq bir qədər nikbin danışıb. O bildirib ki, “Omikron” daha əvvəllər fikirləşdiyimiz kimi təhlükəli deyil. O, virusun şiddət səviyyəsinin bir az “ümidverici” olduğunu söyləyib: “Cənubi Afrikada “Omikron”un ötürmə üstünlüyü olsa da, indiyə qədər bu virusla bağlı böyük bir şiddət müşahidə edilməyib. Bugünə qədər bizə gəlib çatan məlumatlar şiddətlə bağlı vəziyyətin bir az “ümidverici” olduğunu deməyə əsas verir. Ancaq “Omikron”un daha az şiddətli olması və ya “Delta” ilə müqayisədə ciddi xəstəlik yaratmaması fikrinə əsaslanaraq hər hansı bir qərar verməmişdən əvvəl gözlənilən nəticələri çox diqqətlə təhlil etməliyik”.
Türkiyənin Hacettepe Universitetinin Uşaq Yoluxucu Xəstəliklər üzrə baş mütəxəssisi, professor Mehmet Ceyhan isə “Omikron”un uşaqlar üçün təhlküləli ola biləcəyi ehtimalını irəli sürüb.
Onun sözlərinə görə, “Omikron” variantının ortaya çıxması ilə Cənubi Afrikada gündəlik yoluxmaların sayı xeyli artıb. İndiyədək bu virusa yoluxanların vəziyyəti çox ciddi olmayıb. Ancaq ən diqqətçəkən hal ağırlaşmaların daha çox uşaqlarda, xüsusilə 0-5 yaşlılarda müşahidə olunmasıdır: “Bu, çox maraqlı vəziyyətdir. Çünki əvvəlki yoluxmalarda 5 yaşa qədər uşaqlarda simptomatik xəstəliklərin sayı digər yaş qruplarına nisbətən aşağı olmuşdu. Bu yaş qrupunun hələ peyvənd olunma şansı olmadığı üçün tədbirləri gücləndirmək və xəstəliyin kiçik uşaqlara keçməsinin, peyvənd olunmamış böyüklərin azyaşlılarla təmasının qarşısını almaq vacibdir”.
Bəzi tədqiqatçılar isə pandemiyanın 2022-ci ilin sonunda bitəcəyi ilə bağlı optimist fikirlər irəli sürürlər. Elm adamlarından bir necəsi pandemiyanın hətta “Omikron” ştamı ilə sona çatacağını iddia edirlər. Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin baş əməkdaşı, tibb elmləri doktoru, professor Anatoli Altşteyn iddia edir ki, “Omikron” ştamı koronavirusun gedişatını yüngülləşdirə və pandemiyaya son qoya bilər. “Omikron”un yoluxuculuğu yalnız müəyyən müddətdən sonra qiymətləndiriləcək, lakin onun genomuna dair məlumatlar bu ştamın törətdiyi xəstəliyin virusun digər ştamlarından daha yüngül olacağını proqnozlaşdırmağa imkan verir.
“Omikron”u hələlik dəhşətli virus saymayan alim onun ömrünün qısa olacağını, yeni ildə bu ştama artıq rast gəlinməyəcəyini təxmin edir. Rusiyalı virusoloq Petr Çumakov da pandemiyanın gedişatının “Omikron” ilə dəyişəcəyi qənaətindədir. Alimlərin bu virusa optimist yanaşdığını deyən virusoloq istisna etmir ki, “Omikron” təbii vaksinasiya rolunu oynayacaq. Başqa sözlə, yeni ştam insanların sağlamlığına zərər vermədən onlarda immun müdafiə sistemi yaradacaq. Bunun baş verməsi üçün 2 şərt tələb olunur ki, bunlardan birincisi, risk qrupuna daxil olanların, o cümlədən yaşlı insanların “Omikron”a yoluxub, onu yüngül keçirib sağalmalarıdır. Digər şərt isə budur ki, az zərərli olan “Omikron” hazırda dominant olan “Delta”nı sıxışdırıb “taxt”ından salmasıdır. P.Çumakov hesab edir ki, “Omikron”un sürətlə yayılması xeyrədir. Çünki bu halda yüngül xəstələnib, koronavirusa qarşı yaxşı, təbii immunitet qazanmaq şansı yaranır. Bütün bu təxminlərə baxmayaraq, virusoloq COVID-dən ölüm hallarının artdığı hazırkı şəraitdə peyvənd olunmanı ən düzgün yol sayır.
Pandemiya 2024-cü ilədək uzana bilər
ÜST-ün eksperti Mariya van Kerkhovenin dediklərindən belə nəticəyə gəlmək olar ki, əslində, pandemiya bəzilərinin iddia etdiyi kimi, “Omikron”la bitməyəcək. Təşkilat rəsmisi bundan sonra da yeni ştamların yayıla bilməsini mümkün sayır: “ÜST-ün “narahatlıq doğuran variantlar” siyahısına daxil etdiyi “Omikron” ən sonuncu ştamdır. Lakin bu siyahıda başqaları da olacaq, çünki virus nə qədər çox dövr edirsə, o, bir o qədər mutasiya etmək qabiliyyətinə malikdir”.
ÜST rəsmisi istisna etmir ki, “Omikron” variantının yayılması “Delta”nın yoluxma hallarının sayında üstünlük təşkil etdiyi Avropada epidemioloji vəziyyəti gərginləşdirə bilər.
ABŞ-ın Şimali Karolina ştatındakı Duke Qlobal Sağlamlıq İnnovasiya Mərkəzinin COVID-19 məlumat qrupuna rəhbərlik edən Andrea Taylor isə deyir ki, varlı dövlətlər mövcud peyvənd ehtiyatının çoxunu almaqda israr etdikcə, “Omikron” kimi yeni variantlar ortaya çıxmağa davam etdikcə pandemiya 2023-cü, hətta 2024-cü ilə qədər uzana bilər.
İlhamə İSABALAYEVA
Azərbaycan.-
2021.- 9 dekabr.- S.1; 6.