Mikayıl Cabbarov: “Güləş ailəsinin üzvü olmaqdan qürur duyuram 

 

“Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsinə seçilməyim üçün mənə göstərilən etimada görə, ilk növbədə, federasiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Güləş ailəsinin üzvü olmaqdan qürur duyuram”.

Bu fikirləri dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının yeni prezidenti seçilmiş Mikayıl Cabbarov səsvermədən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycanın milli idman növü olan güləşin Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini vurğulayan Mikayıl Cabbarov bildirib: “Güləşçilərimiz dünya və qitə miqyaslı yarışlarda uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırırlar. Güləş üzrə Avropa, dünyaOlimpiya çempionlarımız var. Çalışacağıq ki, idmanın bu növünün kütləviliyini daha da artıraq”.

Federasiya prezidenti qarşıda duran əsas hədəfin güləş idman növündə daha böyük nailiyyətlərin və Olimpiadada qızıl medalların qazanılması olduğunu qeyd edib: “Hər idman növündə Olimpiya Oyunlarında yüksək nailiyyət əldə etmək əsas hədəfdir. Azərbaycanın ənənəvi idman növü olan güləş üzrə qızıl medalın qazanılması əsas məqsədlərdəndir. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Mikayıl Cabbarov qısa müddətdə federasiyanın icraiyyə komitəsinin yeni tərkibinin formalaşdırılacağını, daha sonra fəaliyyət planının idman ictimaiyyətinə təqdim ediləcəyini bildirib.

 

Azərbaycan.- 2021.- 9 dekabr.- S.6.