Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, eləcə də Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə incəsənət və rəssamlıq məktəbi  şagirdlərinin “Xəmsə” və “Zəfər günü” mövzularında çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Sonra Heydər Əliyev Mərkəzinin akt zalında Gəncə Dövlət Kukla Teatrının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırladığı “Xeyir və Şər” tamaşası nümayiş etdirilmişdir. Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədovun yaratdığı Nizami obrazı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda şəhər icra hakimiyyəti tərəfindən şəhid  qazi uşaqlarına Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında yazılmış “El dastanı” kitabı  hədiyyə edilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2021.-9 dekabr.- S.7.