Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birgə Qəbələ rayonunda özünüməşğulluq proqramı çərçivəsində şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin şəhidi İsmayıl Kərimovun atası Abbas Kərimov üçün yaradılmış iribuynuzlu heyvandarlıq təsərrüfatı, Vətən müharibəsi əlili Nicat Ədilli üçün yaradılmış dönərçilik fəaliyyəti üzrə kiçik müəssisə, Vətən müharibəsi əlili Ayaz Səfərlinin həyat yoldaşı Könül Səfərli üçün yaradılmış arıçılıq təsərrüfatı nəzərdən keçirilib.

Proqram iştirakçıları ilə görüşən S.Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı dəstək işləri aparılır. Bu işlər çərçivəsində həmin kateqoriyalara aid 8 min şəxs aktiv məşğulluq proqramına cəlb edilib. O cümlədən 5500-dən çox şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 2500-dən çox şəxs isə münasib işlə təmin edilib. Özünüməşğulluq proqramına cəlb olunan şəhid ailələri üzvləri və qazilər qısa müddətdə malmateriallarla təmin ediliröz təsərrüfatlarını qururlar. Hazırda da bu işlər davam edir.

Proqram iştirakçıları A.Kərimov, N.Ədilli, K.Səfərli onlara verilmiş aktivlərdən düzgün və məqsədyönlü istifadə edərək, kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar. Onlar şəhid ailələri və qazilərə göstərilən qayğı və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, aparılan işlərin davamı olaraq Qəbələ rayonunda bu ilin ötən dövründə daha 250 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.

 

Azərbaycan.- 2021.- 4 dekabr.- S.4.