Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən Qəbələ
rayonunda Uşaq Reabilitasiya Mərkəzi istifadəyə
verilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər verir ki, əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev tədbirdən əvvəl
Qəbələ Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi Abdullayevlə birgə
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzüb, xatirəsini dərin
ehtiramla yad edib.
Mərkəzin
açılışı tədbirində S.Babayev bildirib ki,
3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər
Günündə ölkəmizdə daha bir reabilitasiya müəssisəsinin
– Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə
verilməsi Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə,
sağlamlıq imkanları məhdud uşaqlara xüsusi
qayğısının növbəti təzahürüdür.
Nazir qeyd edib ki, 2019-2020-ci illərdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Nazirliyin reabilitasiya müəssisələrində bu ilin 11 ayında 7500-dən çox əlilliyi olan şəxsə xidmət göstərilib, əlilliyi olan 8 min şəxs 40 mindən artıq protez-ortopedik və digər reabilitasiya vasitəsi ilə təmin edilib.
Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 1600 qaziyə xidmət göstərildiyini deyən S.Babayev 1100-dək Qarabağ müharibəsi əlilinə 10800 reabilitasiya vasitəsinin verildiyini, 164 hərbçinin 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyini bildirib. O, nazirliyin Bakıda iki Uşaq Reabilitasiya Mərkəzinin olduğunu, müasir tələblərə uyğun qurulmuş həmin mərkəzlərdə il ərzində 3 minədək uşağın tibbi, sosial, həmçinin tədris-peşə reabilitasiya tədbirləri ilə əhatə olunduğunu deyib. Uşaq reabilitasiya infrastrukturunun genişləndirilməsi işlərinin aparıldığını vurğulayan nazir, bu gün Qəbələdə daha bir belə mərkəzin açıldığını qeyd edib. Gələn il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyini bildirib.
S.Babayev diqqətə çatdırıb ki, yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verəcək.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərilməsi sahəsində mühüm işlərin aparıldığını vurğulayıb. O, Qəbələdə belə bir mərkəzin yaradılmasının bölgədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətləri ilə təminatına mühüm bir dəstək olduğunu bildirib.
Sonra Uşaq Reabilitasiya Mərkəzində yaradılmış şəraitə baxış olub.
İyirmi beş çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisə müasir cihazlarla, tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Müəssisədə bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstəriləcək. Tədris-peşə reabilitasiyası, müəyyən tədris metodikaları da həyata keçiriləcək. Eləcə də musiqi, əmək terapiyaları əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanacaq.
Azərbaycan.- 2021.- 4 dekabr.- S.4.