Ermənistanda generallar
bir-birini ifşa edirlər
Orduda həbs
dalğası yüksəkrütbəli
hərbçilər arasında
ciddi təşviş
yaradıb
Bu günlərdə
Ermənistanda orduya bağlı şəxslərin
həbs olunması ölkədə yeni daxili qarşıdurmaya gətirib çıxarmaqdadır.
Ermənistanın “4rd.am” nəşri yazır ki, baş verənlər
hakimiyyət və müxalifət arasında,
eləcə də iqtidarın öz daxilində çəkişmələrə
səbəb olub. Belə ki,
məşhur bloger
Roman Baqdasaryanın yaydığı
videolar əsasında
hərbi cinayətlərlə
bağlı növbəti
qalmaqal yaşanıb.
Separatçı rejim generallarının
əleyhinə ciddi ittihamların səsləndiyi
kifayət qədər
qalmaqallı açıqlama
Milli Təhlükəsizlik
Xidmətinə göndərilib.
Erməni döyüşçülər
bir-birini ifşa ediblər: “General və polkovniklərimiz
fərari idi.
44 günlük
müharibə zamanı
keçmiş qondarma
rejimin “müdafiə ordusu”nun zabit və generalları qətllər törədiblər”.
Vurğulanır ki, ordu rəhbərliyi
elə əmrlər verib ki, bunun
nəticəsində yüzlərlə,
hətta minlərlə
əsgər həlak olub. O cümlədən təkcə
Suqovuşan istiqamətində
cinayətkar əmrlər
nəticəsində 250 hərbçi
ölüb. Onların ölümündə isə yüksəkrütbəli
hərbçilər günahkardırlar.
Prokurorluq bəyan edib
ki, Baqdasaryan bu videoçıxışında
cinayətlə bağlı
məlumat verib. Buna əsasən materialın
sonrakı müzakirəsi
üçün videonun
Milli Təhlükəsizlik
Xidmətinə təqdim
edilməsi qərara alınıb.
Müəllif xatırlatma
edib ki, Roman Baqdasaryan Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş razılaşması”nın fəalı və hakimiyyətin qatı tərəfdarıdır.
O, 2021-ci il seçkiləri zamanı
Nikol Paşinyanın qərargahında da görüntülənib.
Xatırladaq ki, Ermənistanda silah tədarükü ilə bağlı açılmış
cinayət işi çərçivəsində dörd nəfər - keçmiş müdafiə
naziri David Tonoyan, silah tədarükçüsü
David Qalstyan, keçmiş
aviasiya rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan da həbs
olunub. Lakin bu həbslər
Ermənistanın yüksəkçinli
məmurları arasında
getdikcə alovlanan yeni qarşıdurmaya səbəb olub. Belə ki, hazırkı müdafiə naziri Suren Papikyan və Milli Təhlükəsizlik
Xidmətinin rəhbəri
Armen Abazyan arasında narazılıq
yaranıb. Müdafiə naziri bu cür
səs-küylü işdə
Ermənistan ordusunun rüsvay edilməsini qəbul etməyib. Həmçinin cinayət işində
Milli Təhlükəsizlik
Xidmətinin də əməkdaşlarının adları
hallanıb. Lakin iki
qurum arasında rəqabət, sadəcə,
bir tərəfin cəzalandırılması ilə
nəticələnib. Bu
ədavətdə Armen
Abazyanın mövqeyi
daha üstün olub və cinayət
işi çərçivəsində
yalnız müdafiə
nazirliyində çalışmış
şəxslər həbs
ediliblər.
Baş verənlər erməni ordusunda yüksəkrütbəli
hərbçilər arasında
ciddi təşviş
yaradıb. Erməni generaliteti hesab
edir ki, bu proseslərdə Ermənistan ordusu itirəcək. İddia olunur
ki, uzun illər böyük təcrübəyə malik
hərbçilər artıq
həmin postları tutmayacaq, əvəzində
mövcud siyasi hakimiyyətə bağlı
olan şəxslər
hərbi qurumlarda yüksək vəzifəyə
gətiriləcək, nəticədə
ordu daha da zəifləyəcəkdir.
Hesab edilir ki, Ermənistanın
siyasi hakimiyyəti özünü ayaqda tutmaq üçün davamlı olaraq generallardan “günah keçisi” kimi istifadə edir.
Amma kiçik Ermənistanın
ordusunun general yetişdirmək
imkanları o qədər
də böyük deyil. Bəzən eyni şəxs
bir neçə dəfə vəzifədən
atılıb, sonra kadr çatışmazlığı
səbəbindən yenidən
vəzifəyə təyin
edilib. Bunlardan biri də Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyandır.
Ermənistanın sabiq prezidenti
Serj Sarkisyan hələ 2016-cı ilin aprelindən sonra müdafiə nazirinin müavinləri ilə bərabər bir neçə idarə rəisini, o cümlədən
Ermənistan Silahlı
Qüvvələri Baş
Qərargahının kəşfiyyat
idarəsinin rəisi Arşak Karapetyanı vəzifədən azad etmişdi. 2016-cı ilin mayın sonunda Arşak ilə yaxın münasibətlərdə olan
general Mels Çilingəryan,
polkovnik Mqer Papyan və Armen Marqaryan tutulmuşdular.
Karapetyanın açılan iki müxtəlif cinayət işindən biri üzrə saxlanılması
nəzərdə tutulurdu. Söhbətin alınan texniki kəşfiyyat vasitələrinin
aşağı keyfiyyətə
malik olmasına baxmayaraq, baha qiymətə rəsmiləşdirilməsindən
getdiyi ehtimal olunurdu. Lakin hansısa qüvvə
o zaman Arşak Karapetyanı cinayət məsuliyyətindən azad
edə bilmişdi.
Ötən ayın ortalarında
isə o, müdafiə
naziri postundan uzaqlaşdırılmışdı.
Bütün bunlar Ermənistanın yenə qarışmasını
istisna etmir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2021.- 4 dekabr.- S.1; 5.