Azərbaycanda üzümçülük:
mövcud vəziyyət və gələcək
imkanlar
Yazılan ampeloqrafik əsərlər,
yaradılan yeni sortlar
ölkədə üzümçülüyün
inkişafına yeni perspektivlər vəd
edir
Müasir dövrdə üzüm istehsalı üçün yararlı torpaq şəraitinə malik olan bölgələrin mövcudluğu, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, yerli üzüm sortlarının zəngin genofondu, mövcud işçi qüvvəsi, üzüm emalı sənaye müəssisələrinin yerli xammala tələbatının dolğun ödənilməsi, həmçinin dünya bazarlarına yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümü və müxtəlif şərab məhsullarının çıxarılması imkanları ölkəmizdə üzümçülüyün daha da inkişaf etdirilməsini aktuallaşdırmışdır.
Məhz buna görə Azərbaycanda bu məsələ prioritet vəzifə kimi qarşıya qoyulmuş, müvafiq dövlət proqramları qəbul edilmişdir.
Yaxın keçmişə nəzər salsaq görərik ki, respublikada üzümçülük məqsədyönlü inkişaf yolu keçmişdir. Azərbaycanda 1984-cü ildə üzümlüklərin ümumi əkin sahəsi 284,1 min hektara, məhsul yığımı 2 milyon 126,1 min tona, məhsuldarlıq isə 99,2 sentnerə yüksəlmişdi. Lakin 1985-ci ildə “Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri” ilə bağlı qəbul edilmiş məlum qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vurulmuşdur. 130 min hektardan çox məhsuldar üzüm bağları məhv edilmiş, 76 istehsal, 116 ilkin emal müəssisələri fəaliyyətini dayandırmışdır.
Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq Azərbaycanda üzümçülüyün dirçəldilməsi üçün əlverişli şərait yaranmışdır. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” qanun qəbul olunmuşdur. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair dövlət proqramı” təsdiq edildikdən sonra isə bu sahədə əsl canlanma baş vermişdir. Proqram ölkədə üzümçülüyün inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Sənəddə müasir tipli yeni plantasiyaların salınması, kişmişi, süfrə və texniki üzüm sortlarından ibarət əkin sahələrinin genişləndirilməsi, tingçilik təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının təşkili, üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi, modul tipli emal müəssisələrinin yaradılması, aqrotexniki qulluq işlərində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, ixrac məhsullarının stimullaşdırılması və digər vəzifələr irəli sürülmüşdür. Həmin vəzifələrin icrası sayəsində məhsul yığımı 2012-ci ildə 151 min, 2015-ci ildə 157,1 min, 2018-ci ildə 167,6 min, 2019-cu ildə 201,8 min, 2020-ci ildə isə 201,5 min tona çatmışdır. Onu da qeyd edək ki, həmin illərdə istehsal əsasən məhsuldarlıq hesabına artmışdır. Son illər üzüm məhsullarının ixrac edilməsi də stimullaşdırılmışdır. Təkcə 2019-cu ildə Azərbaycandan xarici ölkələrə 4 milyon 168,3 ton üzüm məhsulu ixrac edilmişdir.
Bu dinamik inkişafa, ilk növbədə, ona görə nail olunmuşdur ki, üzümçülük iqtisadi baxımdan gəlirli sahədir. Məsələn, bir hektar üzüm bağından əldə olunan maddi gəlir müvafiq pambıq sahəsindən 2,7, dənli-paxlalı bitkilərdən 3,9, tərəvəzdən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə yüksəkdir. Azərbaycanın coğrafi ərazisi, təbii torpaq-iqlim qurşaqları isə üzüm plantasiyaları sahəsini 150 min hektara, istehsalını 1-1,2 milyon tona çatdırmağa imkan verir, özü də başqa bitkilərin əkin sahələrini azaltmadan. Üstəlik, Azərbaycanın işğaldan azad olunmuş cənub rayonlarında üzümçülüyün genişləndirilməsi imkanları da var. Yaxın gələcəkdə bu ərazilərdə üzümçülüyün inkişafının ölkə iqtisadiyyatına mühüm töhfə verəcəyi şübhəsizdir.
Son dövrlər Naxçıvan MR-də də üzümçülüyün genişləndirilməsinə xüsusi diqqət verilir. Bu baxımdan Nehrəm kənd inzibatı ərazisinin şərq hissəsində indiyə qədər istifadəsiz qalan təpəliklərin şumlanaraq əkinə yararlı hala gətirilməsi nəticəsində 170 hektardan çox müasir tipli süfrə üzümü plantasiyalarının salınması dövlət proqramlarının icrasına ən layiqli töhfədir. Üzümlükdə tənəklərin müasir tipli damcı üsulu ilə suvarılması, şaxtadan, xəstəlik və zərərvericilərdən qorunması şəbəkəsi yaradılmış və avtomatlaşdırılmışdır. Bu ərazidən toplanılan süfrə üzümü xarici ölkə bazarlarına da çıxarılır. Ümumiyyətlə, Naxçıvan MR ərazisində üzüm genofondunun zənginliyi, əlverişli torpaq-iqlim şəraiti üzümçülük və şərabçılığın inkişafı üçün geniş imkanlar açır. Yaxın gələcəkdə isə Türkiyə və Azərbaycanla Zəngəzur dəhlizi ilə dəmir yolunun açılması nəticəsində üzüm məhsullarının ticarət dövriyyəsi imkanlarının daha da genişlənəcəyi gözlənilir.
“2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” aqrar-sənaye kompleksinin rentabelli və ən qədim sahələrindən olan şərabçılığın innovativ texnologiya əsasında inkişafına yönəlmişdir. Hazırda ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas hədəflərdən biridir. Sözügedən dövlət proqramının məqsədi də 2025-ci ilə qədər ölkədə şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.
Müasir dövrdə Azərbaycanda üzümçülüyün inkişaf problemləri ilə məşğul olan elmi-tədqiqat institutlarında üzüm genofondunun qorunması və tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi, süfrə üzümü və şərabçılıq istiqamətində istifadə olunan yeni iqtisadi əhəmiyyətli sortların yaradılması, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ayrı-ayrı vaxtlarda yetişən, yüksək rentabelli, şaxtaya, xəstəlik və ziyanvericilərə nisbətən dözümlü yeni sortların əkin dövriyyəsinə əlavə edilməsi və istifadəsi, üzümlüklərdə müasir aqrotexniki qulluq qaydalarının tətbiq edilməsi, ampeloqrafik elmi əsasların yaradılması ən aktual problemlərdən biridir. Bu baxımdan aqrar elmləri doktoru Varis Quliyev tərəfindən yazılmış “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası” və digər əsərlər ölkədə müvafiq dövlət proqramlarının icrasına uyğun olaraq üzümçülüyün elmi əsaslarla genişləndirilməsində, istehsal prosesində məqsədyönlü sort seçiminin düzgün aparılmasında, sahələrdən yüksək maddi gəlirin əldə olunmasında mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. Qeyd edək ki, 2012-ci ildə nəşr edilmiş “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” kitabında Naxçıvan MR-də üzümçülüyün inkişaf tarixi, müasir vəziyyəti, yararlı torpaq sahələrinin xəritəsi verilmiş, üzüm tənəyinə təsir edən ekoloji amillər tədqiq olunmuş, genofondun tərkibi, həmçinin 93 aborigen, 14 introduksiya olunmuş və seleksiya yolu ilə alınmış yeni üzüm sortlarının irsi xüsusiyyətləri, biomorfoloji, aqrobioloji göstəriciləri, xəstəliklərə, şaxtaya dözümlülüyü, becərilən perspektivli sortların iqtisadi qiymətləndirilməsi aparılmış və ampeloqrafik təsvirləri verilmişdir. 2017-ci və 2020-ci illərdə nəşr edilmiş iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası” adlı yeni nəşrlərdə isə Azərbaycanda üzümçülüyün inkişaf tarixi, müasir vəziyyəti, üzümçülük üzrə təbii-iqtisadi bölgələr, üzümçülüyün inkişaf strategiyası, becərilən üzüm sortlarının genofondunun tərkibi haqqında elmi məlumatlar verilməklə 250-dən artıq becərilən yerli üzüm sortlarının ampeloqrafiq təsvirləri, iqtisadi göstəriciləri haqqında ətraflı elmi məlumatlar yer almışdır. Ümumiyyətlə, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya rəhbəri Varis Quliyev tərəfindən 40 ilə yaxındır ki, üzüm bitkisinin genetikası və seleksiyası istiqamətində elmi-tədqiqat işləri aparılır. Tədqiqatlar nəticəsində dünya ampeloqrafiya elminin yeni rəqəmsal ampeloqrafiya sahəsi yaradılmışdır. Həmçinin 2020-ci ildə laboratoriyada seleksiya yolu ilə əldə olunmuş iqtisadi əhəmiyyətli 8 yeni üzüm sortuna patent və müəlliflik şəhadətnaməsi verilmişdir. Bütün bunlar ölkədə üzümçülüyün elmi əsaslarla genişləndirilməsində, əhalinin üzümdən alınan çoxçeşidli qida məhsulları ilə təmin olunmasında və şərabçılıq sənayesinin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Zaur RZAYEV,
aqrar elmləri doktoru,
professor
Azərbaycan.-
2021.- 4 dekabr.- S.6.