Ermənistan dünyanın gözü qarşısında hərbi cinayətlərini davam etdirir

 

Beynəlxalq ictimaiyyət işğalçı ölkəni faşist xislətindən əl çəkməyə və mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir

 

Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas milli prioritet yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışıdır. Buna görə də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun rəşadəti ilə 44 günlük Vətən müharibəsinin qürurlu Zəfərlə sonlanmasından dərhal sonra dövlətimiz azadlığına qovuşdurulan Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpası və yenidənqurulmasına başlayıb.

Doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün böyük layihələr həyata keçirilir. İşğaldan azad edilən ərazilərimizdə infrastruktur bərpa olunur, yollar çəkilir, su elektrik stansiyaları tikilir, beynəlxalq hava limanlarının təməlləri qoyulur, istifadəyə verilir, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır. İşğalçı Ermənistan tərəfindən barbarlıqla dağıdılan, məhv edilən tarixi, mədəni, dini irsimiz bərpa olunur. Əzəli dədə-baba torpaqlarımız azad edildikdən sonra bütün dünya erməni vəhşiliyinin bir daha faktlarla şahidi oldu. Barbar xislətli düşmən 30 ilə yaxın işğalda saxladığı yurdlarımızı yerlə-yeksan edib, demək olar ki, bütün sosial-inzibati binaları, tarixi abidələri dağıdıb.

Bu ərazilərdə mövcud olan 67 məscidin 65-nin tamamilə dağıdılması faktı isə düşmənin mənfur əməlinin dəhşətli miqyasını bir daha təsdiqləyir. İşğaldan azad edilən bölgələrimizə səfər edən hər bir vətəndaşımız, o cümlədən xarici qonaqlar, diplomatlar, QHT nümayəndələri, media mənsubları həmin ərazilərdə ermənilərin törətdiyi cinayət əməlləri ilə qarşılaşaraq dəhşətə gəlirlər. Mənfurlar burada hər şeyi talan edib, dağıdıb, ekoloji terror həyata keçirərək bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi məhv edib, bir sözlə, həyata dair hər nə varsa nəfəsini kəsməyə çalışıblar...

 

Ermənistanın Azərbaycana verdiyi xəritələrin dəqiqliyi cəmi 25 faizdir

 

Amma Azərbaycan cəmi 44 gün ərzində işğalçı düşməni qovaraq tarixi torpaqlarını özünə qaytardı və bununla da haqq-ədaləti bərpa edərək yüz minlərlə insanın Vətəndə qəribçiliyinə son qoydu.

Prezident İlham Əliyevin birbaşa nəzarəti və diqqəti altında işğaldan azad edilən ərazilərdə sürətlə həyata keçirilən böyük quruculuq və bərpa işləri isə çox tezliklə həmin insanların öz doğma torpaqlarına dönəcəklərindən və həyatlarını dədə-baba yurdlarında davam etdirəcəklərindən xəbər verir.

Lakin işğalçı Ermənistanın son xain cəhdi kimi faşist xislətinə xas olaraq torpaqlarımızda yüz minlərlə mina basdırması bu prosesin tez bir zamanda baş verməsini ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir. Ermənistan hazırda da hərbi cinayət əməllərini davam etdirərək hər bir vəchlə mina xəritələrini verməkdən boyun qaçırır.

Bu il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tankpiyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faiz təşkil edir.

Prezident İlham Əliyev bu ilin 15 oktyabrında MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında da bu məsələ ilə bağlı bildirdi ki, hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır: “...Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir”.

 

Ermənistan tərəfindən ərazilərimizə döşənən minaların partlaması nəticəsində Azərbaycanın 200-ə yaxın vətəndaşı həlak olubya ciddi xəsarət alıb

 

Ümumiyyətlə, üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində 71-i mülki şəxs olmaqla 180 Azərbaycan vətəndaşı həlak olubya ciddi xəsarət alıb. Onların arasında jurnalistlər və media işçiləri də var.

Göründüyü kimi, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri hərbi cinayətlər davam edir. Ermənistan bütün razılaşdırılmış və beynəlxalq humanitar qanundan irəli gələn öhdəlikləri pozaraq minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır. Buna görə də beynəlxalq ictimaiyyət onların bu mənfur əməllərinə, sadəcə, seyrçi qalmamalı, öhdəliklərini yerinə yetirmələri üçün Ermənistana əlavə təzyiqlər göstərməlidir. Ermənistana anlatmaq lazımdır ki, 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyəti ilə barışmalı, daha çox azərbaycanlının ölməsinə hesablanan murdar faşist xislətindən əl çəkərək dərhal və qeyd-şərtsiz dəqiq mina xəritələrini Azərbaycana qaytarmalıdır.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2021.- 4 dekabr.- S.1; 8.