Mustafa Şentop: “Azərbaycanın
Vətən müharibəsində Zəfəri regionun inkişafı, sülh
və əməkdaşlıq baxımından əhəmiyyətlidir”
İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) XVI Konfransında iştirak etmək üçün İstanbulda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 9-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Mustafa Şentop görüşdən məmnunluğunu ifadə edib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra Qarabağda, eləcə də Cənubi Qafqazda yeni imkanların yarandığını vurğulayan Türkiyə parlamentinin sədri bu Qələbənin regionun inkişafı, gələcək imkanlar, sülh və əməkdaşlıq baxımından əhəmiyyətini xüsusi qeyd edib. İşğaldan azad olunan Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması məsələlərinə toxunan Mustafa Şentop, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bölgədə yaranacaq yeni imkanlar və bunun bütün türk dövlətlərinə müsbət təsirini xüsusi qeyd edib. O, iki qardaş ölkə arasındakı münasibətlərin, birlik və həmrəyliyinin hər zaman olduğu kimi, bundan sonra da davam edəcəyini vurğulayıb.
Öz növbəsində dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Sahibə Qafarova Türkiyədə özlərini Vətəndə kimi hiss etdiklərini bildirib. Sahibə Qafarova Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin çox möhkəm təməllərə əsaslandığını bildirərək qeyd edib ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.
Milli Məclisin sədri noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında verdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.
Azərbaycanın tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsini xatırladan Sahibə Qafarova hər zaman olduğu kimi, bu dövr ərzində də Türkiyə dövlətinin və xalqının daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb. O deyib ki, dünya 44 günlük Vətən müharibəsində bir daha Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin şahidi oldu.
İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının XVI Konfransının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Sahibə Qafarova Azərbaycanın sözügedən qurumla əməkdaşlığa böyük əhəmiyyət verildiyini bildirib. Milli Məclisin sədri İƏT-in ölkələr arasında əlaqələrdə güclənən rolu, dünyada artan islamofobiya və onun yaratdığı təhlükələr, COVID-19 pandemiyasına qarşı qlobal mübarizə və bir sıra digər məsələlər haqqında fikirlərini ifadə edib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2021.- 10 dekabr.- S.2.