Möhtəşəm Zəfərin rəmzi
“Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. - Ali Baş Komandan İlham Əliyevin vaxtilə torpaqlarımız işğal altında olarkən səsləndirdiyi bu fikirləri o vaxt çoxları gerçəklik kimi qəbul etmirdi. Lakin cənab İlham Əliyev bütün mötəbər kürsülərdən “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” nidasını dünyaya bəyan edirdi. Bu, gəlişi gözəl sözlər deyildi, ölkənin rəhbəri, Silahlı Qüvvələrirn Ali Baş Komandanı tərəfindən səsləndirilən bu fikirlərin arxasında böyük həqiqətlər dayanırdı. Lakin məğlubiyyətlə barışmazlıq təkcə yetərli deyildi. Bu gerçəyi funksional siyasətə çevirmək üçün böyük səbir və mətanətlə bərabər, xalqı bu ideya ətrafında səfərbər etmək lazım idi. Bu isə üç amili özündə birləşdirirdi: güclü iqtisadiyyat, güclü ordu, vətənpərvər gənclik.
Böyük Qələbənin rəhni
Azərbaycanı müstrəqilliyini itirmək təhlükəsindən qurtaran Ümummilli Lider Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarını söyləyərək bu strateji hədəfə çatmaq üçün yaratdığı münbit şəraiti uğurla öz siyasi varisinə ötürdü.
Azəbaycanın müstəqillik illərində sahib olduğu iqtisadi qüdrəti böyük qələbə üçün zəmin yaratdı. Məhz cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Çünki iqtisadi inkişaf bizim Qələbəmizin əsasını təşkil etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlarla təchiz edə bilməzdik. Eyni zamanda Azərbaycan yeni neft strategiyası sayəsində Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda saxladı.
Ordu quruculuğunun təməl daşlarının Heydər Əliyev tərəfindən düzgün qoyulması, uğurlu siyasi varis İlham Əliyev tərəfindən davam etdirilməsi Böyük Qələbənin rəhninə çevrildi.
Tarix göstərir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışaraq bu missiyanı ləyaqətlə yerinə yetiriblər. Vətənpərvər gəncliyin yetişməsi və bu kontekstdə hərbi potensialının gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzində olub.
Ordumuzun tarixi ənənələrə sahib olmasını heç vaxt unutdurmayan Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş Azərbaycan Respublikası, müstəqilliyinin ilk illərində oktyabrın 9-nu Ordu günü kimi qeyd etsə də, Ümummilli Lider Heydər Əliyev tarixi ənənəni yaşatmaq üçün 22 may 1998-ci il tarixdə Fərman imzalamış və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaradıldığı 26 İyun tarixini Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan etmişdir.
Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində oldu. Bu mənəvi tərbiyə 44 günülük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi.
Azərbaycan tarixi qarşısında xidmətlərin
mükafatı
Ali Baş Komandan İlham Əliyevin böyük qürurla söylədiyi “mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi” fikrinin əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi təştil edirdi.
Azərbaycan hərb tarixinin öyrənilməsi məsələsini daim diqqət mərkəzində saxlayan cənab İlham Əliyevin 20 noyabr 2014-cü il tarixdə görkəmli hərbi xadim Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Fərmanında yazılır: “XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir”.
Prezident İlham Əliyevin 29 sentaybr 2015-ci il tarixdə AXC-nin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamında qeyd edilir: “General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir”.
Azərbaycan hərb tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda Prezident İlham Əliyevin soy-kokümüzə, tarixi ənənələrimizə sonsuz ehtiramın nümunəsidir.
Bütün bunlar tarixi Zəfərin təsadüfi olmadığını və bu Qələbəyə həsr edilmiş Zəfər paradının keçirilməsi də 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi Müzəffər Ali Baş Komandan ünvanını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi.
Ulu Öndər bu günləri görürmüş kimi cənab İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri həyatda öz əksini tapdı. Ölkə Prezidenti kimi İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Ulu Öndər Heydər Əliyevin xalqımızın xöşbəxt gələcəyinə hesablanmış siyasətinin ardıcıl olaraq uğurla davam etdirilməsi şanlı qələbəmizin akkordlarına çevrildi.
Qardaşlığın real təzahürü
Bir il əvvəl keçirilən Zəfər paradında çıxış edən İlham Əliyev vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir: “Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Ali Baş
Komandan bir daha xatırlatma etdi ki, Azərbaycan əraziləri
30 ilə yaxın işğal altında idi. 1990-cı illərin
əvvəllərində Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasəti
torpaqlarımızın işğal altına düşməsinə
səbəb olmuşdu. Əslində, Ermənistanın
təcavüzkar siyasəti hələ 1980-ci illərin
sonlarından başlamışdı. O vaxt indiki Ermənistan
Respublikasında yaşamış
100 minlərlə azərbaycanlı öz dədə-baba
torpaqlarından didərgin salınmışdı: “Zəngəzur,
Göyçə, İrəvan mahalı bizim tarixi
torpaqlarımızdır. Bizim xalqımız bu
torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi
o vaxt 100 minlərlə azərbaycanlını öz doğma
torpaqlarından didərgin salmışdır. Ondan sonra
Dağlıq Qarabağda eyni mənzərə müşahidə
olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın
dinc əhalisinə qarşı hərbi cinayət törətmiş,
Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin
və Laçın şəhərinin işğala məruz
qalması Ermənistanla Dağlıq Qarabağ arasında
coğrafi bağlantı yaratmışdır. 1993-cü ilin
aprel ayında Kəlbəcər rayonunun işğal altına
düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı
və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin
davam etdirilməsinə səbəb oldu!”
Zəfər paradında
tarixi anların şahidi olduq. Şuşa azad edildikdən
sonra Azərbaycan hərbçiləri tərəfindən
şəhər üzərində qaldırılan
bayrağımız parada gətirilərək nümayiş
etdirildi. Vətən müharibəsində Azərbaycanın
qələbəsi şərəfinə 2020-ci il dekabrın
10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər
paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə
yanaşı, türk əsgər və zabitləri də
iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin
Müzəffər Ali Baş Komandanı, Prezident İlham
Əliyev və fəxri qonaq qismində dəvət olunmuş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul
etmişdir. Paradda yerli və xarici rəsmi
qonaqlar, diplomatik korpusun nümayəndələri də
iştirak etmişdilər. İki ölkə
rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq
ictimaiyyətə ciddi mesaj idi. Azərbaycan
və türk əsgərlərinin çiyin-çiyinə
Azadlıq meydanından keçməsi qardaş xalqların
tarixində əbədi qalacaq qürurverici hadisədir.
Həmin gün ölkəmizin
bütün şəhərlərinin Azərbaycan və
Türkiyə bayraqları ilə bəzədilməsi
xalqların mənəvi yaxınlığının təzahürüdür. Zəfər
paradının ən təsirli və yaddaqalan anlarından
biri də qardaş türk xaqlının əsgərlərinin
iştirakı idi. Türk əsgərləri
həm də şəhidlərimizin rəmzinə
çevrildilər. 44 günlük Vətən
müharibəsində 2783 Azərbaycan əsgəri şəhid
olmuşdur. Məhz Zəfər
paradında 2783 türk əsgəri iştirak etməklə
şəhidlərin ölməzliyini nümayiş etdirdilər.
Ermənistanın
rəzilliyini göstərən parad
Hərbi paradların
keçirilməsi, şübhəsiz ki, həmin ölkənin
hərbi qüdrətinin nümayiş etdirilməsi kimi əsas
amillərdən biridir. Zəfər paradı qələbəmizin
təntənəsini göstərməklə bərabər hərbi
qüdrətimizi də nümayiş etdirdi.
Azərbaycanın Vətən
müharibəsində möhtəşəm Qələbəsinə
həsr olunmuş Zəfər paradında 150-dək hərbi
texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş
müasir hərbi texnika, raket və artilleriya qurğuları,
hava hücumundan müdafiə sistemləri, eləcə də
hərbi gəmi və katerlər nümayiş
etdirilmişdir. Həmçinin müharibə
zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana
məxsus hərbi texnikanın bir qismi nümayiş
olunmuşdur.
Vətən
müharibəsində qələbə münasibətilə
Prezidentin təşəbbüsü ilə “Zəfər” və
“Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis
olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur
döyüşçü”, “Döyüşdə fərqlənməyə
görə”, “Suqovuşanın azad olunmasına görə”,
“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə”, “Füzulinin azad olunmasına
görə”, “Zəngilanın azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə”,
“Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin
azad olunmasına görə”, “Ağdamın azad olunmasına
görə”, “Laçının azad olunmasına görə”,
“Vətən müharibəsi iştirakçısı” və
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə
görə”.
Həmin orden və
medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin
və müharibə iştirakçılarına ehtiramın
təzahürüdür. Vətən müharibəsində
iştirak etmiş, aparılan döyüş əməliyyatlarının
uğurla nəticələnməsinə töhfə
vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi qulluqçuları və mülki işçiləri,
habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq
göstərmiş əməkdaşları və mülki
işçiləri yüksək orden və medallarla təltif
edilib və bu proses hazırda da davam etdirilir.
Hərbi qələbəmizin əbədiləşdirilməsi
həmçinin xalqımızın Vətən müharibəsində
göstərdiyi misilsiz qəhrəmanlığın və
qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi,
şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Prezident İlham Əliyev Bakıda Vətən
Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin
yaradılması haqqında sərəncam imzalayıb, həmçinin
Hərbi Qənimətlər Parkının
salınmasının təşəbbüskarı olub.
Onu da qeyd edək ki, Hərbi
Qənimətlər Parkının yaradılması Ermənistanda
etirazlarla qarşılanmışdı. Azərbaycanın
təşəbbüsü ilə ölkəmizə
qarşı törədilmiş qanunsuzluqlarla bağlı Beynəlxalq
Məhkəmədə iddialar qaldırılmışdır.
Ermənistan tərəfinin Hərbi Qənimətlər
Parkının fəaliyyətinin dayandırılması ilə
bağlı Beynəxalq Məhkəmədə vəsatəti
rədd edilmişdir. Hərbi Qənimətlər
Parkı müharibənin miqyasını və Qələbənin
möhtəşəmliyini göstərir. Yaradılmasına bu ilin yanvar ayından
başlanılan və 5 hektar ərazini əhatə edən
park paytaxtın Xətai rayonunun ərazisindədir.
Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin
ermənilərdən qənimət götürdüyü 2
mindən çox hərbi avtomobilin nömrə
nişanlarından hazırlanan və üzərində
“Qarabağ Azərbaycandır!” şüarı əks olunan
kompozisiya, Ermənistan tərəfindən törədilən
müharibə cinayətləri, o cümlədən
döyüş bölgəsindən uzaq olan ərazilərimizin
raket zərbələrinə məruz qalması, dinc sakinlərin
qətlə yetirilməsi və yaralanması barədə
faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə
atılmış “İsgəndər-M” raketinin
qalıqları var. Burada Vətən müharibəsinin
gedişində düşməndən qənimət
götürülən hərbi texnikanın bir qismi, ümumilikdə
300-dən çox eksponat, o cümlədən 150-dək
ağır texnika, tanklar, döyüş maşınları,
artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı
silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən
eksponatlar, 10 səddən ibarət müdafiə sistemi,
sığınacaqlar, hərbi kazarmalar, Vətən
müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana
Zəfər qazandıran döyüşləri bir daha göz
önündə canlandırmağa geniş imkan yaradır.
Türk
dünyasında yeni bir mərhələnin
başlanğıcı
Heç kimə sirr deyil ki,
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan
Ordusunun əks-həmlə əməliyyatının
dayandırılması ilə bağlı ciddi təzyiqlər
olmuşdur.
Bu hadisə barəsində cənab İlham Əliyevin fikirləri
maraq doğurur: “Ermənistan da gördü, dünya da
gördü, heç kim bizi saxlaya bilmədi.
Müharibə dövründə bizi saxlamaq istəyənlər
olub, kifayət qədər güclü dairələr olub,
amma bizi dayandıra bilmədilər”.
Məhz cənab İlham
Əliyevin möhkəm iradəsi, prinsipiallığı bu məsələdə
də müstəsna rol oynamışdır. Cənab Prezident Qələbə
haqqında danışarkən bunu məhz Azərbaycan
xalqının qələbəsi hesab etmişdir:
“O ki qaldı Qarabağ müharibəsinə,
bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi
ilə, öz işi ilə o müqəddəs günü
yaxınlaşdırırdı. Biz
bütün işğal dövründə Qarabağı
ürəyimizdə saxlamışdıq və Qarabağı
görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad
etdilər. Tarixi ədaləti bərpa
etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”.
Qarabağda əldə
etdiyimiz tarixi qələbənin əhəmiyyətli nəticələrindən
biri də Naxçıvanla birbaşa əlaqəni bərpa
etmək üçün 1921-ci ildə sovet
imperiyasının türk dövlətlərini parçalamaq
naminə Ermənistana hədiyyə etdiyi Zəngəzur dəhlizinin
açılması olacaq. Bu strateji yol
Naxçıvanla birbaşa əlaqənin bərpasına,
muxtar respublikanın nəqliyyat blokadasından
çıxmasına imkan yaratmaqla yanaşı, həm
türk dünyası, həm də region ölkələri
üçün gələcəyə açılan bir
qapıdır. Bütövlükdə
Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində
regional və beynəlxalq əhəmiyyət daşıyacaq
bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya,
infrastruktur layihələri bütün türk
dünyasını birləşdirməklə bərabər,
eyni zamanda digər ölkələr üçün də əlavə
imkanlar yaradacaq. Xüsusilə qeyd etmək
lazımdır ki, Avropa ilə Asiyanı bağlayacaq əsas
yolun - Zəngəzur dəhlizinin açılması
bütün türk dünyasında yeni bir mərhələnin
başlanğıcı olacaqdır.
Prezident İlham Əliyev aprelin 20-də
Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur
dəhlizi ilə bağlı öz
münasibətini belə bildirdi: “Biz öz
maraqlarımızı təmin etmək üçün
lazımi addımları atmalıyıq. Zəngəzur
dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək
maraqlarımıza tam cavab verir. Biz Zəngəzur
dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də,
istəməsə də. İstəsə,
daha asan həll edəcəyik, istəməsə də, zorla
həll edəcəyik. Necə ki, mən
müharibədən əvvəl və müharibə
dövründə demişdim ki, bizim torpağımızdan
öz xoşunuzla rədd olun, yoxsa sizi zorla
çıxaracağıq. Belə də
oldu. Zəngəzur dəhlizinin taleyi də
eyni olacaq”.
Bəli, Zəfər
paradının ildönümünü qeyd etməklə bərabər
cənab İlham Əliyevin dediyi kimi, yeni dövrdə yeni qələbələrə
hazır olmalıyıq.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii
ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri
Azərbaycan.-
2021.- 10 dekabr.- S.3.