Qalibiyyətimizi dünyaya bəyan edən parad

 

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəsinə həsr olunmuş, ötən il dekabrın 10-da təşkil edilən Zəfər paradının keçirilməsindən 1 il vaxt ötür.

Çox qısa zaman ərzində təşkil olunan parada hazırlıq işlərinə Ermənistanın kapitulyasiya aktı imzalamasından dərhal sonra başlanılmışdı. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış müharibənin bitməsindən cəmi bir ay sonra keçirilən parad əvvəlkilərdən tam fərqli, qeyri-adi idi. Çünki bu parad Qələbə paradı idi. Bu paradda Azərbaycan işğalçı Ermənistan üzərində qazandığı qələbəni, torpaqlarımızın ərazi bütövlüyünün öz gücümüz hesabına təmin edildiyini dünyaya nümayiş etdirdi.

 

Türkiyə Prezidentinin paradda iştirakı bağların qırılmaz olduğunu göstərdi

 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət yürüş etdi, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikaların, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, Azərbaycan Ordusunun döyüş meydanlarında qənimət olaraq götürdüyü erməni texnikalarının bir qismi nümayiş olundu. Bu texnikalar ordumuzun maddi-texniki bazasının zəngin olduğunu təsdiqləməklə yanaşı, Silahlı Qüvvələrimizin gücünü, onun nəyə qadir olduğunu açıq şəkildə göstərdi. Parad Prezident İlham Əliyevin birbaşa diqqəti altında olan müdafiə sahəsinin getdikcə artan gücündən, hərbi qüdrətimizdən  xəbər verdi. Bütün bunlar göstərdi ki, Azərbaycan ötən illər ərzində hərbi sahədə yalnız kəmiyyət üstünlüyü əldə etməyə çalışmayıb, həm də əsaslı keyfiyyət dəyişiklikləri aparıb, ordu quruculuğunu düzgün istiqamət üzrə inkişaf etdirib, silahlandırma siyasətini hədəfə uyğun qurub.

Vətən müharibəsinin ilk saatlarından Azərbaycana dəstəyini açıq şəkildə bəyan edən, bu haqlı savaşda daim yanımızda olduğunu dəfələrlə vurğulayan Türkiyə Prezidentinin paradda iştirakı, bu möhtəşəm tədbirdə türk əsgərlərinin Azərbaycan əsgərləri ilə yanaşı yürüş etməsi iki qardaş dövlət arasındakı bağların qırılmaz olduğunu bir daha göstərirdi.

 

Təcavüzkara və havadarlarına mesaj göndərildi

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu dekabrın 10-da Azərbaycan xalqının yeni tarixi yaddaşının yarandığını söyləyir. Deputat qeyd edir ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu təcavüzkar Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq tarixi ədaləti bərpa etdi.  Zəfər paradı təcavüzkar Ermənistana və onun dəstəkçilərinə necə bir dərs verdiyimizi xalqımızın silinməz tarixi yaddaşına həkk etdi: “Azərbaycan dövləti Zəfər paradında özünün hərbi gücünü bir daha nümayiş etdirdi. Dünya bir daha Azərbaycan Ordusunun ən güclü ordulardan biri olduğuna şahidlik etdi. Bununla yanaşı, Ermənistan ordusunun ağır məğlubiyyətinin, rəzil gününün elementləri də Zəfər paradında nümayiş etdirildi. Vətən müharibəsindəki tarixi zəfərimiz həm də bunu göstərdi ki, Azərbaycan xalqı ümummilli maraqlar naminə bir “dəmir yumruqkimi birləşməyə qadirdir. Vətən sevgisi, torpağa sədaqət bütün maraqlardan və hisslərdən üstündür. Azərbaycan xalqı öz torpaqlarını vandal düşməndən azad etməklə, olduqca mühüm bir president yaratdı. Yəni pozulmuş ərazi bütövlüyü gecya tez bərpa olunur. Sadəcə, sonadək yorulmadan mübarizə aparmaq lazımdır”.

Deputatın qənaətinə görə, Zəfər paradı təkcə Vətən müharibəsində qazanılmış qələbəmizin deyil, həm də xalqımızın iradəsinin, qürurunun, birliyinin tərənnümü oldu. Paradda Azərbaycan əsgərləri ilə yanaşı, türk əsgərlərinin də iştirak etməsi iki ölkə arasında möhkəm birliyin olmasının göstəricisidir.

E.Mirbəşiroğlu nəzərə çatdırır ki, Azərbaycan və Türkiyə Prezidentləri paradı birgə qəbul edərək növbəti dəfə misli görünməmiş qardaşlıq, birlik nümunəsini dünyaya nümayiş etdirdilər. Vətən müharibəsində şanlı qələbəmizin rəmzi olan Zəfər paradı bütün türk dünyasının tarixinin mühüm bir səhifəsinə çevrildi. Nəzərə almaq lazımdır ki, parad həm də dövlət diplomatiyasının bir formasıdır. Belə ki, bu paradda Azərbaycan xalqı təcavüzkar Ermənistana və onun havadarlarına mesaj göndərərək, Azərbaycan xalqına qarşı təxribatlardan,  ərazilərinə qarşı təcavüzdən, iddialardan çəkinməyə çağırdı. Bunun əksi olacağı təqdirdə düşmənin aqibətinin necə olacağı haqqında artıq dünyada aydın təsəvvürlər yarandı.

E.Mirbəşiroğlu əlavə edir ki, Azərbaycan Prezidentinin müdrik baxışlarına, unikal diplomatik gedişlərinə, sarılmaz iradəsinə yaxından xalq dəstəyi bizə tarixi qələbə qazandırdı.  Müxtəlif istiqamətlərdə ölkə rəhbəri tərəfindən görülən işləri bu və ya digər dərəcədə bizi torpaqlarımızın işğaldan azad olunacağı günə yaxınlaşdırırdı. Münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində addımlar atmağa hazır olduğunu hər zaman nümayiş etdirməklə, Azərbaycan dövləti, xalqı humanizmə, sülhə nə dərəcədə həssas yanaşdığını dünyaya nümayiş etdirdi. Təcavüzkar Ermənistan və havadarları Azərbaycanın belə davranışlarını düzgün qiymətləndirə bilmədilər, özlərini tam cəzasızlıq şəraitində hiss etdilər. Buna görə də düşmənin təxribatları daha da intensivləşdi. Belə olan təqdirdə isə  düşmənə layiqli cavabını verməkdən, təcavüzkarı sərt cəzalandırmaqdan başqa yol qalmadı. Azərbaycan Ordusu Vətən müharibəsinin elə ilk günlərində təcavüzkar Ermənistan ordusunu əhəmiyyətli dərəcədə sarsıtdı. Sonradan Paşinyan etiraf etdi ki, müharibəni elə ilk günlərdən dayandırmaq lazım idi. Ermənistan ordusu haqqındakı mif bir anın içində dağıldı. Ermənistan ordusu dünya ictimaiyyətinin yaddaşında zəif, fərari bir ordu kimi qaldı. Azərbaycan Ordusunun apardığı ədalətli müharibə isə dünyanın müxtəlif ölkələrinin hərbi məktəblərində fəal şəkildə öyrənilməyə başlandı: “Vətən müharibəsi haqqında tarixi yaddaşın yaradılması və möhkəmləndirilməsi istiqamətində həm Zəfər paradının, həm də Hərbi Qənimətlər Parkının çox təsirli rolu oldu. Artıq Azərbaycan xalqının bir Zəfər tarixi var. Bu tarix daim xalqımızı uca və yenilməz edəcək”.

 

Paradın iştirakçıları bizə zəfər qazandıran qəhrəmanlarımız idi

 

Zəfər paradını Azərbaycanın hərb tarixindəki ən önəmli tədbirlərdən biri kimi dəyərləndirən hərbi ekspert Şair Ramaldanov bildirir ki, digər paradlardan fərqli olaraq bu paradın iştirakçıları bizə zəfər qazandıran, işğalçı qüvvələri darmadağın edən, ölkənin ərazi bütövlüyünü bərpa edən qəhrəman əsgərlərimiz, hərbi heyətimiz idi. Zəfərin gercəkləşməsində həmin paradda nümayiş olunan müasir texnikasilah-sursat da mühüm rol oynadı. Bu möhtəşəm tədbir Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olmasının göstəricisi, ölkəmizin hərbi qüdrətinin, “dəmir yumruğun gücünün nümayişi idi: “Hər kəs  “dəmir yumruğun gücünü düşmən tərəfinin dağıdılmış texnikalarının, onların nömrələrinin nümayişində də gördü. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, bu paradı gözləyirdi. 30 ilə yaxın idi ki, bu paradın olması üçün hazırlıqlar aparılırdı. Zəfər paradı bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun ordusu qüdrətli ordudur, əsgəri qəhrəman əsgərdir, Azərbaycanın Ali Baş Komandanı Müzəffər Ali Baş Komandandır. Düşünürəm ki, bu parad Azərbaycan Ordusunun bundan sonrakı inkişafını, gücünü, qüdrətini nümayiş etdirən bir təntənəli tədbir oldu. Biz bütün dünyaya sübut edə bildik ki, haqq öz yerini gec-tez tapır, Azərbaycan xalqı hər bir zaman öz haqqını tələb etməyə hazırdır və bunu gerçəkləşdirməyə qadirdir. Biz Azərbaycan oğullarının bu torpaq üçün canından keçməyə hazır, qan tökməyə qadir olduğunu, hər bir əsgərin bir qəhrəmanlıq dastanı yaratdığını gördük”.

 

Müharibə planı həmişə Ali Baş Komandanın masası üzərində idi

 

Ş.Ramaldanov hesab edir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən dövr ərzində Azərbaycan Ordusunu məhz bu qələbəyə hazırlayıb, Azərbaycan Silahlı Qüvvələrini bunun üçün inkişaf etdirirdi. Çünki Prezident İlham Əliyev bilirdi ki, Azərbaycan gec-tez torpaqlarını hərb yolu ilə azad etməyə məcbur olacaq. Prezident bunu nəzərə alaraq Azərbaycan Ordusunu müasir texnikasilah-sursatla təchiz edərək ona öz döyüş potensialını yüksəltmək üçün şərait yaratdı.

Müharibə planının həmişə Ali Baş Komandanın masası üzərində olduğunu deyən Ş.Ramaldanovun fikrincə, qazanılmış bu qələbə gənc nəslin formalaşmasında özünəməxsus yer tutacaq. Hərbi Qənimətlər Parkının yaradılması isə gənclərdəki vətənpərvərlik ruhunu daha da gücləndirəcək: “Hərbi Qənimətlər Parkına gələn hər bir gənc oranı yüksək əhvali-ruhiyyə ilə tərk edir. Gənclər buradan çıxanda onlardakı vətənpərvərlik hissləri daha da güclənir. Hər bir gənc Azərbaycan xalqının çox qürurlu bir nümayəndəsi kimi çıxır. Bütün bunları parkı ziyarət edən gənclərin üzünə baxanda da hiss edirsən”.

Azərbaycan Azadlıq meydanında dəfələrlə paradlar keçirib. Amma bu paradların hər birində ölkəmiz özünün müdafiə gücünü, ötən illər ərzində ordu quruculuğu istiqamətində gördüyü işləri, uğurla həyata keçirdiyi hərbi modernləşməni nümayiş etdirirdi. Azərbaycan xalqının tarixinin ən şanlı səhifələrindən birini yaradan Zəfər paradı isə hərbi qüdrətimizi nümayiş etdirməklə yanaşı, Azərbaycanın işğalçılar üzərində qəhrəmanlıq sayəsində qazandığı qələbəsini dünyaya bəyan etdi. Azərbaycan xalqının böyük həsrətlə gözlədiyi Zəfər paradı illərlə həll edilməyən münaqişənin aradan qaldırılmasının nümayişi, Vətən müharibəsindəki möhtəşəm qələbəmizin nəticəsi idi.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.- 10 dekabr.- S.1; 4.