İnsan hüquqlarını önə çəkən inkişaf modelinin müəllifi

 

Tarixboyu lider amili hər bir dövlətin, xalqın inkişafında müstəsna rol oynayaraq inkişaf potensialını hərəkətə gətirmiş, bunun səmərəli realizə edilməsinə zəruri əsaslar yaratmışdır. Milli inkişaf yolunun banisinə çevrilən belə xarizmatik liderlər həm də müsbət planda siyasi varislik ənənələri formalaşdıraraq müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər.

Tarixin axarını dəyişən böyük simaların ideya və prinsipləri, idarəçilik ənənələri, adətən, zaman və məkanın fövqündə olur. Bu mənada xalqımızın ötən əsrdə yetirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyev dühasına layiq olduğu qiyməti vermək, onun vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edir. Yüksək ehtiramla qələmə alınan ən xoş xatirələr, siyasi, iqtisadi, fəlsəfi fikir və mülahizələr Ümummilli Liderin insan, vətəndaş və lider kimi nəhəngliyinin miqyası barədə dolğun təsəvvür belə yarada bilmir.

İndi hər kəs etiraf edir ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsi iqtisadi və mədəni yüksəlişin əsasını qoymuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Müdrik xalqımız öz liderinin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə, milli yaddaşını, zəngin mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumuş, dövlət müstəqilliyi üçün siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixdə keçirilmiş plenumunda Heydər Əliyevin rəhbər vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi onun kamil şəxsiyyəti, yüksək idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir.

Respublikaya rəhbərliyinin ilkin dövrlərindən başlayaraq Heydər Əliyev cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, polis, prokurorluq və məhkəmə orqanlarında sağlam mühitin formalaşmasına çalışmış, xüsusən də iqtisadi zəmində saxtakarlıqlara - dövlət əmlakının mənimsənilməsi hallarına qarşı səmərəli mübarizə mexanizmləri tətbiq etmişdir. 1970-ci illərin əvvəllərindən başlayaraq rüşvətxorluğa, əliəyriliyə və mənəviyyata zidd digər təzahürlərə qarşı amansız mübarizə aparmış, belə hallara yol verənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir.

Böyük siyasət ustadının yaratdığı spesifik idarəçilik modelinin üstün cəhətlərindən biri də kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual və yüksək bilik səviyəsi ilə fərqlənən gənclərə üstünlük verilməsidir. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Heydər Əliyevin hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürməsi bunu bir daha təsdiqləyir. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olması məsələsində şəffaflığın yaradılmasına xüsusi diqqət yetirən Ümummilli Lider neqativ tendensiyalara qarşı amansız mübarizə aparmış, zəhmətkeş övladlarının ozamankı Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmasına imkan yaradan münbit mühitin formalaşdırılmasına nail olmuşdur.

10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksəkixtisaslı, vicdanlı və peşəkar hüquqşünas kadrların hazırlanması, hüquq-mühafizə sisteminin sağlamlaşdırılması məsələsinə də qayğı ilə yanaşmışdır. Eyni zamanda Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və digər mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Böyük strateq sonralar qeyd edirdi ki, 1970-1980-ci illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının böyük bir nəsli təhsil almış, böyümüş, yüksək səviyyəyə çatmış, böyük elmi biliklərə sahib olmuşdur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmz və atributlara münasibəti də hər zaman həssas olmuşdur. Rus dilinin dövlət dili olmasına rəğmən, Ümummilli Lider həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən də qətiyyətlə istəyirdi. 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi qəbul edilərkən, Ulu Öndərin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi və qorunub saxlanılması sahəsində nümayiş etdirdiyi rəşadəti də bu məqamda xüsusi xatırlatmaq lazımdır. Həmin dövrdə Konstitusiyada Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi də məhz Ümummilli Liderin əzmkarlığı və cəsarəti sayəsində mümkün olmuşdur.

1981-ci ilin dekabr ayında “Literaternaya qazeta”ya verdiyi məşhur “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibədə respublika həyatı ilə bağlı ən müxtəlif məsələlərə toxunan Ümummilli Lider hüquq-mühafizə orqanlarındakı nöqsanlar, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə toxunmuş, mövcud problemlərin həlli yollarını göstərmişdir. Ulu Öndər Heydər Əliyev çox sonralar həmin müsahibəsini xatırladaraq demişdir: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmağıma baxmayaraq, mən həmin müsahibədə sovet hakimiyyətinin, cəmiyyətinin işində olan mənfi halların hamısını açıq göstərmişdim. Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub”.

Ümummilli Lider 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra da ölkəmizin inkişafına xüsusi diqqət yetirmiş, eyni zamanda keçmiş ittifaq miqyasında müxtəlif layihələrin, o cümlədən ittifaq üçün strateji əhəmiyyətli Baykal-Amur Magistralının (BAM) tikintisinə inamla rəhbərlik etmişdi. Dünyanın icra olunmuş ən böyük layihələrindən sayılan, tikintisi barədə 1974-cü ilin 8 iyulunda qərar qəbul olunan Baykal-Amur dəmir yolu magistralının (BAM) ərsəyə gəlməsində böyük strateq Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Həmin dövrdə “Komsomolets Azerbaydjana” qəzeti yazırdı ki, inşası yarımçıq qalmaq təhlükəsi ilə üzləşən BAM-ın tikintisi məhz Heydər Əliyevin sayəsində keçilməz tayqa meşələrində inamla davam etdirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası həm də o dövrdə xalqın daxilində olan milli ruhu və idealları keçmiş rejimin hücumlarından qoruyaraq xalqın milli yüksəlişini təmin etmək, hüquqlarını qorumaq idi. Hakim ideologiya ilə uzlaşmayan “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün iki ilə yaxın mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də, nəhayət, 1990-cı ilin 21 yanvarında - Kremlin bir addımlığında xalqımıza qarşı qətliam törətmiş mənfur imperiyanı ifşa edən də məhz Heydər Əliyev idi.

Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Ulu Öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bu mənada onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyev fenomeninin siyasi iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti 1993-cü ilin iyunundan etibarən Azərbaycanı xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, stabil inkişaf yoluna çıxarmışdır.

Bəşər tarixi təsdiq edir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Ulu Öndər Heydər Əliyevin bütöv şəxsiyyət kimi ən ali və nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun idarəçilikdə daim sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə istinad etməsi olmuşdur. Ümummilli Liderin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı cinayətkarlıqla mübarizə tədbirlərinin daha səmərəli təşkilinin, bu məqsədlə yeni strukturların yaradılmasının, ciddi sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiyanın qarşısının alınmasının konkret mexanizmlərini müəyyən edən, ictimai-siyasi sabitliyi daha da möhkəmləndirən ilk sanballı sənədə çevrilmişdir.

1995-cü ildə Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının müddəalarının böyük əksəriyyətinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması Ulu Öndərin haqqa, ədalətə tapınan lider olduğunu bir daha təsdiqləyir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları Konstitusiyada tam əhatəli şəkildə təsbit olunmuşdur.

Konstitusiyanın qəbulu ilə paralel şəkildə Azərbaycanda demokratik seçki ənənələrinin formalaşdırılması istiqamətində praktik addımlar atılmışdır: 1995-ci ilin 12 noyabrında azad, ədalətli və şəffaf şəraitdə keçirilən seçkilərdə Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılmış, ölkədə demokratik parlamentarizm təcrübəsinin əsası qoyulmuşdur. Yeni qanunların qəbulu hesabına müstəqil Azərbaycanda məhkəmə-hüquq islahatları inamla davam etdirilmiş, respublikamız insan hüquq və azadlıqları sahəsində bir sıra konvensiyalara, sazişlərə qoşulmuşdur. Demokratik təsisatların fəaliyyətinin geniş müstəvidə təmin olunması məqsədilə Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xətti yeni mərhələdə davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” və 1998-ci il 18 iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” fərmanları insan hüquq və azadlıqlarının təminatı sahəsində yeni vəzifələr müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmiş, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.

2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev də Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını yeni dövrün tələbləri səviyyəsində davam etdirmişdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda həyata keçirilən hüquq islahatları insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlərə söykənir.

İdarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosal-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab etmiş, eyni zamanda mövcud nöqsanlar, çatışmazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tez  zamanda aradan qaldırılmasına çalışmışdır. Hökumətin 2003-cü il 17 noyabr tarixdə keçirilmiş ilk iclasındakı çıxışında “Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır”, - deyən dövlət başçısı ötən 18 ildə məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, eləcə də vətəndaşların görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev son 18 illik fəaliyyətində vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə vətəndaşların yanında olmuş, onlara diqqət və qayğısını, dəstəyini əsirgəməmişdir. Cənab Prezidentin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəsə diqqət göstərilməsinə, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddin aradan götürülməsinə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu Öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlməkdədir.

Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də çətin, ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən təhlükəli meyillərə qarşı qətiyyətli mövqe tutur, mövcud şəraitə adekvat tədbirlər həyata keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Hələ 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra dövlət başçısının xalqın dəstəyi ilə nümayiş etdirdiyi yüksək siyasi sayıqlıq, iradə və qətiyyət Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə bölücülük və qarşıdurma yaratmaq istəyən qüvvələrin çirkin niyyətlərini puça çıxarmışdır. Cənab İlham Əliyev eynilə Ulu Öndər Heydər Əliyev kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirsə də, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlamışdır.

Ümumilikdə, respublikamızın son 18 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.

Dövlət başçısı İlham Əliyevin ötən illərdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əks-qütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardandır. Buna əyani misal kimi, cənab İlham Əliyevin ötən 18 ildə 36 əfv fərmanı imzalamasını və 7000-dən məhkumu əfv etməsini göstərmək olar. Bu fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara şamil edilməsi Azərbaycanda kifayət qədər oturuşmuş və demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir. Bu məqam cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 18 ildə apardığı kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını vacib sayır. Nazirlər Kabinetinin son 3 ildə yenilənmiş tərkibi və əsaslı kadr əvəzlənmələri fonunda bunu bir daha əminliklə söyləmək mümkündür. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarları qəbul etmiş, gəncləri dövlət idarəetməsinə irəli çəkmişdir. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, torpaq həsrətinə son qoyaraq 2020-ci ilin sentyabr-noyabr aylarında işğal faktını aradan qaldıran Azərbaycan xalqı möhtəşəm tarixi zəfərindən qürur və fəxarət hissi keçirir. 30 il müddətində davam edən münaqişəyə cəmi 44 gün müddətində son qoymağı bacaran, müzəffər Ordumuzun qazandığı strateji əhəmiyyətli hərbi qələbələrlə təcavüzkar Ermənistanı diz çökdürən, təslimçiliyə məhkum edən Azərbaycan Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi möhürünü vurmuşdur.

Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında - “dəmir yumruğu” sayəsində bərpa etmişdir. 2003-cü ildən bu yolu uğurla davam etdirən, Ulu Öndərin siyasətinə sadiq qalan Prezident İlham Əliyev Azərbaycan xalqını illərdir həsrətində olduğu Qələbə sevincinə qovuşdurmuşdur.

Dövlət başçısı İkinci Qarabağ müharibəsinin başlanmasına qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda respublikamızın qətiyyətli mövqeyini təmin etmişdir. Rəsmi Bakının 30 ilə yaxın müddətdə nəticəsiz qalmış danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də məhz respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda, əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt qazanmaq məramı olmuşdur. Başqa sözlə, Ermənistanın destruktiv davranışları səbəbindən danışıqlar prosesinin heç bir real nəticə vermədiyini diqqətə çəkən rəsmi Bakı hərb yolunun qaçılmazlığını beynəlxalq səviyyədə əsaslandırmışdır.

Hərbi əməliyyatları şərtləndirən əsas səbəblərdən biri də Ermənistanın təxribatçı əməllərinin miqyasının 2021-ci ilin iyul-sentyabr aylarında daha da genişləndirməsi, İrəvanın güc yolu ilə ölkəmizin digər ərazilərini ələ keçirmək niyyətini açıq şəkildə bəyan etməsi olmuşdur. Nəhayət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri əsasında Azərbaycan Ordusu düşmənin təxribatlarına, ümumilikdə işğalına son qoymaq üçün sentyabrın 27-dən etibarən “dəmir yumruq” əməliyyatı adı altında genişmiqyaslı əks-həmlə əməliyyatlarına başlamışdır.

Hərbi əməliyyatların davam etdiyi günlərdə informasiya savaşının da önündə dayanan Azərbaycan Prezidenti İlham Əliyev yüksək diplomatik məharətlə münaqişənin tarixi, danışıqlar mərhələsinin nəticəsiz qalmasının əsas səbəbləri, Ermənistanın qeyri-konstruktiv davranışlarının, ərazi ilhaqı siyasətinin, ağır müharibə cinayətlərinin region üçün təhdidləri, beynəlxalq təşkilatların qətiyyətsiz davranışları, habelə Azərbaycanın hərbi əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq hüquqa əsaslanan şərtlərini bəyan etmişdir. Hərbi əməliyyatlar dövründə sosial şəbəkələr Azərbaycanda görünməmiş populyarlıq qazanmış, insanlarımız dövlət rəhbərinin rəsmi “Tviter” səhifəsini diqqətdə saxlamış, Azərbaycan Televiziyası ilə yeni qələbə müjdələrini bir-biri ilə paylaşmışlar.

Miskin və çarəsiz vəziyyətə düşən düşmən mülki şəxsləri hədəfə almaqla döyüş meydanındakı uğursuzluqlarını ört-basdır etməyə çalışmışdır. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaq olsa da, bunun tamamilə əksi baş vermiş, xalqımız Ali Baş Komandan və ordu ətrafında daha sıx birləşmişdir. “Hərbi hədəfli obyektlərin vurulması” adı ilə döyüş bölgəsindən xeyli uzaq, mülki əhalinin sıx yaşadığı ərazilərin ağır artilleriyadan, uzaqmənzilli raketlərdən atəşə tutularaq dinc insanlara qarşı müharibə cinayətlərinin törədilməsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Ermənistanın yol verdiyi digər müharibə cinayəti dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan, kaset tipli silah-sursatlardan istifadə etməsi olmuşdur. Fosforlu bombadan istifadə olunmasının qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər mövcuddur. 1968-ci il tarixli Sankt-Peterburq Deklarasiyası, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokollar, “Adi silahların konkret növləri haqqında konvensiyaya” üçüncü protokol, 1980-ci il tarixli “Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə” Konvensiya, 2008-ci il tarixli “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya buna konkret misallardır. Lakin ermənilər bu sənədlərin tələblərini kobud surətdə pozmuş, bundan əlavə, 1949-cu il 12 avqust tarixli “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası və 1977-ci il beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına birinci əlavə protokolun, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın, “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında” konvensiyanın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın normalarına əməl etməmişdir.

44 günlük Vətən müharibəsi dövründə 300-dən çox yaşayış məntəqəsinin, strateji yüksəkliklərin, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrinin, Xocavənd rayonunun bir hissəsinin, Murovdağ dağ silsiləsinin, Laçın və Kəlbəcər rayonlarının bir hissəsinin, nəhayət, noyanrın 8-də qədim Şuşa şəhərinin işğaldan azad olunması Ermənistanın hərbi-siyasi kapitulyasiyasını qaçılmaz prosesə çevirmişdir. Əks-həmlə əməliyyatlarının zaman keçdikcə daha uğurlu nəticələrlə müşayiət olunması, Silahlı Qüvvələrimizin Şuşa şəhərindən cəmi bir gün sonra 70-dən çox yaşayış mənqəqəsini işğaldan azad etməsi Ermənistanın hərbi-siyasi rəhbərliyini ağır ruhi sarsıntı və məğlubiyyətə məhkum etmişdir.

Azərbaycan hərb meydanında layiqli zəfər qazanmaqla düşmənə öz şərtlərini diktə etməyə nail olmuş, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli 10 noyabr razılaşması ölkəmizin ərazi bütövlüyünün bərpası, təcavüzkar tərəfin “ikinci erməni dövləti qurmaq” iddialarının iflası ilə nəticələnmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın əks-həmlə əməliyyatları münaqişə regionundakı “status-kvo” və təmas xətti anlayışlarını aradan qaldırmışdır.

44 günlük Vətən müharibəsi eyni zamanda Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirmişdir. Həmin günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmamış, onun iradəsinə mənfi təsir göstərməmişdir. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Beyləqan, Yevlax, Bərdə, Goranboy, Ağdam, Naftalan və digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə və əzm nümayiş etdirmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin son bir ildə bütün açıqlama və çıxışlarında, müsahibələrində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına geniş yer verməsi ölkəmizin informasiya cəbhəsində üstünlüyünü təmin etmiş, aşkar təcavüzkarlıq siyasəti yürütmüş bədxah qonşumuzun beynəlxalq arenada ifşası prosesini sürətləndirmişdir.  Diplomatik nümayəndələrin, əcnəbi jurnalistlərin, rəsmi şəxslərin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərinin təşkili Ermənistanın ağır müharibə cinayətlərinin dünyaya nümayişi, eləcə də İrəvanın beynəlxalq məhkəməyə verilməsinə hüquqi zəmin yaradılması baxımından əhəmiyyətli olmuşdur.

Onu da xüsusi olaraq vurğulamaq istərdik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi təşəbbüsü ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir. Azərbaycanda məhkumların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi - bağışlanması müsbət ənənəyə, dövlətin vətəndaşlarına mərhəmətli və humanist yanaşmasının əyani təzahürünə çevrilmişdir.

Bütün bunlar göstərir ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ictimai həyatın bütün sahələrini əhatə edən demokratikləşmə prosesi uğurla davam etdirilir, qanunun aliliyinin təmini, humanist, bəşəri dəyərlərin bərqərar olması üçün böyük işlər görülür. Azərbaycanın Vətən müharibəsindən sonrakı inkişafı, ölkəmizin yüksək dinamizmlə artan sosial-iqtisadi resursları deməyə əsas verir ki, ölkəmiz demokratik tranzit mərhələsini də tezliklə başa vuraraq dünyanın inkişaf etmiş dövlətləri ilə eyni sırada dayanmaq imkanı əldə edəcəkdir.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının Hüquq kafedrasının müdiri, professor

 

Azərbaycan.- 2021.- 10 dekabr.- S.5.