İrəvanda Zəngəzur dəhlizi çəkişməsi
böyüyür
Paşinyan Ermənistanın 3+3
platformasında iştirak etməkdə
maraqlı olduğunu etiraf
edib
Azərbaycanın Zəngəzur dəhlizində israrlı olması son günlərdə Ermənistanda ciddi çəkişmə predmetlərindən birinə çevrilib. Ermənistanda həm iqtidar, həm də müxalifət biri-birlərini Zəngəzur xəyanətində ittiham edir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkə parlamentində çıxışı zamanı “3+3” platforması ilə bağlı mövqeyini təsdiqləyib. Qeyd edib ki, Ermənistanın başqa formatlarda iştirak etdiyi danışıqlara dair məsələlərin müzakirə olunmayacağı halda, Ermənistan bu platformada iştirak etməkdə maraqlıdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan daha əvvəl Şuşada Qarabağ və kommunikasiyaların açılması ilə bağlı altıtərəfli əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs Rusiya Prezidenti Vladimir Putin tərəfindən də dəstəklənib.
Nikol Paşinyan bildirib ki, yaxın günlərdə ilkin görüş formatında “3+3” və ya “3+2” platformasının görüşü baş tutacaq: “Bəli, Ermənistan Respublikası bu görüşdə xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcək, çünki “ilkin görüş” nazir müavinlərinin iştirakı ilə baş tutacaq. Orada gələcək fəaliyyətlər müzakirə olunacaq”. Paşinyan əlavə edib ki, respublika hökuməti fəal regional siyasət yürütmək qərarına gəlib: “Biz regional dialoq üçün effektiv platformalar tapmağa çalışmalıyıq. Bu istiqamətdə mümkün qədər səmərəli işləməyə çalışacağıq”.
Göründüyü kimi, Nikol Paşinyan Ermənistanın daha böyük böhrana düçar olmaması üçün kommunikasiyaların açılmasının vacibliyini anlamağa başlayıb. Zəngəzur dəhlizinin açılmasının sülh prosesində mühüm və mümkün irəliləyiş olduğunu da yaxşı bilir. Kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş dövlətlərə böyük fayda verəcək.
Bütün bunlar nəticə etibarı ilə regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdıra bilər.
Bu arada Ermənistan ordusunda xaotik vəziyyət getdikcə daha da dərinləşməkdə, mövcud problemlərin miqyası genişlənməkdədir. Bu hal əsirlikdən qayıdan hərbçilərin fonunda özünü daha qabarıq büruzə verir. Belə ki, “İravnuk” qəzeti yazır ki, əsirlikdən qayıdan və sağlamlığında ciddi problemlər olan biri yenidən orduya cəlb edilib. “43 gün Hadrut meşələrində gizlənən, daha sonra ələ keçərək 200 gün Azərbaycan həbsxanasında qalmış bir əsgər yenidən orduya cəlb edilib. Hansı ki, onun ciddi sağlamlıq problemləri var. Məgər insan amili bu hökumət üçün dəyərli sayılmırmı?”- erməni jurnalist cəmiyyətə açıq sual ünvanlayıb. Həmin əsgərin kimliyi hələlik açıqlanmır. Qeyd edək ki, Ermənistanda səhhətində ciddi problemlər olan gənclərin orduya cəlb edilməsi ilə bağlı dəfələrlə faktlar aşkarlanıb. Amma müharibədə əsir düşmüş birinin yenidən hərbi xidmətə qaytarılması ilk dəfədir ki, baş verir.
Bütün bunların fonunda isə itkin düşən və həbs edilərək Azərbaycanda saxlanılan erməni hərbçilərin yaxınları İrəvanda etiraz aksiyasını davam etdirirlər. Aksiya iştirakçıları Dəmirçiyan küçəsində parlamentin girişinə toplaşaraq spiker Alen Simonyanla görüş tələb edirlər. Fəallardan biri və itkin düşən hərbçinin qohumu Arsen Qukasyan bildirib ki, etirazçılar gecəni Ermənistan parlamentinin qarşısında keçirib və spikerlə danışmaq istəyiblər. Onun sözlərinə görə, bir neçə deputat onlarla danışıb, lakin söhbət qısamüddətli olub.
Dünən keçirilən aksiyada isə etirazçılar İrəvanda yolları bağlayıblar. İqtidarı təmsil edən bəzi deputatlar etirazçıları sakitləşdirməyə və Simonyanın sözlərinə bəhanə tapmağa çalışsalar da, valideynlər spikerin şəxsən görüşə gələrək dediklərinə cavab verməsini tələb ediblər.
Bütün bunlar Ermənistan ordusunda hansı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, bu ölkədə vəziyyətin gündən-günə daha da gərginləşdiyini təsdiq edir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.- 10 dekabr.- S.7.