Media islahatları yeni mərhələyə qədəm qoyur

 

 

Özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

 

Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulurdu.

 

 

 

Yeni qanun ölkədə KİV-in inkişafı üçün əlverişli imkanlar yaradcaq

 

 

 

Bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirən Prezident İlham Əliyev medianın da qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşməsi üçün yeni qanun layihəsi hazırlanması tapşırığını vermişdi. Artıq “Media haqqında” yeni qanun layihəsi hazırdır və sənəd ictimai müzakirəyə çıxarılıb. Qanunun mahiyyəti və həssaslığı nəzərə alınmaqla, normayaratma prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, normativ-hüquqi aktın layihəsinin 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil olunub.

 

Media sahəsində normativ-hüquqi bazanın yaradılmasını və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva edən sənəd - “Media haqqında” qanun layihəsi dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsininİnsan hüquqları komitəsinin birgə iclasında müzakirəyə çıxarılıb.

 

Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.

 

Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlaryeni mərhələ deməkdir. Media islahatları və onun əsas tərkib hissəsi olanMedia haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.

 

Ümumiyyətlə, dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeniMedia haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur.

 

Yeni qanun layihəsi ölkəmizdə medianın daha da inkişaf etdirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcək. Qeyd edək ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verireyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.

 

 

 

Dövlət medianın inkişafında maraqlıdır

 

Sənəddə göstərilir ki, çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi tamamilə yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulub. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə, müasir dövrün çağırışlarına uyğunlaşdırılıb. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr, sadəcə, onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur.

Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyektiya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.

Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.

Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq.

Sənəddə göstərilir ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Jurnalistlərə veriləcək vəsiqə olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.

Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.

Qanun sosial şəbəkələrin və “bloqçü”ların fəaliyyətini tənzimləmir. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək.

Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birilərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.

Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur.  “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil deyil. Necə ki, hər hüquqşünasın vəkil, hər mühazirəçinin müəllim olmadığı kimi.

Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.

Mütəxəssislər hesab edirlər ki, “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək.

Bir sözlə, Azərbaycan mediasının inkişafında maraqlı olan dövlətin bu addımı onu deməyə əsas verir ki, 146 yaşlı mətbuatımızın ənənələrini qoruyub saxlamaqdaha da inkişaf etdirmək qarşıya vacib məsələ kimi qoyulub. YeniMedia haqqında” qanun bu vəzifələrin yerinə yetirilməsinə yol göstərəcək.         

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2021.- 11 dekabr.- S.1; 3.