Koreya Respublikasının Azərbaycandakı səfirinin
ölkəmizdəki diplomatik fəaliyyəti
başa çatır
Dekabrın 10-da xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib. Pandemiyaya rəğmən son illərdə ikitərəfli münasibətlərin inkişafının davam etdiyini, səfərlərin həyata keçirildiyini, o cümlədən Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrinin ölkəmizə səfərini vurğulayan nazir əməkdaşlığın genişlənməsi üçün potensialın mövcud olduğunu qeyd edib.
Səfir Kim Tong Op Azərbaycanda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində ölkələrimiz arasındakı münasibətlərin məhsuldar şəkildə inkişaf etdiyini deyib və bu müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycana və bütün bölgəyə sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyinə istinad edən tərəflər bununla əlaqədar müxtəlif tədbirlərin təşkilinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.
Görüşdə tərəflər, həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov səfir Kim Tong Opa
gələcək fəaliyyətində uğurlar
arzulayıb.
Azərbaycan.-
2021.- 11 dekabr.- S.3.