“3+3” formatında keçirilən görüşdə regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb

 

Dekabrın 10-da Moskva şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsə əsasən “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov bununla bağlı AZƏRTAC-a açıqlamasında deyib: “Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib. Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq. İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlmiş fikir mübadiləsi aparılıb”.

Onun sözlərinə görə, mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər müvafiq qurumların iştirakı ilə keçiriləcək.

Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq.

“Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran, regional sabitliyə, rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər. Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq”, - deyə Xələf Xələfov əlavə edib.

 

Azərbaycan.- 2021.- 11 dekabr.- S.3.