Şəhid ailələrinə və müharibə veteranlarına qayğı göstərmək dövlətin prioritetidir

 

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olub.

Birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilirbu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan vətəndaşlarımızın daim diqqətdə saxlanıldığının bariz göstəricisidir.

 

İlham ƏLİYEV: “Qəhrəman döyüşçülərimiz gələcəkdə də daim mənim nəzarətim altında olacaqlar

 

Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdıqdan cəmi bir gün sonra Prezident İlham Əliyev ilk olaraq yaralı hərbçilərimizlə görüşmüş, zəfər sevincini onlarla bölüşmüşdü.

Düşmənin kapitulyasiya aktı imzalamasının ertəsi günü, yəni 11 noyabr 2020-ci ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdülər. Ali Baş Komandan yaralı hərbçilərimizi parlaq qələbə münasibətilə təbrik edərək söylədi ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim: “Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsinizsizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir”.

Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, mən hər zaman sizinlə bir yerdə olacağam: “Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.

Həmin görüş zamanı ölkə başçısı həm də bütün aidiyyəti qurumlara göstəriş verdi ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstərilsin, onlara evlərin verilməsi təmin edilsin.

 

11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib

 

Ötən illər ərzində Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır.

Bu baxımdan Zəfərlə sonlandırılan Vətən müharibəmizdə yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşılır.  Artıq ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir.

Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütəmadi olaraq artırılır. Xüsusilə son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib.

İndiyədək 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının  25 yanvar 2021-ci il sərəncamı ilə 2021-2025-ci illərdə onlara daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiyasosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial psixoloji dəstək xidmətləri göstərilib.

Müharibə əlillərinin yüksək texnologiyalı elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.

 

Bu ailələrə yeni vergi güzəştləri ediləcək

 

Qazi və şəhid ailələrinə qayğı baxımından Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsi isə müstəsna əhəmiyyətə malikdir. Fond vasitəsilə də mütəmadi qazilərimizə və şəhid ailələrinə dəstək göstərilir.

Dövlətin bu kateqoriyadan olan şəxslərə dəstək tədbirlərindən biriparlamentin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Belə ki, məcəlləyə edilən dəyişikliklərlə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

“Vətən müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də ərazi bütövlüyümüz uğrunda döyüşən hərbçilərimizə yüksək ehtiramın təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Silahlı Qüvvələrimizin döyüşlərdə iştirak edən bütün hərbi qulluqçuları ordenmedallarla təltif edilib.

O cümlədən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz də ordenmedallara layiq görülüb, bu yüksək mükafatlar onların ailələrinə təqdim olunub.

 

Bu sadalananlar bir daha onu göstərir ki, Azərbaycan dövləti bütün kateqoriyalardan olan vətəndaşlarına daim qayğı və həssaslıqla yanaşır və onların sosial rifahının yüksək olması istiqamətində mühüm işlər reallaşdırır.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2021.- 11 dekabr.- S.1; 4.