Ordumuzun mühəndis-istehkam bölmələri azad olunmuş ərazilərimizin
minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi
işlərini davam etdirir
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 1-dən 10-dək 342 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 96,7 hektar ərazi təmizlənib.
Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17 min 202 mina və partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 13 min 273 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 628 kilometr yol çəkilib.
Yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilən Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyindəki “ASFAT AŞ” şirkəti tərəfindən istehsal olunan "MEMATT" (Mexanik Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad olunmuş ərazilərimizdə mühəndis
təminatı üzrə tədbirlər davam
etdirilir.
Azərbaycan.-
2021.-11 dekabr.- S.4.