Azərbaycanın QHT nümayəndələri Suqovuşan qəsəbəsinə və
Talış kəndinə səfər ediblər
Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər. Səfər 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələrini müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başladığını, 44 gün davam edən müharibə nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbə qazandığını bildirib. Deyib ki, müharibə dövründə Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətləri ilə barışmayaraq cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçib, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törədib.
Qeyd olunub ki, Tərtər şəhəri də həmin günlərdə dayanmadan düşmən atəşə tutulub. Tərtərə olan hücumlar nəticəsində çoxlu sayda mülki şəxs həlak olub və yaralanıb. O, həmçinin 30 ilə yaxın müddətdə Suqovuşan və Talışın, habelə digər işğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalandığını vurğulayıb. “Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına böyük maneə törədib, bərpa və quruculuq planlarımızı əhəmiyyətli dərəcədə ləngidib”, - deyə V.Quliyev bildirib.
Sonra QHT-lərə işğal dövründə ermənilərin törətdikləri vandalizm aktları, hazırda Talış və Suqovuşanda həyata keçirilən bərpa-yenidənqurma layihələri barədə məlumat verilib. Səfər iştirakçıları erməni işğalçıları tərəfindən viran qoyulmuş Talış kəndində yerləşən rus-pravoslav kilsəsini də ziyarət ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov QHT nümayəndələrinə Suqovuşan qəsəbəsində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Qarabağımızın digər işğaldan azad edilmiş guşələri kimi Suqovuşana da həyat yenidən qayıdır. Qəsəbə işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verilib. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanılıb. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Suqovuşana 110/35/6 kilovoltluq Tərtər yarımstansiyasından 35 kilovoltluq yeni elektrik veriliş xətti çəkilib, qəsəbənin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edilib. Qəsəbə elektrik enerjisi ilə təmin olunub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparılıb. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarında təmir işləri həyata keçirilib.
Diqqətə çatdırılıb ki, 1976-cı ildə istismara verilən və ümumi həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.
Suqovuşan qəsəbəsi və Talış kəndlərini ziyarət edən qonaqlar daha sonra Tərtər şəhərinə gəliblər. Səfər iştirakçılarına 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verilib.
Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minaatan mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.
Sonra QHT rəhbərləri ötən il Tərtərdə Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketi ilə dağıdılan evə baxış keçiriblər. Bildirilib ki, dağıdılan evin sahibi yeni evlə təmin olunub. Dağıdılan ev isə açıq havada muzey kimi saxlanılacaq.
Sonra Tərtər şəhərində qeyri-hökumət təşkilatlarının iştirakı ilə konfrans təşkil olunub. Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Müstəqilliyimiz tarixi nemətimizdir” filmi nümayiş olunub.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində 44 günlük müharibə zamanı Tərtər şəhərinə edilmiş hücumlar barədə məlumat verib. O bildirib ki, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması həm də onu göstərirdi ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.
Sonda
Azərbaycan QHT-lərinin Tərtər rayonunun
işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi
və Talış kəndlərinə səfərinin nəticələrinə
dair bəyanat qəbul edilib.
QHT-lər beynəlxalq hüququn
norma və prinsiplərindən irəli gələn
öhdəliklərin vicdanla
icrasının və qarşılıqlı anlaşmanın
əhəmiyyətini vurğulayaraq Ermənistan
siyasi-hərbi rəhbərliyinin təcavüzkar və
işğalçı siyasəti nəticəsində törədilmiş
insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla
regionda törətdiyi müharibə və
insanlıq əleyhinə cinayətlər ilə bağlı
faktların beynəlxalq təşkilatlar tərəfindən
araşdırılmasına, minalanmış ərazilərin
xəritələri və digər zəruri məlumatların
Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə,
Azərbaycana işğaldan azad olmuş ərazilərin
minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək
verməyə, sülh naminə birgə səylər
göstərməyə çağırış ediblər.
Azərbaycan.-
2021.- 11 dekabr.- S.5.