Ermənistanda vəziyyət qarışır
Erməni lobbisinin regionda
sülhə xələl gətirən fəaliyyəti
artıq İrəvanın özündə də tənqid hədəfidir
Bu günlərdə Ermənistanın 9 vilayətində, 36 icmasında yerli idarəetmə orqanlarına seçkilər keçirilib. 36 icmadan 16-sında Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 50 faizdən çox səs toplayıb. Qalan yerləri isə ya müxaliflər, ya da müstəqil namizədlər tutub. Elə bu fonda Ermənistanda siyasi ziddiyyətlər yenidən gərginləşib.
Yayılan məlumata əsasən, Ermənistanda Vardenis şəhərinin sakinləri yerli özünüidarəetmə orqanlarına keçirilən son seçkilərin nəticələrinə etiraz olaraq və “Birləşmiş Vardenis” blokunun lideri Aram Arutyunyanın saxlanması ilə bağlı aksiya keçiriblər.
Etirazçılar qeyd ediblər ki, hakimiyyət Vardenisdəki məğlubiyyətlə barışa bilməyib və bütün imkanlarından istifadə edərək Vardenis Ağsaqqallar Şurasını ələ keçirməyə cəhd göstərib. Yerli özünüidarə orqanlarına seçkilərdə hakim “Vətəndaş müqaviləsi” partiyası 12, “Aharon Xaçatryan” bloku 10, “Birləşmiş Vardenis” isə 5 mandat əldə etsə də, son iki partiya birləşmək qərarına gəlib və bununla da Şurada çoxluq təşkil ediblər.
Etirazçılar iddia edirlər ki, buna görə “Vahid Vardenis” blokunun lideri Aram Arutyunyanı saxlayıblar. Müxalifət baş verənləri əsas götürərək etiraz aksiyalarına hazırlaşır. Onu da qeyd edək ki, müxalifətin əsas məqsədi etiraz aksiyalarını hakimiyyətə qarşı “ümumxalq üsyanı”na çevirməkdir. Hakimiyyət müxalifətin niyyətinin həyata keçməsinin qarşısını almaq, bu düşərgədən gələn təhdidlərin neytrallaşdırılmasına nail olmaq üçün inzibati metodlardan, administrativ resurslardan istifadə edir.
Radikal müxalifət təmsilçiləri ilə bağlı atılan addımlar bunun təsdiqidir. Məsələn, sabiq prezident Robert Koçaryana bağlı “Ermənistan” fraksiyasını təmsil edən deputatlardan üçü həbsə atılıb, bəzilərinin isə məhkəmə qaydasında ölkəni tərk etməsinə qadağa qoyulub. Müxalifətin maliyyə dayaqlarının sıradan çıxarılması üçün də müvafiq addımlar atılır. Bu xüsusda əsas hədəf hakimiyyətdə olarkən özlərinə böyük sərvət toplamış keçmiş cinayətkar oliqarxlardır.
Ermənistanın Baş Prokurorluğu artıq sabiq müdafiə naziri Seyran Ohanyanın, onun həyat yoldaşının əmlakına həbs qoyub. Eyni zamanda prokurorluq eks-prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan, keçmiş ətraf mühit naziri Aram Arutunyan barədə araşdırma başladıb. Sabiq prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və digər keçmiş oliqarxlar haqqında da cinayət təqibi davam etdirilir.
Müxalif düşərgədə yer alan bəzi şəxslər, əsasən də keçmiş oliqarxlar törətdiyi cinayət əməllərinə görə təqibdən yayınmaq üçün ölkədə etiraz aksiyaları təşkil etməyə, bu müstəvidə qarşıdurma və iğtişaşlar törətməklə hakimiyyətə yiyələnməyə çalışırlar. Hazırda Ermənistanda baş verənlər yeni daxili qarşıdurmanın, hətta vətəndaş müharibəsinin başlanmasını istisna etmir. Belə olan halda Ermənistan yenə Cənubi Qafqazda qeyri-sabitlik, xaos və təhdid mənbəyi olaraq qalmaqda davam edəcək.
Bu vəziyyətdə daha bir maraqlı məqam erməni diaspor və lobbisi ilə Ermənistan arasında yaranan ziddiyyətlərdir. Erməni lobbisinin regionda sülhə xələl gətirən fəaliyyəti artıq Ermənistanın özündə də tənqid hədəfidir. Erməni politoloq Ruben Meqrabyanın Rusiyadakı erməni lobbisinə xitabən səsləndirdiyi fikirlər bunu təsdiq edir: “Bizə Moskvada yumşaq divanın üstündə oturub vətəni necə sevməyi öyrətməyin”.
Bloqçu Roman Bağdasaryanın efirində qonaq olan politoloq 1988-ci ildən bu yana yığılan problemlər, keçmiş və indiki rəhbərliyin fəaliyyəti, orduda olan vəziyyət və sair barədə sualları cavablandırarkən lobbi ilə bağlı olduqca maraqlı məqamlara toxunub. O, 44 günlük müharibə zamanı lobbi və diasporun ordunu taladığını bildirib. Meqrabyan problemlərin kökünün əsas mənbəyi kimi erməni diasporunu göstərib. O, Ermənistanda yaşamayan, vergi ödəməyən, uzaq ölkələrdən hökuməti idarə etmək istəyən, xalqı öz yalanları ilə aldadan lobbistləri günahlandırıb: “Əgər Ermənistanda yaşamırsansa, vergi ödəmirsənsə, hərbi vəzifən yoxdursa, sənin nəyinə lazımdır hökuməti kim idarə edir, necə idarə edir, yaxşı hökumətdir, pis hökumətdir, baş nazir kimdir, düz işləyir, ya yox, sənin nəyinə lazımdır? Faydalı olmaq istəyirsən, ol, yararlı olmağı bacarırsan, ol, amma bizə mane olmayın, icazə verin, problemlərimizi özümüz həll edək, kim yaxşıdır, kim pisdir, kim düzdür, kim düz deyil, biz bilirik. Onsuz da burada heç kim müqəddəs deyil, indiki hökumət bəzi şeylərdə düzgündür, bəzilərində yox... Biz hələ çox şeyi yoluna qoymalı, qaydasına salmalıyıq, bəzi şeyləri birdəfəlik silib atmalıyıq. Çox səhvləri düzəltmək, çox şeyi yenidən başlamalıyıq. Əgər kömək edə bilirsinizsə, edin, buyurun, yox, kömək edə bilmirsinizsə, əl çəkin bizdən, bizi sakit buraxın, özümüz həll yolunu taparıq. Sizin məsləhətinizə ehtiyacımız olsa, soruşarıq. Moskvada yumşaq divanda oturub bizə vətəni necə sevməyi öyrətmək lazım deyil”.
Roman Baqdasaryan da erməni lobbistlərinə qəzəbini saxlaya bilməyərək onlara səslənib: “Siz bilirsinizmi ki, divanda oturub erməni ordusunu və indiki hökuməti tənqid etməklə ordunun ruh yüksəkliyini aşağı salırsınız. Rusiyada, Ukraynada, Moldovada oturub kabab çəkib, konyak içirsiniz, fikirləşirsinizmi ki, postlarda əsgərlərimiz gecə-gündüz keşik çəkir. Kömək etmək əvəzinə, hökuməti daş-qalaq edirsiniz. Açıq deyin ki, qorxursunuz, qoy hamı eşitsin, qorxduğunuzu boynunuza alın”.
Beləliklə, həm diasporla ziddiyyət, həm də daxili qarşıdurma Ermənistanda xaos və anarxiyanı daha da dərinləşdirir.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2021.- 11 dekabr.- S.1; 8.