Heydər Əliyev fenomeni - xalqımızın siyasi-mənəvi sərvəti və milli tərəqqi yolu

 

Tarix yazmış və adını tarixə əbədi yazdırmış xalqların inkişaf yolu müxtəlif, rəngarəng və özünəməxsus olması ilə fərqlənir. Daha dəqiq desək, tarix səhnəsində yüksəlişi ilə nümunə yaratmış - bəşəriyyətin mənəvi-siyasi xəzinəsinin zənginləşməsinə mühüm töhfələr vermiş hər bir xalqın öz inkişaf yolu, mütərəqqi, unikal və nümunəvi təcrübəsi var.

Onların hər biri fərqli örnək və model kimi dəyərləndirilsə də, ümumi cəhət liderlik amili və ya lider fenomeni ilə birbaşa əlaqədardır. Tarixə ekskursun nəticələri və bugünkü reallıqlar deməyə əsas verir ki, güclü lider amili olmadan xalqın intibahını və rifahını, dövlətin inkişafını və yüksəlişini təmin və təsəvvür etmək olmaz. Elə çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu nəzəri tezisi və praktik reallığı birmənalı şəkildə təsdiqləyir. İnkaredilməz həqiqətdir ki, xalqımız istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır.

 

Heydər Əliyev irsi - xalqımızın tükənməz mənəvi-siyasi sərvəti

 

Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı bütün bu reallıqları, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir, müdrik dövlət xadiminin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir.

Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.

Ümumiyyətlə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

 

Çoxəsrlik tariximizin Heydər Əliyev erası - dövlətçilik salnaməsi

 

Ümumiyyətlə, Heydər Əliyevin adı və fəaliyyəti tarixi, coğrafi, siyasi və mənəvi nöqteyi-nəzərdən genişmiqyaslıdır. Mübaliğəsiz deyə bilərik ki, çoxəsrlik tariximizin Heydər Əliyev erası dövlətçilik salnaməsidir. Çünki Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdur. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdır. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, müstəqillik ideyasının əxz olunmasında və mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində xüsusi rol oynamışdır. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın qaldırılması, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsinin çıxarılması, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələrə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərara imza atılması dövlətçilik tariximizin ən mühüm hadisələri sırasında yer alır. Bu, Heydər Əliyevin fəaliyyətinin məhz milli maraqlara, dövlətçilik ənənələrinə və xalqın ali mənafeyinə əsaslandığını göstərən çox mühüm faktlardandır.

1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək zirvəyə yüksəltmişdir. O, böyük Öndər kimi xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır.

Müstəqilliyin ilk illərini əhatə edən tarixi dövrün reallıqları fonunda müstəsna əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Bu, çoxəsrlik dövlətçilik tariximizin Heydər Əliyev erasının çox mühüm səhifələrindən biri, yeni Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır. Bugünkü reallıqlar fonunda keçmişə, müstəqilliyin ilk illərinin ən həssas, həlledici və taleyüklü tarixi mərhələsinə nəzər saldıqda belə bir qənaətə gəlirik ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi xalqımızın milli məqsədlər ətrafında təşkilatlanmasını, siyasi-ideoloji boşluqların aradan qaldırılmasını təmin edən, dövlətimizin siyasi taleyini, gələcək yolunu, perspektivini müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə oldu. Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirməsini və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutmasını mümkün edən bir çox strateji faktor var idi. Birincisi, Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Digər tərəfdən, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisinə çevrildi. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Bununla yanaşı, YAP nümayiş etdirdi ki, müxalifətçilik dövlətin maraqlarına zidd mövqe tutmaq üçün deyil, iqtidar partiyası kimi fəaliyyət göstərmək, hər şeydən əvvəl, xalqa xidmət etmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmalıdır.

Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən müddət ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Xüsusi vurğulamaq gərəkdir ki, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Daha dəqiq desək, bir çox tədqiqat əsərlərində, fundamental elmi-konseptual mənbələrdə Heydər Əliyevin liderlik fenomenindən bəhs edərkən Onun xilaskarlıq missiyası xüsusi araşdırma predmetinə çevrilir. Çünki Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Tarixə xronoloji ardıcıllıqla yanaşsaq, görərik ki, Heydər Əliyevin xilaskarlıq missiyası Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə qədəm qoymasından sonra daha da aktuallıq kəsb etməyə başlamışdır. Xalqın Ulu Öndərə olan inam və etimadı Onun respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsinə zərurət yaranmışdı. Daha dəqiq desək, 1993-cü ilin məlum iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider Heydər Əliyev bunu nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazılmışdı. Proseslərin məntiqi nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf paradiqmalarını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə müvafiq olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilməsini təmin etmişdir.

Çox mühüm məqamlardan biri budur ki, Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Həm SSRİ dövründə, həm də müstəqillik dönəmində respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji hədəflərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu Öndər tərəfindən mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş və gücləndirmiş, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Özündə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət, gənc nəslin vətənpərvərlik ideyası əsasında və milli ruhda yetişməsi kimi prinsipləri ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin ideoloji əsasına çevrilmişdir. Bu ideologiyanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların mənafeyini və hüquqlarını qoruması onun milli həmrəylik mənbəyinə çevrilməsini şərtləndirmişdir. Azərbaycançılıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətəninə sıx mənəvi tellərlə bağlı olan, milli dəyərlərin və ənənələrin, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq göstərən və respublikamızı beynəlxalq müstəvidə layiqincə təmsil edən gəncliyin yetişməsi və milli ideya əsasında vətənpərvərlik ruhunda tərbiyəsində çox mühüm rol oynamışdır.

 

Güclü dövlət konsepsiyası - böyük Zəfərə gedən yol

 

 Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Müdrik dövlət xadimi Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Böyük siyasətin sirlərinə dərindən bələd olan Ümummilli Lider bilirdi ki, torpaqların işğaldan azad olunması - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün güclü dövlət konsepsiyasını reallaşdırmaq lazımdır. Bunun üçün isə strateji hədəfləri dəqiq müəyyənləşdirmək, xüsusi olaraq bir neçə istiqamətdə milli məqsədləri gerçəkləşdirmək gərəkdir. Bunlardan biri və birincisi ilk növbədə ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin təmin olunması idi. Ümummilli Lider həm daxili siyasətdə mühüm tədbirlər həyata keçirməklə, həm də Azərbaycanın dövlətçilik mənafeyini beynəlxalq miqyasda strateji maraqlarla dəqiq uzlaşdırmaqla buna nail oldu. Paralel olaraq mütərəqqi iqtisadi inkişaf strategiyasının hazırlanması və uğurla tətbiq olunması da Azərbaycanın milli gücünün artırılmasında və hədəfə doğru inamla irəliləməsində mühüm rol oynadı. Bu kontekstdə “Əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq əməkdaşlıq platformasının yaradılması, xarici tərəfdaşlarla iqtisadi-ticari münasibətlərin təməlinin atılması və digər addımlar da xüsusi vurğulanmalıdır. Uğurlu ordu quruculuğunun həyata keçirilməsi də böyük Zəfərə gedən yolda xüsusi əhəmiyyət kəsb edən işlərdən biridir. Digər tərəfdən, Ümummilli Liderin beynəlxalq tədbirlərdə və qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul edilməsinə nail olması da ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, diplomatik müstəvidə üstünlük qazanmasına xidmət göstərdi.

Nəticə etibarilə Ulu Öndərin əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməsi ilə Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolun əsası qoyulmuşdur. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Bütövlükdə, Azərbaycan tarixinin müstəqillik zirvəsi bilavasitə Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır. Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

 

Siyasi varisliyin təmin olunması - daha güclü Azərbaycan naminə

 

Tarixi şəxsiyyətlərin misilsiz xidmətləri təkcə yaşadıqları və fəaliyyət göstərdikləri dövrlə məhdudlaşmır. Onların ideyaları və irsi həm zaman, həm də məkan anlayışının fövqündədir. Eynilə Heydər Əliyev ideyaları, Ulu Öndərin zəngin dövlətçilik irsi kimi. Ümummilli Liderin ideyaları bütün dövrlərdə həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, parlaq perspektivini təmin edən dəyərlər sistemi kimi aktuallığını qoruyub, bu gün də belədir. O, təkcə Azərbaycanın inzibati-coğrafi sərhədləri - respublikamızın hüdudları ilə məhdudlaşmır, dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilib. Heydər Əliyev irsi Azərbaycan dövlətinin inkişaf paradiqmalarını müəyyənləşdirir, eyni zamanda, milli siyasi şüurun və siyasi mədəniyyətin inkişafını şərtləndirir.

Bunlarla yanaşı, siyasi varisliyin təmin olunması Heydər Əliyev irsinin parlaq təzahürü - Azərbaycanın dövlətçilik tarixinin müstəsna siyasi hadisələrindəndir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğrultmuşdur. Onun layiqli davamçısı olan cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyulmuşdur. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti ilə, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlamışdır.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, nüfuzlu reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin hesabatlarında yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik nailiyyətlər əldə olunmuş, respublikamızın sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq yaxşılaşmış, beynəlxalq reytinqi artmışdır. Dövlət başçısının müəllifi olduğu milli inkişaf modelinin uğurla tətbiq olunması nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi sistem formalaşmış, bölgələrin davamlı və tarazlı sosial-iqtisadi inkişafı təmin edilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına xidmət edən kompleks xarakterli islahatlar kursuna start verilmişdir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinə, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri bu siyasi birliyin bariz nümunəsi - əyani ifadəsdir. Paralel olaraq siyasi-ideoloji və mənəvi müstəvidə həyata keçirilən işlər xalqımızın həmrəyliyinin daha da güclənməsini, o cümlədən vətənə sədaqət ruhunda gənc nəslin yetişməsini təmin etmişdir. Milli dəyərlər əsasında tərbiyə olunan Azərbaycan gəncliyi həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirir, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlir. Digər tərəfdən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasət kursu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın dünya miqyasında reputasiyası güclənmişdir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq, multikulturalizm və tolerantlıq məkanı kimi tanınmışdır. Respublikamız ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynamış, bu istiqamətdə əhəmiyyətli təşəbbüslər irəli sürmüş və sistemli fəaliyyət göstərmiş, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr vermişdir. Bununla yanaşı, bir zamanlar xəyal kimi görünən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələri dövlətimizin təşəbbüsü və liderliyi ilə reallaşdırılmış, Azərbaycan regional güc mərkəzinə və Cənubi Qafqaz bölgəsinin aparıcı dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyada təkcə davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə kimi, tolerantlıq nümunəsi və multikultiralizm diyarı olaraq tanınmır. Ötən əsrin sonunda müstəqilliyini bərpa etmiş respublikamız, eyni zamanda, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və müasir dünya siyasətinin nüfuz iyerarxiyasında mütəmadi yüksəlişə malik prestijli dövlət olaraq səciyyələndirilir.

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir. Xüsusilə də, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderimizin zəngin irsinin araşdırılmasında və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu, həm Heydər Əliyev fenomeninin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz yerinin və rolunun daha dərindən öyrənilməsi, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi aspektlərinin fundamental səviyyədə tədqiq olunması baxımından xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun fəaliyyəti olduqca genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın bütün sahələrini əhatə edir, eyni zamanda, Azərbaycanın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır. Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr milli məqsədlərin və strateji hədəflərin gerçəkləşdirilməsini təmin edir.

 

Ədalətin bərpası - Azərbaycan tarixinin zirvə hadisəsi

 

Birmənalı şəkildə vurğulamaq olar ki, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqlarımızın şərəfli milli mübarizə, haqq-ədalət mücadiləsi nəticəsində əsarətdən xilas edilməsi, tarixi ədalətin bərpası və ölkəmizin ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev siyasətinin təntənəsidir. Şübhəsiz ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail olmuşdur. Əlbəttə, bu Zəfər salnaməsinin yaradılması, Qələbə dastanının yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olunması çox böyük hadisədir. Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını göstərən çox mühüm faktdır. Amma, eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.

İlk növbədə qeyd etmək lazımdır ki, ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə hücum diplomatiyasının uğurla həyata keçirilməsi, qərəzli dairələrin məkirli planlarının iflasa uğradılması, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması münaqişənin həlli istiqamətində ölkəmizin mövqeyinin möhkəmlənməsini şərtləndirmişdir. Bunun nəticəsidir ki, bir çox beynəlxalq təşkilatların toplantılarında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi müvafiq sənədlərin mətnində öz əksini tapmış, zəruri və fundamental hüquqi baza formalaşdırılmışdır. Bunlarla yanaşı, Prezident İlham Əliyevin inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilmiş, ölkənin maliyyə imkanları genişlənmişdir. Yəni güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf Azərbaycanı tarixi Zəfərə aparan çox mühüm və həlledici amillərdən biri olmuşdur. İqtisadi müstəqilliyin və milli inkişafın təmin olunmasına paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında - hərb səhnəsində təmin etməsini mümkünləşdirmişdir.

Nəticə etibarilə, milli maraqlara əsaslanan xarici siyasət kursunun, güclü iqtisadiyyat və ordu quruculuğunun həyata keçirilməsi, həmrəyliyin, xalq-lider birliyinin təmin olunması və Azərbaycanın imkanlarının milli hədəflər uğrunda məqsədyönlü şəkildə səfərbər olunması nəticəsində qazanılan böyük Qələbə ölkəmizi yeni strateji nailiyyətlərə və zirvələrə aparır. Postmüharibə dövründə məqsədyönlü milli fəaliyyət bir neçə istiqamətdə sistemli şəkildə ardıcıl olaraq davam etdirilir. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın qısa müddətdə və yüksək səviyyədə təmin olunması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilərək bu istiqamətdə müvafiq işlər görülür. Digər hədəf Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Bu, siyasi, hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Yeni şəraitdə geosiyasi və geoiqtisadi işbirliyi imkanları təkcə bölgə xalqları və dövlətləri üçün deyil, bir çox dövlətlər, o cümlədən regional və beynəlxalq güc mərkəzləri üçün də mühüm dividendlər vəd edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Azərbaycan başda olmaqla çoxşaxəli işbirliyində maraqlı olan dövlətlərin mühüm iqtisadi mənfəət qazanması deməkdir. Bütün bunlar isə Azərbaycanın milli tərəqqisində yeni mərhələnin başlanmasıdır. Prezident İlham Əliyev bütün bu məsələlərin həll olunmasında, strateji hədəflərin reallaşdırılmasında güclü iradə nümayiş etdirir, qətiyyətli mövqe sərgiləyir. Reallıqlar və proseslər isə Azərbaycanın öz strateji hədəflərini addım-addım gerçəkləşdirir.

Yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi Azərbaycanın davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası da yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.

Bir sözlə, Ulu Öndərin görmək istədiyi bugünkü güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirəcək, dünya müasir müstəqil dövlətimizin banisinin ideyalarının reallığa çevrilməsi nəticəsində daha möhtəşəm Azərbaycana şahidlik edəcək!

 

Tahir BUDAQOV

Yeni Azərbaycan Partiyası Sədrinin

müavini - Mərkəzi Aparatın rəhbəri

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.1; 3.