Heydər Əliyevin təməlini qoyduğu
inkişaf yolu
Bu gün Heydər Əliyevin anım günüdür, hər birimiz Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edirik, ruhu qarşısında baş əyirik. Bu anım günündə həm də Heydər Əliyevə bir daha sonsuz minnətdarlığımızı ifadə edirik. Çünki xalqımızın 44 günlük Vətən müharibəsindəki Zəfərinin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, “Əsrin müqaviləsi” imzalananda, hüquqi dövlət quruculuğuna başlanılanda, vahid komandanlığa əsaslanan ordu yaradılanda, Lissabonda böyük siyasi-diplomatik uğur qazanılanda qoyulmuşdu.
Artıq keçmişdə qalmış, ötən ilin Vətən müharibəsində Azərbaycanın güc yolu ilə həll etdiyi Dağlıq Qarabağ problemi ilə bağlı dövlətimiz həmişə təzyiqlərlə üzləşmişdi. Ayrı-ayrı təşkilatlarların, dövlətlərin, Minsk qrupunun ikili standartlara söykənən mövqeyini görmüşdük. İşğalçı və işğala qalan gün kimi məlum olsa da, problemin həllində iştirak edən heç bir beynəlxalq təşkilat və dövlət Ermənistanı öz adı ilə çağırmamışdı. Onların heç biri BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməsində, Ermənistana təzyiq və təsir göstərilməsində israr etməmiş, heç biri vaxtilə işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən törədilən vandallıqlara etirazını bildirməmişdi.
Bununla yanaşı, həmsədrlər, müxtəlif beynəlxalq təşkilatlar həmişə cidd-cəhdlə bəyan edirdilər ki, münaqişənin güc yolu ilə həlli yoxdur. Bu isə Ermənistanın işğal siyasətinə dəstək verirdi. Azərbaycanın öz torpaqlarını işğaldan güc yolu ilə azad etməsindən sonra Fransanın ortaya qoyduğu mövqenin nümunəsində ortaya çıxan reallıq ondan ibarətdir ki, danışıqlar adı altında əslində Ermənistanın təcavüzkar siyasətinə dolayısı ilə dəstək verilib. Azərbaycanın üzləşdiyi ikili standartlar və təzyiqlər fonunda Vətən müharibəsindən sonra ortaya çıxan başqa bir reallıq isə ondan ibarətdir ki, işğal siyasətinə dəstək verən ayrı-ayrı təşkilat və dövlətlər hesab edirdilər ki, zaman ötdükcə Azərbaycan xalqı reallıqlarla barışacaq, münaqişənin Ermənistanın maraqlarına uyğun olan həll planı ilə razılaşacaqdır.
Lakin Azərbaycan xalqı torpaqlarımızın işğal altında qalması faktı ilə heç vaxt razılaşa bilməzdi. Bu illər ərzində xalqımız bir dəfə də olsun inamını itirmədi, hər kəs əmin oldu ki, işğal altında olan torpaqlarımız azad ediləcək. Bu ümidi, bu əminliyi gücləndirən isə Heydər Əliyevin başlatdığı və İlham Əliyevin davam etdirdiyi siyasət idi. Ulu Öndər Azərbaycanın hələ indiki kimi güclü olmadığı ötən əsrin 90-cı illərində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində ölkəmizin milli maraq və mənafelərini həmişə layiqincə təmin etdi, qorudu. Heydər Əliyev heç vaxt Qərbin bəlli siyasi dairələrinin Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq niyyətlərinin həyata keçməsinə imkan vermədi, onların qarşısını qətiyyətlə aldı.
2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyev müdrik şəxsiyyət idi və dediyi sözlərdə nə qədər böyük həqiqətin və hikmətin olduğu 2003-cü ildən sonra respublikamızda gedən inkişaf proseslərində özünü göstərdi. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu və inkişaf strategiyasını inamla, layiqincə davam etdirdi, onları dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirdi.
Prezident İlham Əliyev yürütdüyü siyasətlə, Azərbaycanı inkişaf yoluna çıxarmaqla həm də Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun reallaşması üçün tarixi şərait formalaşdırdı. Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızı azad görmək, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. Hələ 1998-ci ildə məcburi köçkünlərlə görüşdə Heydər Əliyev deyirdi: “Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.
Möhtərəm İlham Əliyevin 2003-cü ildən sonra respublikamıza rəhbərliyi göstərir ki, həyata keçirilən siyasətin prioritetlərindən biri torpaqlarımızın işğaldan azad edilməsi olub. Bunun üçün cənab Prezident bütün cəbhələrdə əzmkar fəaliyyət ortaya qoyub, siyasi iradə və qətiyyət nümayiş etdirib. Torpaqlarımızın azad edilməsinə hesablanmış fəaliyyət ordu quruculuğu ilə yanaşı, iqtisadi inkişafın təmin edilməsində, hücum diplomatiyasının həyata keçirilməsində, dünya erməniliyinin saxta iddialarının ifşa olunmasında özünü göstərib.
Beləliklə, Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə, tarixinin ən qüdrətli dövlətinə çevirməklə torpaqlarımızın işğaldan azad edilməsi üçün əlverişli tarixi şərait formalaşdırdı. Ötən ilin 44 günlük Vətən müharibəsi bütün bunların məntiqi yekunu idi. Ermənistanın növbəti hərbi təxribatının nəticəsi olaraq başlanan bu müharibə torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Ulu Öndər Heydər Əliyevin yaratdığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daha da gücləndirdiyi ordumuz cəmi 44 günə Ermənistanı döyüş meydanında darmadağın etdi, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Ona görə artıq Ulu Öndər Heydər Əliyevin ruhu da şaddır.
Azərbaycan xalqı özünün şərəf dolu günlərini yaşayır. Ötən ilin 44 günlük Vətən müharibəsindən qalib ayrılan, 30 il işğal altında qalan torpaqlarını azad edən xalqımız bu zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru bərpa edir, yenidən qurur. İndi dönüb geriyə baxanda, tarixə ekskurs edəndə bir daha görürük ki, bizi bu günlərə gətirən yol, yürüdülən siyasət nə qədər düzgün və nə qədər müdrik imiş. Bəli, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf yolu, müəyyən etdiyi siyasi kurs başqa cür ola bilməzdi.
Novruzəli ASLANOV,
Milli Məclisin
deputatı, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin
prezidenti
Azərbaycan.- 2021.- 12 dekabr.- S.6.