Milli idealların təntənəsi
Bu gün əbədiyaşar şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Zaman keçdikcə, aradan illər ötdükcə, Azərbaycan yüksəldikcə biz Ulu Öndərin şəxsiyyətinin ucalığını, dövlətimiz üçün müəyyən etdiyi siyasi kursun və inkişaf yolunun əzəmətini daha yaxından və dərindən anlayırıq.
Heydər Əliyev kimi dahilər öz əməlləri ilə mənsub olduqları xalqın, dövlətin qürurdoğuran tarixini yaradır, onun inkişaf salnaməsinin müəllifinə çevrilirlər. Tariximizə nəzər salanda görürük ki, dövlətimizin çətin vaxtlarında Heydər Əliyev bir lider kimi üzərinə düşən bütün vəzifələri layiqincə, qətiyyətlə yerinə yetirib, Azərbaycanı tənəzzüldən inkişafa, təbəddülatlardan sabitliyə çatdırıb. Sovet dövründə Azərbaycanı keçmiş ittifaqın qabaqcılları sırasına çıxaran Heydər Əliyev müstəqillik illərində də öz missiyasını müdrikcəsinə həyata keçirib, dövlətimizi parçalanmaqdan, xalqımızı öz azadlığını itirməkdən xilas edib. Bu baxımdan istər sovet, istər müstəqillik illərində Heydər Əliyevin müəllifliyi ilə qazanılan hər bir uğur tariximizin qürurverici səhifələridir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın nail olduğu hər bir uğur həm də Heydər Əliyev ideyalarının həyata vəsiqə almasıdır. Heydər Əliyev yolunu layiqincə, qətiyyətlə, inamla davam etdirən, ən nüfuzlu siyasi liderlərlə bir cərgədə dayanan İlham Əliyevin rəhbərliyi ilə keçilən inkişaf yolu Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, bölgənin liderinə, dünyada isə söz sahibinə çevirib.
Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında olması idi. Ötən ilin Vətən müharibəsində torpaqlarımızın azad edilməsi bir daha Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun təntənəsi kimi tariximizə həkk olundu. Bu qələbəyə aparan yolun əsasını illər öncə Ulu Öndər müəyyən etmişdi. Məhz Heydər Əliyevin sayəsində müasir Azərbaycan dövlətinin yaradılmasından sonra müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın azad edilməsi üçün etibarlı bünövrə yaradılmasını təmin etdi. Heydər Əliyev uzaqgörən siyasətçi, dövlət xadimi idi. Onun təməlini qoyduğu inkişaf siyasəti yalnız sosial-iqtisadi sfera ilə tamamlanmayaraq, kompleks xarakter daşıyırdı. Əlbəttə, bəzən qarşıya qoyulan hədəflərə çatmaq üçün illər, onilliklər lazım gəlir. Eyni zamanda bu zaman daim nəzərə alınırdı ki, biz yalnız Ermənistanla yox, dünyada özünə yer etmiş erməni təəssübkeşliyi, erməni lobbisi ilə üz-üzəyik. Bu baxımdan Heydər Əliyev bütün məsələləri zərgər dəqiqliyi ilə ölçüb biçmişdi.
Ulu Öndərin müəyyən etdiyi inkişaf siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadi sferada sürətli yüksəliş yoluna qədəm qoydu, beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Azərbaycanın yüksəlişi isə nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasını uğurla təmin etdi. Prezident İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz müharibə yolu ilə Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”, - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bəyan etmişdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün təlatümlərdən xilas etdi, müstəqilliyimizin, dövlətçiliyimizin əsaslarını möhkəmləndirdi. Prezident İlham Əliyev isə Azərbaycanı sürətli inkişaf yoluna, dünyanın ən güclüləri sırasına çıxardı. Beləliklə də, dövlət və haqlı olaraq qürur duyduğumuz ordumuz qarşısında duran tarixi missiyanı, Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Ona görə Heydər Əliyevin ruhu da sevinir, çünki Vətən müharibəsindəki qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.
Könül NURULLAYEVA,
Milli Məclisin
deputatı
Azərbaycan.- 2021.- 12 dekabr.- S.6.