Böyük şəxsiyyətin müqəddəs vəsiyyətləri

 

Onlar Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir

 

Ümummilli Lider Heydər Əliyev üçün tarixintaleyin ən böyük mükafatı xalqın ona göstərdiyi etimad, insanların inamı idi.

Ulu Öndər bu etimadı doğrultmaq üçün yaşadı və uğurlu fəaliyyət göstərdi. Bu inama layiq olmağı ömrünün mənası bildi. Dahi rəhbərin siyasi lider və dövlət qurucusu kimi ən böyük uğur sirri də elə bunda idi.

Heydər Əliyev bütün həyatını xalqının inkişafına həsr edən nadir şəxsiyyət və əzmkar dövlət başçısı kimi insanların qəlbində özünə əbədi yer tutdu.

...8 noyabr 2020-ci ildə Şuşanın azadlığı müjdəsini xalqımıza çatdırarkən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə Fəxri xiyabana getdi. Ulu Öndər Heydər Əliyevin abidəsi önündə böyük sayğı və ehtiramla onun ruhu qarşısında baş əydi. Görkəmində məğrurluq və xüsusi əzəmət var idi. Sonra Şəhidlər xiyabanını ziyarət edərək Şuşanın azadlığı xəbərini bütün dünya azərbaycanlılarına yetirdi. Torpaqlarımızı işğaldan azad etmiş, adını milli dövlətçilik tariximizə əbədi yazmış qüdrətli Liderin, dövlət rəhbərinin fəxarəti ilə birgə ata vəsiyyətini yerinə yetirmiş xeyirli övladın qürurunu da xalqımızla böyük sevinc içində bölüşdü.

 

Xoşbəxtlik anı

 

Prezident İlham Əliyev çıxışında dedi: “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

2003-cü ilin 15 oktyabr Prezident seçkisi ərəfəsində Azərbaycan xalqına tarixi müraciəti ilə cənab İlham Əliyevin namizədliyini dəstəkləməyi tövsiyə edərkən Ümummilli Lider Heydər Əliyev bu inamın özünü doğruldacağını qabaqcadan görürdü. Onun yarımçıq qalmış bütün işlərinin, başa çatmamış  arzularının yerinə yetiriləcəyinə qəlbən inanırdı. Elə bu inamla da Azərbaycan xalqını ölkənin əmin əllərinə etibar etməyə çağırırdı.

Heydər Əliyevin bu müraciəti həm atanın övlada, həm də milli dövlətçilik tariximizdə müstəsna xidmətləri olmuş böyük şəxsiyyətin öz layiqli yetirməsinə, mənəvi irsinin davamçısına müqəddəs vəsiyyəti idi. Azərbaycan Prezidenti kimi andiçmə mərasimində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”, - deyə bəyan edən cənab İlham Əliyev bu illər ərzində Ulu Öndərin ölkəmizin inkişafı, xalqın rifahı ilə bağlı bütün arzularını reallığa çevirdi. Ümummilli Liderin möhkəm təməllər üzərində formalaşdırdığı Azərbaycan dövlətini tarixinin ən güclü inkişaf mərhələsinə çatdırdı. Qüdrətli Azərbaycanın Prezidenti oldu. Bu dönəmdən ölkəmizin daha böyük strateji inkişaf hədəfləri başlandı. Bir zamanlar çoxumuza xəyal kimi görünən qlobal layihələr gerçək oldu. Azərbaycan cəmiyyətini narahat edən bir çox problemlər həllini tapdı. İnsanlarımızın rifahı yüksəldi. Yurdumuz başdan-başa abadlıq meydanına, inkişaf məkanına çevrildi. Regionun lider dövləti kimi ökəmizin beynəlxalq nüfuzu yüksəldi. Səsimiz mötəbər kürsülərdən daha inamla, daha qətiyyətlə eşidilməyə başladı. Azərbaycanın xarici əlaqələri genişləndi. Tarixi həqiqətlərimiz dünyaya çatdırıldı. Azərbaycan erməni lobbisinin illərlə ətrafımızda qurduğu informasiya blokadasını dağıdıb beynəlxalq ictimaiyyətə doğruları çatdırmağa başladı. Cəmiyyətimizdə milli birlik təmin olundu. Bütün bunlarla yanaşı, Azərbaycan getdikcə artan iqtisadi gücündən bəhrələnərək həm də dünyanın kifayət qədər möhkəm ordularından birini qurdu. Ordumuz döyüş ruhuna, təchizatına, arsenalına daxil etdiyi innovativ silahlara görə öncül sıralarda qərarlaşdı. Prezident İlham Əliyev Vətəni canından çox sevən, Azərbaycan uğrunda hər an döyüşə atılmağa hazır olan vətənpərvər bir nəsil yetişdirdi. Bu elə bir nəsildir ki, onun hər təmsilçisi dünyanı dərk edəndən Azərbaycanı belə güclü, qətiyyətli, özü öz taleyinin sahibi kimi görüb, bu ruhda yetişib. Azərbaycan vətəndaşı olmağı özünə fəxarət bilib. Yetişən yeni nəsillə ölkə rəhbərimiz dövlətimizi daha da güclü etdi. Respublikada yeni bir siyasi mədəniyyət formalaşdı. Cəmiyyətdə milli birlik təmin olundu. Beləliklə, Ulu Öndər Heydər Əliyevin ən müqəddəs və vacib vəsiyyətini yerinə yetirmək zamanı gəldi.

 

Heydər Əliyevin ən böyük arzusu

 

İşğal olunmuş torpaqlarımızı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Çıxışlarını dinləyəndə bu münaqişənin həlli ilə bağlı itirilmiş fürsətlərdən, problemin qarşısını vaxtında almamaqdan dolayı məyusluğunu hər zaman hiss etmək olardı. İşğalçılıq mərəzinə yoluxmuş ermənilərin Azərbaycana qarşı ərazi iddiaları Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindəki vəzifəsindən istefaya məcbur edildikdən sonra başlanmışdı. Onun varlığını qarşılarında böyük maneə görən erməni separatçıları məhz Ümummilli Liderin istefasından sonra dərhal hərəkətə keçmişdilər. Ulu Öndər hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldiyi ilk illərdən sonralara, fəaliyyətini Moskvada daha yüksək vəzifələrdə davam etdirdiyi illərə qədər zaman-zaman baş qaldıran bu iddiaların qarşısını məharətlə ala bilirdi. Erməni məkrinin, hiyləsinin geniş yayılmasına imkan vermirdi. Ortaya çıxan separatizm meyillərini ən optimal üsullarla məhdudlaşdırırdı. Eyni zamanda gələcəkdə bu cür meyillərin  yayılmaması üçün lazımi tədbirlər görürdü. Amma 1988-ci ildə Heydər Əliyevin proseslərə təsir imkanları məqsədli şəkildə məhdudlaşdırılmışdı. Yaranmış vəziyyəti fürsət bilən separatçıların əl-qolu açılmışdı. Əfsuslar olsun ki, o dövrdə ölkəyə rəhbərlik edənlərin qətiyyətsiz mövqeyi, vəziyyəti nəzarət altında saxlamağı bacara bilməməsi erməniləri daha da azğınlaşmağa sövq etdi. İndi tarixin bu üzündən baxanda adamda dəqiq qənaət formalaşır ki, əgər ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərində Azərbaycana təsadüfi şəxslər deyil, məhz Heydər Əliyev rəhbərlik etsəydi, problem bu miqyasa qədər genişlənməyəcəkdi. Günahsız insanların ömrünə son qoyulmayacaqdı. Torpaqlarımız işğal olunmayacaqdı, Qarabağ, Şərqi Zəngəzur erməni vandalları tərəfindən xarabazara çevrilməyəcəkdi. Ev-eşiyindən didərgin salınmış milyonlarla soydaşımız illərlə min bir məşəqqətə düçar olmayacaqdı. Azərbaycana bu qədər ziyan dəyməyəcəkdi. O yurdlarımızın inkişafı üçün 30 ilə qədər böyük bir dövr itirilməyəcəkdi. Amma əfsus ki, tarix şərti sevmir. Zamanı geri qaytarmaq da mümkün deyil. Heydər Əliyev ölkə rəhbərliyində olmadığından, ona böhran proseslərini fəal şəkildə idarə etmək imkanları verilmədiyindən bütün bunlar başımıza gəldi.

 

Uzaqgörənlik

 

Ulu Öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyət rəhbərliyinə gəldikdə isə vəziyyət çox dəyişmişdi. Bir çox imkanlar əldən verilmişdi. Naşı idarəçilərin yanlışları üzündən Azərbaycan xaosa sürüklənmiş, vətəndaş müharibəsi təhlükəsinin bir addımlığına gəlib çatmış, bütün qonşularla münasibətlər pozulmuş, Ermənistan vəziyyətdən istifadə edərək torpaqlarımızı tutmuşdu. Hərbi güc balansı ilə yanaşı, informasiya müharibəsində də durum Ermənistanın xeyrinə idi. İş o yerə çatmış, erməni yalanları beynəlxalq dairələrdə o qədər təsir gücü qazanmışdı ki, ABŞ işğala məruz qalan tərəfə - Azərbaycana yardım imkanlarını məhdudlaşdıran 907-ci düzəlişi qəbul etmişdionu aradan qaldırmaq fikrində deyildi. Belə bir şəraitdə müharibəni davam etdirməyin heç bir perspektivi görünmürdü. Heydər Əliyev hər zaman olduğu kimi özünəməxsus müdrikliklə durumu obyektiv qiymətləndirdi. İlk addım kimi, atəşkəsin əldə edilməsinə nail oldu və əsas diqqəti, mövcud resursları ölkə daxilindəki problemlərin həllinə yönəltdi. Müharibədə lüzumsuz yerə gənc vətəndaşlarımızın həyatını itirməsinin qarşısını aldı. Azərbaycanda aparılan demokratik islahatlara, hüquqi dövlət quruculuğu proseslərinə, sosial-iqtisadi inkişaf tədbirlərinə və ordu quruculuğuna paralel olaraq beynəlxalq ictimai rəyi dəyişmək, ölkə reallıqlarını dünyaya olduğu kimi çatdırmaq, böyük dövlətlərin mövqeyində haqqa-ədalətə doğru dönüş yaratmaq uğrunda da mübarizə başlandı.

 

Strateji düşüncənin gücü

 

Strateji düşüncə qabiliyyətindən məhrum, müharibədəki müvəqqəti qələbədən, saxta tarixi yalanlarından beyinləri dumanlanmış Ermənistan rəhbərlərindən fərqli olaraq Ulu Öndər uzunmüddətli hədəflər müəyyənləşdirdi. Bütövlükdə regionun geosiyasi xəritəsini yenidən cızdı. Bura çox güclü iqtisadi amillər əlavə etdi. Cənubi Qafqazın “Böyük İpək yolunda çox mühüm strateji məntəqə olmaq imkanını, nəinki təkcə Azərbaycanın, həm də bütövlükdə Orta Asiyanın təbii sərvətlərinin daşınmasında nəqliyyat dəhlizi rolunu oynamaq şansını getdikcə reallığa çevirməyə başladı. Bu prosesə Gürcüstanın da qatılması, Ermənistanın isə təcavüzkar siyasətindən əl çəkməyərək özünü kənarda tutması ilə işğalçı qonşumuz tədricən blokada vəziyyətinə düşdü. Kommunikasiya imkanlarından məhrum edildi. Azərbaycanın təşəbbüskarı olduğu qlobal layihələrdən faydalanıb əhalinin rifahını düzəltmək imkanlarını itirdi. İqtisadi amil getdikcə həlledici rol oynamağa başladı. Beləliklə, regionda iqtisadi maraqların intensivliyini artırmaq və böyük dövlətləri kor-koranə ermənipərəstlikdən uzaqlaşdıraraq, iqtisadi maraqlar müstəvisinə dəvət etmək planı uğur qazandı. Bütün bunlar öz-özünə və qısa bir zamanda baş vermədi. Azərbaycanın son onilliklərdə əldə etdiyi nailiyyətlərin hər biri strateji baxımdan bir-birini tamamlayır. Onların hərəsinin tarixi Zəfərimizdə böyük payı var. “Əsrin müqaviləsi” də, “Böyük İpək yolunun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz kontraktları da, “Qafqazda təhlükəsizlik paktı” ideyası da böyük müdrikliklə düşünülmüşbu gün Azərbaycan Respublikası Prezidentinin əzmlə, qətiyyətlə yerinə yetirdiyi vahid strateji planın ayrı-ayrı parçalarıdır.

 

Sülh çağırışı

 

Başı işğal olunmuş yurdlarımızdakı tikililəri söküb satmağa, qurulanı dağıtmağa qarışmış Ermənistan rəhbərləri bu reallığı anlayanda artıq çox gec idi. Onlar tarixin ən qüdrətli Azərbaycanı ilə, güclü ordumuzla və dövlətimizin maraqlarından bir addım da geri çəkilməyən, xalqımızın bircə qarış torpağını da işğalçılara güzəştə getməyəcəyini hər zaman bəyan edən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə üz-üzə qalmışdılar. İşğalçı mövqeyi üzündən bütün inkişaf imkanlarını əldən verib rəzil hala düşən, əhalisi bir parça çörək dalınca başqa ölkələrə üz tutan Ermənistandan fərqli olaraq Azərbaycan atəşkəs dövründə misilsiz inkişaf yolu keçərək güclənmişdi. Eyni zamanda işğalçı qonşumuzu da bu mövqeyindən əl çəkməyə, gənclərini ölümə göndərməməyə, kini-nifrəti kənara qoyub əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırırdı. Necə deyərlər, Azərbaycan konkret şərtlərini göstərməklə tövbə qapısını hər zaman açıq saxlayırdı.

Çıxışlarının birində Ulu Öndər Heydər Əliyev deyirdi: “Tələblərimiz, istəyimiz ondan ibarətdir ki, bu təcavüzkar hərbi əməliyyatlar dayandırılsın və silahlı birləşmələr işğal edilmiş ərazilərdən çıxarılsın, həmin rayonların sakinlərinə isə öz daimi yaşayış yerlərinə qayıtmağa imkan verilsin. Hərçənd orada artıq çox şey dağıdılmış, talan edilmış, adamlar öz ev-eşiyindən, neçə-neçə nəslin zəhməti ilə yığılmış sərvətdən, var-dövlətdən məhrum olmuşlar. Bu, əslində, Azərbaycanın dinc əhalisinə qarşı vəhşilikdir, lakin buna baxmayaraq, bu gün biz heç də təvazökarlıq və barışmazlıq mövqeyində durmuruq. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan qonşu dövlətlərdir, sülh və barışıq şəraitində yaşamalıdırlar. Biz hesab edirik ki, ömrü boyu bir-biri ilə düşmənçilik, ədavət aparmaq, ömrü boyu müharibə etmək olmaz. Bu yaxın vaxtlaradək mövcud olmuş əlaqələri bərpa etmək lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyü bərpa edilmək şərtilə”.

Münaqişənin insan itkilərinə yol vermədən sülh yolu ilə həlli Ulu Öndərin istəyi idi. Bununla belə müdrik dövlət adamı onun da fərqində idi ki, bu cür münaqişələr ətrafında vəziyyəti dəyişmək üçün bəzən güc tətbiqi qaçılmaz olur. Ona görə də ordu quruculuğuna xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu kursa hər zaman sadiq qaldı. Sülh danışıqlarını hətta ən ümidsiz vəziyyətlərdə də davam etdirdi. Münaqişənin dinc yolla həlli üçün bütün imkanları nəzərdən keçirdi, qarşı tərəfə təkliflərini verdi. Hətta 44 günlük Vətən müharibəsinin ən gərgin günlərində, Ordumuzun torpaqlarımızı bir-bir azad edib işğalçılardan təmizlədiyi vaxtlarda da yenə sülh variantını aktuallığında saxladı. Bir neçə dəfə Ermənistan rəhbərliyinə hərbi əməliyyatları dayandırmağı, mənasız yerə insan ölümlərinə bais olmamağı, işğal altındakı torpaqlarımızdan çıxmaq üçün konkret qrafik verməyi bir neçə dəfə təklif etdi. İşğalçı ölkənin rəhbərliyi isə yalnız ordusu tamamilə darmadağın edildikdən, minlərlə gənc həlak olduqdan, Ordumuzun gücü qarşısında duruş gətirməyin mümkünsüzlüyünü anladıqdan sonra kapitulyasiya aktına imza atmağa məcbur oldu, Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz boşaltmağa razılaşdı.

 

İnamın təntənəsi

 

Ulu Öndər Heydər Əliyev Cənubi Qafqaz regionunu hər zaman sülhinkişaf məkanı, qarşılıqlı əməkdaşlıq müstəvisi kimi görmək istəyirdi. Bunun üçün mümkün tədbirləri həyata keçirirdi. Digər qonşuları da buna çağırırdı.

Bu gün Azərbaycan Vətən müharibəsindəki tarixi qələbəsi ilə regionda yeni reallıqlar yaradıb. Geniş kommunikasiya imkanları, hər kəsin faydasına olan əməkdaşlıq şəraiti, Zəngəzur dəhlizi vasitəsilə dünyaya açılan qapılar bu reallıqların mühüm məqamlarıdır. Azərbaycan sülh, əməkdaşlıq prinsiplərinə sadiqlik göstərir. Bütün bunlar regionda özünü gələcəkdə əsl müstəqil dövlət kimi görmək istəyən, öz taleyinə qərar vermək barədə düşünməli olan istənilən ölkə üçün çox mühüm çağırışlardır. Azərbaycanın bu çağırışları Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq həyata keçirdiyi dövlət quruculuğu təcrübəsinə əsaslanır. Ümummilli Liderin beynəlxalq siyasət müstəvisində atdığı bütün addımlar təkcə münaqişənin ədalətli həllinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına deyil, ümumiyyətlə, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, onun dönməzliyinin bütün dövrlər üçün təmin olunmasına yönəldilmişdir.

Bir dövlətin müstəqilliyi təbii ki, siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından daha geniş məfhumdur. Azərbaycan qısa bir zamanda siyasi müstəqilliyini təmin etmişbunu iqtisadi müstəqilliyi ilə daha da möhkəmləndirmişdir. Bütün kənar təzyiq və təhdidlərə rəğmən ölkəmiz öz yoluna davam edir, müstəqil inkişaf tarixinin yeni mərhələlərini yaradır.

Azərbaycanın müstəqilliyinin daimiliyi, əbədiliyi, dönməzliyi... Bu, Ümummilli Liderin ülvi amalı idi. Ulu Öndərin gələcəyə ümidi xalqımızı bu amal ətrafında səfərbər edirdi. Bu böyük dövlət xadimi bir çox çıxışlarında, Qarabağın, Şərqi Zəngəzurun müxtəlif rayonlarından olan məcburi köçkünlərlə görüşlərində torpaqlarımızın gec-tez azad olunacağını, insanlarımızın doğma yurdlarına qayıdacaqlarını inamla söyləyirdi. İndi Ulu Öndərin o tarixi görüşlərin videolentlərindən ucalan qətiyyətli səsi bu inamın, bu əminliyin təntənəsi kimi eşidilir.

Azərbaycan  azad yurdlarımızda geniş quruculuq-bərpa proseslərinə başlayıb. Bu prosesdə Ulu Öndərin adını daşıyan, böyük dövlət adamının mənəvi irsini yaşadan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond işğaldan azad olan yurdlarımızdakı tarixi abidələrimizi həyata qaytarır. Erməni vandallarının dağıtdıqları mədəniyyət incilərimizi yenidən bəşəriyyətə bəxş edir. Heydər Əliyev ideyaları yaşayır və xalqımıza gələcəyə doğru aydın yol göstərir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.7.