Qarabağı azadlığa qovuşduran yolun müəllifi
Böyük Zəfər Heydər Əliyev
ideyalarının məntiqi nəticəsidir
Ordun varsa, yurdun var. Yurdun
varsa, gücün var. Tarixinin ən
qüdrətli dövrünü yaşayan Azərbaycan bu
gün dünyanın ən güclü ordularından birinə
sahibdir.
Vaxtilə “milli ordumuz”
deyiminin yalnız ifadəsi ilə qürrələnirdiksə,
indi Qarabağı düşmən tapdağından azad edən
Silahlı Qüvvələrimizlə qürur duyuruq. Azərbaycan
Ordusunun müasirləşməsi, maddi-texniki təminatının
yüksək səviyyədə olması, döyüş əhvali-ruhiyyəsinin
daim artması və nəticə etibarilə, Azərbaycan əsgərinin
Cənubi Qafqazın ən sivil, modern və
hazırlıqlı hərbçisinə çevrilməsinin
iftixarını yaşayırıq. Çünki
bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin
qüdrətinin nümunəsi, xalqımızın iftixar
yeridir.
Müasir Azərbaycan
Ordusunun formalaşdırılması
Regionun ən qüdrətli
Silahlı Qüvvələrinə çevrilmiş Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsindəki
şanlı Zəfərindən bir il
ötsə belə hələ də böyük qələbənin
sevincini paylaşmaqdayıq. Ötən il
dekabrın 10-da Azadlıq meydanında keçirilən hərbi
parad isə bir daha Azərbaycan Ordusunun qüdrətini
dünyaya nümayiş etdirdi.
Qarabağı xilas edən
Azərbaycan əsgəri paytaxtın baş meydanında
qürurla, fəxarətlə addımladı. Bu
yürüş müstəqillik dövrünün ilk Zəfər
paradı idi. Dünya qalib ordunun nəyə
qadir olduğuna və hansı müasir hərbi texnikalara yiyələndiyinə
şahidlik etdi, məğlub, vandal Ermənistanın rəzilliyini
gördü.
Bu gün Azərbaycan Cənubi
Qafqazın hərbi-siyasi gücü kimi qəbul edilməkdədir. Bütün bu nailiyyətlər,
uğurlar cəmi 30 il ərzində
reallaşıb. Amma bu yol, bu tarix heç də
asan olmayıb. Hətta bu illərdə Azərbaycan
müstəqilliyini itirmək təhlükəsi ilə belə
üzləşib. Tanrının bu
dövlət, bu xalq üçün yetirdiyi xilaskar lider - Ulu
Öndər Heydər Əliyev sayəsində Azərbaycan
böyük bəlalardan, məşəqqətlərdən
qurtulub.
Ümumiyyətlə, hər
bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas
atributlarından biri onun silahlı qüvvələridir. Azərbaycan
Ordusunun keşməkeşli və şərəfli inkişaf
yolu hərb tariximizin möhtəşəm salnaməsidir.
Sevindirici haldır ki, zamanın
sınağından alnıaçıq, üzüağ
çıxan Silahlı Qüvvələrimiz istənilən
hücumdan qorumağa qadir bir qüvvə kimi
günümüzün danılmaz reallığına
çevrilib. Bu uğuru Ümummilli Lider
Heydər Əliyevin rəhbərliyi altında hazırlanan
ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək
olar.
Dahi şəxsiyyətin 1993-cü
ildə xalqın təkidli tələbi ilə Azərbaycanda
ikinci dəfə
hakimiyyətə qayıdışından sonra onun
müstəqil dövlət quruculuğu istiqamətində
tarixi xidmətlərindən biri də Azərbaycan Silahlı
Qüvvələrini ağır böhranlı vəziyyətdən
çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması
oldu. Ulu Öndər zəngin dövlətçilik təcrübəsi,
qətiyyətli və ardıcıl siyasəti ilə
çox mürəkkəb şəraitdə ordu
quruculuğuna yeni məzmun verdi və
ölkədə müasir ordu
formalaşdırılmasının əsasını qoydu.
Heydər Əliyev görkəmli
dövlət xadimi, böyük siyasətçi, həm də
peşəkar hərbçi idi. Elə buna görə
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra əsası
qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi
yüksək peşəkarlıqla həyata keçirilməsi
idi.
Milli ordu quruculuğu sahəsində
Heydər Əliyev irsinin əvəzsiz qiyməti ondadır ki,
bu dəyər başlanğıcını hələ sovetlər
dövründən götürdü. Müstəqil
olmadığı zaman Azərbaycanın qəhrəmanlıq
ənənələrinin davam etdirilməsi, zəngin hərb
tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq
ənənələri əsasında tərbiyə edilməsi,
görkəmli hərb xadimlərinin şərəfli yolunun
davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində
olmuşdu.
Ulu Öndər elə bir
zamanda hakimiyyətə gəlmişdi ki, torpaqlarımız
demək olar ki, ard-arda işğal edilirdi. Milli Orduda
vahid komandanlığın olmaması, hərc-mərclik bu
ağır nəticələrə səbəb olmuşdu.
Amma dahi şəxsiyyət qısa zamanda vahid
komandanlığa tabe olan nizami ordu formalaşdırdı və
1994-cü ildə tarixə “Horadiz döyüşləri” kimi
düşən savaşda düşmənə çox
ağır zərbələr endirildi. 1994-cü il
mayın 12-də atəşkəs haqda müqavilə
imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da
sürətləndi, həyata keçirilən siyasət nəticəsində
Silahlı Qüvvələrin maddi-texniki təminatının
yaxşılaşdırılmasına, şəxsi heyətin
mənəvi-psixoloji hazırlığının
artırılmasına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırıldı.
Ordu quruculuğu ilə
bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa
müddətdə hərbi hissələrin, ayrı-ayrı
qoşun növlərinin formalaşdırılması tam
başa çatdırıldı. Dövlətçiliyi
və hərbi andı hər şeydən uca tutan, hərbçi
olmağı şərəf bilən zabitlər hərbi hissələrin
rəhbərliyinə cəlb olundular. Ordunun
mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşdırıldı,
maliyyə-təsərrüfat fəaliyyəti nizama
salındı, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı və döyüş ruhu yüksəldildi.
Silahlı Qüvvələrin mükəmməl
qanunvericilik bazası yaradıldı.
Tarixi varislik ənənəsinə
uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla
AXC dövründə ilk əlahiddə Azərbaycan korpusunun
yaradıldığı gün - iyunun 26-sı Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan edildi. 1999-cu il fevralın 20-də
Silahlı Qüvvələrin Hərbi Akademiyasının
yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət
göstərən hərbi məktəblərin statusunun
artırılması və nəhayət, 17 avqust 2002-ci ildə
Silahlı Qüvvələrə Yardım Fondunun
yaradılması haqqında imzaladığı fərmanlar bu
istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki,
hazırda Azərbaycanda güclü maddi-tədris bazasına,
müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət
göstərən, uğurları ölkəmizin sərhədlərindən
də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur.
Cənubi
Qafqazın hərbi-siyasi gücü
2020-ci ildə Azərbaycanın
qüdrətli Ordusunun 30 ildən sonra Qarabağı
düşmən tapdağından azad etməsi məhz Heydər
Əliyevin ordu quruculuğunun təntənəsidir desək,
yanılmarıq.
Ali Baş Komandan İlham Əliyev
böyük Zəfəri dəyərləndirərkən dedi
ki, bu savaşı müstəqillik dövründə
böyüyən vətənpərvər gənclər
qazanıb. O gənclər ki, məhz Ulu Öndərin
yaratdığ hərbi məktəblərdə təhsil
alıb yüksək hazırlıqlı zabit kimi yetişdilər.
Vətən müharibəsində ən
müasir, modern hazırlıqlı hərbçi kimi nəyə
qadir olduğunu düşmənə göstərən Azərbaycan
igidləri istənilən döyüş
tapşırığını yerinə yetirməyə qadir
olduqlarını dünyaya nümayiş etdirdilər.
2020-ci il Azərbaycanın
tarixinə şanlı Zəfər ili kimi yazıldı. Bu il Zəfərimizin birinci
ildönümünü qeyd etdik. Bu sevincimiz,
qürurumuz keçilən yolun, Heydər Əliyev siyasətinin
təntənəsidir desək, yanılmarıq. Müasir Azərbaycanın qurucusu Heydər
Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini
tapan “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm” fikirləri
reallıqda özünü təsdiqlədi.
Əgər Heydər
Əliyev Azərbaycanı uçurumdan qurtarıb yeni
inkişaf yoluna çıxartdısa, İlham Əliyev Azərbaycanı
daha da inkişaf etdirən lider oldu və bu ölkəni
tarixinin ən qüdrətli dövlətinə çevirdi.
Ulu Öndər Heydər
Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin
son 18 ildə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirməsinin nəticələri göz
önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi
gücünün artırılması, xalq-iqtidar birliyinin
möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin
böyüklüyü fonunda 44 günlük İkinci
Qarabağ savaşında qalib olduq. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində
Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu,
ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur
xalq olduğunu dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycana
hansı istiqamətdən baxsaq inkişaf, tərəqqi ilə
qarşılaşarıq. Ölkəmizdə
ordu quruculuğu sahəsində atılan addımların
uğurlu nəticələri də göz önündədir.
44 günlük İkinci Qarabağ müharibəsində
tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü
orduları sırasında olduğunu bir daha təsdiqlədi.
Qədim qalamız Şuşa
işğaldan azad edilən gün isə İlham Əliyev
ata vəsiyyətini yerinə yetirən insan kimi
özünü çox xoşbəxt saydı: “Mən bu
gün Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!
Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycanı Cənubi
Qafqazın liderinə, dünyada söz sahibinə çevirən
İlham Əliyev bu gün Qarabağda apardığı
böyük tikinti-quruculuq işlərinə görə həm
xalq, həm də beynəlxalq birlik tərəfindən təqdir
edilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzurda
həyat qaynayacaq və məcburi köçkünlərimiz
doğma yurdlarına qayıdaraq xoşbəxt həyat sürəcəklər.
Bununla da İlham Əliyev ölkəmizi Heydər
Əliyevin görmək istədiyi, dünyaya günəştək
doğan, qüdrətli Azərbaycana çevirəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan. - 2021.-
12 dekabr.- S.7.