Zaman keçdikcə Heydər Əliyev şəxsiyyəti
daha əzəmətli görünür
Möhkəm iradə,
düzgün strategiya
və taktika, kütləni öz ardınca aparmaq bacarığı, ölkədə,
habelə dünyada baş verən hadisələri düzgün
qiymətləndirmək, doğru
nəticə çıxarmaq
və digər keyfiyyətlər dahi insanların fitri istedadının göstəriciləridir.
Uzun bir həyat yolunu geridə qoymuş insan, bir jurnalist kimi dünyada baş verən siyasi proseslərin, dəyişikliklərin şahidi olmuşam. Bəzən bu gün də öz-özümə sual verirəm: “1980-ci illərdə Heydər Əliyev respublikada hakimiyyətdə olsaydı, görəsən xalqımızın başına bu müsibətlər gələrdimi?! Erməni daşnakları ürək edib üstümüzə hücum çəkə, torpaqlarımızı işğal edə bilərdilərmi?!”
Sonra da sualımın cavabını özüm verirəm: “Heç vaxt!” Elə buna görə də xəmiri hiylə və məkrlə yoğrulmuş ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün SSRİ dövlətinin başında duran M.Qorbaçovdan istifadə edərək xalqımızın bu böyük oğlunun Sov.İKP Siyasi Bürosu üzvlüyündən, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən ötrü dəridən-qabıqdan çıxdılar. Onlar yaxşı bilirdilər ki, bu böyük insanı tutduğu vəzifədən kənarlaşdırmadan istədiklərinə nail ola bilməyəcəklər.
Moskvada, Parisdə, Nyu Yorkda və digər ölkələrdə yaşayan erməni lobbiçiləri bu işdə öz imkanları vasitəsilə M.Qorbaçovla bərabər, onun həyat yoldaşı R.Qorbaçovanı da tora salmışdılar. Ölkədə hakimiyyət strukturu get-gedə zəifləyirdi. Ayrı-ayrı respublikalarda milli zəmində toqquşmalar, münaqişə ocaqları yaranır, alovlanırdı. M.Qorbaçovun “yenidənqurma” adlandırdığı plan çox çəkmədi ki, yenidənqırmaya döndü. Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan az sonra ermənilər öz məkrli, çirkin siyasətlərini genişləndirməyə başladılar.
Xalqımızın da ağır günləri elə o vaxtdan başladı. 20 Yanvar hadisəsi baş verdi. Can verməyə, tarix səhnəsindən getməyə məhkum olan SSRİ-nin silahlı qüvvələri axşam saatlarında Bakıya soxularaq dinc, əliyalın nümayişə çıxmış əhalini gülləbaran etdi. O zaman respublikamızın daxilində də özbaşınalıq, xaos, hakimiyyətsizlik hökm sürürdü. Böyük-kiçik, hörmət-izzət aradan götürülmüşdü. Bəzi deputatlar parlamentin iclaslarında söyüşlər, hədyanlar səsləndirirdilər. Hər kəs közü öz qabağına çəkmək, yaranmış vəziyyətdən yararlanmaq istəyirdi. Xalq bir neçə cəbhəyə bölünmüşdü. Bütün bunlardan hiyləgərcəsinə istifadə edən xain düşmən isə torpaqlarımızı işğal edir, soydaşlarımızı dədə-baba torpaqlarından qovurdu.
O zaman dünyanın gedişatından az-çox başı çıxan adamlar Azərbaycanda yaranmış bu vəziyyətdən çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Bəs niyə Heydər Əliyevin? Çünki Heydər Əliyev sınaqdan çıxmış, öz xalqının etimadını, etibarını qazanmış bir insan idi. Hörmət, etibar isə elə-belə yaranmır. Bunun üçün xalqa, millətə, dövlətə sədaqətlə, məhəbbətlə xidmət etmək tələb olunur. Heydər Əliyevin respublikamızın inkişafı ilə əlaqədar gördüyü işlər indiki yaşlı və o zamankı orta nəsil nümayəndələri kimi, mənim də gözlərimin qabağında baş vermişdi.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib doğulduğum, boya-başa çatdığım Salyan rayonuna qayıtdım. Bir il ixtisasım üzrə işlədikdən sonra rayon partiya komitəsində işə dəvət etdilər. Bir il də burada çalışdım. Raykomun birinci katibi mərhum Nadir Abbasovun təşəbbüsü ilə oxumağa - Bakı Ali Partiya Məktəbinə göndərildim. Yeri gəlmişkən deyim ki, N.Abbasov çox təşkilatçı, prinsipial, gənc kadrlara qayğıkeşlik göstərən, həm də təmiz bir adam idi. Mən təhsili başa vurub qayıdanda o, Ağcabədi rayonunda işləyirdi.
Partiya işində çalışdığım illərdə Ulu Öndərin Salyan rayonuna etdiyi səfərlərin birbaşa iştirakçısı olmuşam. Onu da deyim ki, o, istər Azərbaycan KP MK-nın birinci katibi işləyəndə, istərsə də müstəqillik dövründə hakimiyyətə qayıtdıqdan sonra Prezident kimi ilk səfərlərini Salyana edərək rayonun sosial-iqtisadi inkişafı üçün mühüm qərarlar qəbul etmişdir. Bu gün Salyandakı bir çox obyektlər, müəssisələr onun yadigarlarıdır. Həmin hesaba rayonda kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf etmişdir. Pambıqçılıqda, taxılçılıqda, kənd təsərrüfatının digər sahələrində qazanılan nailiyyətlərə görə hər il neçə-neçə qabaqcıl işçi ən yüksək adlara layiq görülər, orden və medallarla təltif olunardı.
Ümumiyyətlə, Ulu Öndər rayonlara səfərləri zamanı ayrı-ayrı təsərrüfatlarda olar, kənd adamları ilə görüşüb söhbətlər aparar, onların şəxsi həyatı, problemləri ilə maraqlanıb kömək göstərərdi. Belə səfərlər adətən zona müşavirələri ilə yekunlaşardı. Rayon, nazirlik və komitələrin rəhbərləri məlumat verdikdən sonra Heydər Əliyev öz təkliflərini, tənqidi qeydlərini söyləyərdi. O müşavirələrin hər biri məktəb idi.
Həmin illər məhz Heydər Əliyevin gərgin əməyi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikamız təkcə istehsalatda deyil, ədəbiyyat, incəsənət sahəsində də görünməmiş uğurlar əldə edirdi. Şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, hətta müğənnilərimiz fəxri adlara və mükafatlara layiq görülürdü. Bir sözlə, bu uğurları sadalamaqla qurtarmaq olmaz. Bax, bütün bunlara görə idi ki, Azərbaycan xalqı keçən əsrin 90-cı illərində düşdüyü bəladan xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görür, bunu təkidlə tələb edirdi.
1992-ci ilin
aprel ayı idi. O vaxt Salyan rayon
Mədəniyyət şöbəsinin
müdiri işləyən
(hazırda Dövlət
Musiqili Komediya Teatrının direktorudur)
Əliqismət Lalayevin
otağında televizorda
Milli Məclisdən gedən birbaşa yayıma baxırdıq. İclas daha çox şou təsiri bağışlayırdı. Ədəb-ərkan, etika gözləmədən
deputatlar bir-birini açıq təhqir edirdilər. Hər ikimiz
Heydər Əliyev hakimiyyətə gəlməsə,
vəziyyətin daha da pisləşəcəyi,
ölkənin dağılmaq
təhlükəsi qarşısında
olduğu qənaətində
idik. Və “O rəhbərə səs verirəm” adlı şeirimi məktubla ovaxtkı Naxçıvan Ali Sovetinə
göndərməyi qərara
aldıq. Məktubun
giriş hissəsində
isə bunları yazdıq: “Düçar olduğumuz ağır vəziyyətdən qurtulmağımıza,
Qarabağı erməni
daşnaklarının caynağından
xilas etməyə, respublikamızda əmin-amanlıq
yaratmağa qadir olan, xalq arasında
böyük hörmət
və nüfuz sahibi Heydər Əlirza oğlu Əliyevi yenidən Azərbaycanın birinci şəxsi, rəhbəri
görmək arzusu ilə”.
“Haqq incələr, ancaq üzülməz” deyib ulularımız. Bir də tarixdəki
olaylara nəzər yetirəndə görürük
ki, böyük Yaradan bizi çətinliklərlə
sınağa çəksə
də, ağır gündə yenə köməyimizə yetib.
1993-cü il iyunun 15-də Ulu Öndər yenidən Bakıya qayıtdı. Naxçıvanda olarkən
Cümhuriyyət bayrağımızın
Dövlət Bayrağı
kimi qəbul edilməsinə nail olmuşdu,
dövlət müstəqilliyinin
bir sıra şərtlərini irəli
sürmüş və
müdafiə etmişdir.
Məhz Heydər Əliyevin sayəsində Naxçıvan
erməni təcavüzündən
qorunmuşdur.
Bu gün
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı
daha böyük nailiyyətlərlə irəli
aparır. Xalqımız, Ordumuz Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
altında misli görünməmiş Zəfər
qazanaraq Qarabağı
və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etmişdir. Ölkəmiz bundan sonra daha sürətlə inkişaf edəcək, çiçəklənəcək. Bütün bunlar Ulu Öndər
Heydər Əliyev siyasətinin təntənəsi,
məntiqi nəticəsidir.
Seyran CAVADOV
Azərbaycan.- 2021.- 12 dekabr.- S.8.