Ulu Öndər ölkənin qaçqın-köçkün probleminin həllini bir nömrəli məsələ hesab edirdi

 

Xilaskarlıq missiyasını yerinə yetirən, xalqının və dövlətinin mənafeyini öz fəaliyyətində daim əsas kimi qəbul edən Ümummilli Lider Heydər Əliyev  tarixə bugünkü müstəqil Azərbaycanın memarı və qurucusu kimi yazılıb. Bu fikirdə olan yalnız xalqımız deyil, dünyanın nüfuzlu dövlət və siyasi xadimləri də var.

Hələ müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimindəki tarixi çıxışında Heydər Əliyev demişdir: “...İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib, Azərbaycan xalqının istədiyinə nail olacağam”.

Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev hər zaman vətənini, onun xoşbəxt gələcəyini düşünüb. Böyük ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Ulu Öndər dövlət başçısı kimi Azərbaycanın ən çətin, ağır sınaqlarla dolu  anlarında onu xilas etmək üçün misilsiz xidmətlər göstərib, ölkəsini böyük bəlalardan qurtarmağı bacarıb.

Ümummilli Lider  ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə çox ciddi diqqət və qayğı göstərməyə başladı. Belə kateqoriyaya aid ölkə vətəndaşlarına xüsusi məhəbbətlə yanaşdı. “...İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdirdeyirdi.

O zamanlar ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Həmin vaxt Heydər Əliyevin imzaladığı müvafiq fərmanlara əsasən, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün çadır şəhərciklərinin ləğvinə başlanıldı.

Ermənistanın Azərbaycan torpaqlarının ışğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların ilk illərdə üzləşdiyi sosial problemlərin çoxluğu və onların həlli istiqamətində lazımi addımların atılmaması vəziyyəti daha da ağırlaşdırmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu. Eləcə də onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. İlk növbədə isə, bu insanların haqq  səsi dünya ictimaiyyətinə çatdırıldı.

1993-2003-cü illər ərzində Ulu Öndərin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90, yemək üçün müavinət 60, kommunal xidmət xərcləri isə 120 dəfə artırıldı. Xalqının xilaskarı olan dahi şəxsiyyət qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, problemlərini yerindəcə dinləyir, onların həlli istiqamətində müvafiq göstərişlər verirdi. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində AğdamFüzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2001-ci il 7 sentyabr və “Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2002-ci il 13 may tarixli fərmanlarına uyğun olaraq, Biləsuvar, FüzuliAğdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

İşğalın ilk dövrlərində  - yüz minlərlə məcburi köçkünün ağır vəziyyətdə qaldığı bir zamanda Heydər Əliyevin dünya ictimaiyyətinə, xüsusilə islam dünyasına müraciətləri güclü siyasi effekt yaratmışdı. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 22 avqust, 2001-ci il 7 sentyabr və 2002-ci il 13 may tarixli fərmanlarına əsasən, Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına ümumi sahəsi 392 min kvadratmetr olan 6410 fərdi yaşayış evi ilə yanaşı, 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq bağçası, 75 çarpayılıq xəstəxana, 195 kilometr uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 kilometr uzunluğunda xaricidaxili içməli su xətləri, 350 kilometr elektrik hava xətləri, 133 kilometr irriqasiya su kəməri, 10 klub-icma mərkəzi, 11 rabitə evi və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verildi. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasının tətbiq edilməsi barədə” qərarına əsasən, məcburi köçkünlərin istifadə etdikləri kommunal və digər xidmət haqları mərkəzləşmiş qaydada birbaşa müvafiq xidmət təşkilatları tərəfindən vaxtlı-vaxtında ödənilməyə başlandı.

Yalnız  onu deyək ki, bütünlüklə mənalı həyatını və fəaliyyətini Vətəninə, xalqına həsr edən Ulu Öndərin ən ümdə arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. Ona görə də bunun üçün var qüvvəsi ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu məsələyə toxunaraq onu ölkənin bir nömrəli problemi adlandırmışdı. Bu süni yaradılmış münaqişənin əsl mahiyyəti məhz  ilk dəfə Ulu Öndərin diplomatiyası sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Onun siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar qəbul edildi. ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dincsiyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq olundu. 1999-cu ildə ölkə Prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk  dəfə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  yaradıldı.

Prezident İlham Əliyev də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş  siyasəti uğurla davam etdirəcəyinə  yalnız söz vermədi, həm də  əməli fəaliyyətində bunu təsdiqlədi, məcburi köçkün kontingentinə xüsusi qayğını davam etdirdi.

İlk növbədə çadır düşərgələrinin ləğvi, qaçqın və məcburi köçkünlər üçün  100-dən artıq yeni qəsəbələrin salınması, onların yaşayış şəraitinin yaxşılaşdırılması dövlət başçısının həmişə xüsusi diqqət mərkəzində olub.

Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin tövsiyələrini yerinə yetirərək Qarabağımızı, eləcə də onun ətrafındakı işğal altnda qalan ərazilərimizi azad etdi: siyasi iradəsi ilə, xalq-hakimiyyət-ordu birliyinin yaratdığı “Dəmir yumruqla düşmənin başını əzdi. Bununla da Ermənistanla Azərbaycan arasında 30 ilədək mövcud olan münaqişəni həll etdi. Vaxtilə ölkənin bir nömrəli problemi kimi həllini gözləyən məsələ tarixin arxivinə gömüldü. Qarabağda və ətraf rayonlarda başlayan dinc quruculuq və bərpa işləri geniş vüsət almaqdadır ki, bu da Ümummilli Lider Heydər Əliyevin siyasi və həyat məktəbi keçən Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin xalqına və dövlətinə sədaqət andının hər bəndinin layiqincə yerinə yetirilməsi deməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.9.